22 Dekabr 2024, Bazar

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə görülən işlərin, aparılan islahatların məntiqi davamı kimi hazırda uşaqlar məcburi qaydada tibbi müayinədən keçirilərək icbari dispanserizasiyaya cəlb edilirlər. Bu tədbir uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edən, bu sahədə yaranan münasibətləri tənzimləyən “Uşaqların icbari dispanserizasiyası haqqında” 5 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılır.

 

Muxtar respublikamızda da bu sahədə mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, artıq bir neçə gündür ki, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və Ordubad Rayon Mərkəzi Xəstəxanasında icbari dispanserizasiyadan keçirilmiş uşaqlar haqqında elektron məlumatlar elektron variantda nazirliyin vahid registrinə ötürülür. Burada isə icbari dispanserizasiyanın nəticələri registrə əsasən təhlil olunaraq xəstə, xəstəliyə şübhəli və ya meyilli uşaqların müvafiq səhiyyə müəssisələrində yüksəkixtisaslı həkimlər tərəfindən müayinə və müalicəsi təşkil ediləcək. Elektron məlumatlarda uşağın adı və soyadı, təvəllüdü, ünvanı, diaqnozu, ilkin müayinələri, əlaqə telefonu öz əksini tapır.
Xatırladaq ki, müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində son illər xeyli iş görülmüş, səhiyyə müəssisələrində lokal tibbi informasiya sistemi yaradılmışdır. Hazırda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində maqnit rezonans, tomoqrafiya müayinələri, imtahan test sualları, obliqat qrupların müayinəsi, tibb işçilərinin registri, 12, 30 və 17 nömrəli statistik hesabat formaları muxtar respublikada yaradılmış lokal səhiyyə şəbəkəsinə ötürülmüşdür. Uşaqların sağlamlıq kartları, doğum haqqında arayışlar operator vasitəsilə bazaya işlənir və vətəndaşlara verilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR