Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razılaşdırılmış Tədbirlər Planına uyğun olaraq, muxtar respublikamızın 90 illiyi münasibətilə tədbirlər davam etdirilir. Artıq yubiley çərçivəsində bir sıra işlər görülmüş, humanitar aksiyalar təşkil olunmuşdur. Bu tədbirlərdən biri də aprelin 25-də muxtar respublika Səhiyyə Nazirliyində keçirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səyyar kollegiya iclasıdır.
Qeyd edək ki, səhiyyə xidmətlərinin genişləndirilməsi və onun keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının daha da yaxşılaşdırılması, tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi, yeni səhiyyə müəssisələrinin inşası işləri müntəzəm olaraq həyata keçirilir. Ölkəmizin paytaxtı Bakı şəhərində fəaliyyət göstərən kardiocərrahiyyə, uroloji, plastik, göz, angioqrafiya və digər ixtisaslar üzrə həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması davam etdirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yüksəkixtisaslı həkim briqadalarının, hər il olduğu kimi, “Muxtariyyət ili”ndə də muxtar respublikamıza gəlməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicə işinin daha da yaxşılaşmasına və həmin xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatlarının təşkilinə şərait yaradır. Bu il nazirliyin Mərkəzi Neftçilər Xəstəxanası Kardiocərrahiyyə Mərkəzinin həkim briqadası artıq iki dəfə Naxçıvana gəlmiş, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 26 açıq ürək, periferik damar əməliyyatları aparmışlar.
Mərkəzi Neftçilər Xəstəxanasının invaziv kardioloqları da Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində xəstələr üzərində angioqrafiya əməliyyatı aparmış, stent qoymuşlar. Bütövlükdə, son illər ərzində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yüzlərlə xəstə üzərində angioqrafiya əməliyyatı aparılmış, daralmış ürək damarları balonla genişləndirilmiş, stentlər, kardiostimulyatorlar qoyulmuş, müxtəlif anadangəlmə və qazanılmış ürək qüsurları aradan qaldırılmışdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 7 nəfərlik həkim briqadası tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 15, Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında isə 24 göz əməliyyatı, 58 müayinə aparılmışdır.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi çərçivəsində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımovun rəhbərlik etdiyi 13 nəfərlik heyət də ötən ay muxtar respublikamıza ezam olunmuş, həkimlər ilk gündən ixtisaslarına uyğun müvafiq xəstəxanalarda fəaliyyət göstərmişlər. Bu səfərdə əsas məqsəd yerli həkimləri tibb elminin aktual problemləri barədə məlumatlandırmaq, onların yeni müayinə və müalicə üsulları barədə biliklərini təkmilləşdirməkdən ibarət olmuşdur. Heyətdə təmsil olunan yüksəkixtisaslı həkimlər Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində cərrahiyyə, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında pediatriya, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında terapiya, Doğum Mərkəzində ginekologiya, Psixi Xəstəliklər Dispanserində nevrologiya və psixiatriya, Kardioloji Mərkəzdə isə kardiologiyanın aktual problemlərinə dair mühazirələr oxumuş, dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.
Həkim briqadasına daxil olan bir qrup mütəxəssisin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində mürəkkəb cərrahiyyə əməliyyatı da həyata keçirilmişdir.
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərlik etdiyi yüksəkixtisaslı həkim heyəti isə aprel ayının 23-dən Ordubad rayonunda növbəti humanitar aksiya keçirmişdir. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan üçgünlük aksiya çərçivəsində 2361 pasiyent profilaktik tibbi müayinə ilə əhatə edilmiş, cərrahi müdaxiləyə ehtiyacı olan 64 nəfər üzərində əməliyyat aparılmışdır.
Bu tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin nəzdindəki Uşaq Ürək Cərrahiyyə Mərkəzinin 14 nəfərdən ibarət heyəti bu günlərdə Naxçıvana gəlmişdir. Tibb üzrə fəlsəfə doktoru Elnur Həsənovun rəhbərlik etdiyi heyətin tərkibində 3 cərrah, 2 uşaq kardioloqu, 2 anestezioloq-reanimatoloq, 1 perfüzioloq-həkim, 6 tibb bacısı vardır. Mərkəzin invaziv kardioloqu Elnur İmanov isə ehtiyac olduqca qeyri-iş günlərində Naxçıvana gələrək əvvəlcədən qeydiyyata alınmış əməliyyata ehtiyacı olan uşaqların müayinə və müalicəsində iştirak etmişdir. Ötən həftə yenidən Naxçıvana gələn E.İmanov həftə ərzində 40 nəfər anadangəlmə ürək qüsurlu uşağın müayinəsini aparmış, 4 uşaqda qapalı, 14 uşaqda açıq ürək əməliyyatının aparılması qərara alınmışdır. Artıq 3 xəstə üzərində açıq ürək əməliyyatları uğurla başa çatdırılmışdır. Əməliyyat üçün seçilmiş digər 10 xəstə həftə sonuna kimi əməliyyat olunacaqdır.
Həftə ərzində 4 nəfər anadangəlmə ürək qüsurlu xəstə üzərində pulmonar ballono plastika, botal axacağın bağlanması əməliyyatı aparılacaqdır.
Qeyd edilməlidir ki, Uşaq Ürək Cərrahiyyə Mərkəzi ilə qarşılıqlı əlaqələr Naxçıvanda uşaq invaziv kardiologiyasının inkişafında əhəmiyyətli rol oynayır. Naxçıvanda uşaqlar üzərində açıq ürək əməliyyatlarının təşkili isə qarşılıqlı əməkdaşlığın ən böyük uğurlarından biridir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvanda elmi-praktik konfrans və seminarların keçirilməsi də artıq ənənə halını almışdır. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar mayın 28-də Bakı şəhərində fəaliyyət göstərən “İmplandent” klinikası heyətinin iştirakı ilə “Stomatologiyanın aktual problemləri”, 2-6 iyun tarixlərində isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Endokrinoloji Mərkəzin iştirakı ilə “Diabetik neyropatiya və diabetik nefropatiya” mövzularında elmi-praktik konfransların keçirilməsi, muxtar respublikanın rayonlarında endokrinoloji xəstələrin müayinəsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti