Son illər muxtar respublika səhiyyəsində yüksəkixtisaslı mütəxəssislərin sayının artması Azərbaycan səhiyyəsinin tərkib hissəsi kimi Naxçıvan səhiyyəsinin də dünya səhiyyə sisteminə inteqrasiya olunmasına şərait yaratmışdır. Səhiyyənin müasir problemlərinin həllində mühüm rol oynayan belə mütəxəssislərin müalicə üsulları müasir tibb elminin regional inkişafına müsbət təsirini göstərir.
Belə həkimlərdən biri – Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin cərrahı, Azərbaycan Respublikasının əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru Cəbi İsmayılovun artıq iki dəfə beynəlxalq konfrans və konqreslərdə iştirakı, həmin tədbirlərin yekun materiallarında “Naxçıvan Muxtar Respublikasında hepatitlərin dinamikası”, “Narkozun verilməsi metodikasında yeniliklər” adlı elmi məqalələrinin dərci Naxçıvan səhiyyəsi üçün əlamətdardır. Yüksəkixtisaslı mütəxəssis bu günlərdə daha bir mötəbər məclisdə – dünya cərrahlarının 19-cu beynəlxalq konqresində iştirak etmişdir.
Türkiyə Respublikasının Antalya şəhərində keçirilən konqresə dünyanın 50 ölkəsindən 3 minə yaxın nümayəndə dəvət olunmuşdur. Azərbaycan nümayəndə heyəti arasında muxtar respublikamızın yeganə təmsilçisi olan C.İsmayılov konqresdə “Ekstrahepatik öd yollarının yatrogen zədələnmələri” mövzusunda məruzə etmişdir. Bu məruzə dünyanın məşhur cərrahları olan italiyalı Franko Bozetti, ABŞ-ın Hopkins Universitetinin professoru Luis Kameron, finlandiyalı mütəxəssis Ermando Baggi və başqalarının elmi məqalələri ilə birgə kitabda öz əksini tapmışdır.
C.İsmayılov konqresin dərnəklərində də iştirak etmiş, dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti