22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası”nın aparılmasına 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə keçən il 187 nəfər həkim sertifikasiya imtahanında iştirak etmiş, onlardan 177 nəfəri test imtahanlarını və müsahibə mərhələsini başa vurmuşdur.
Növbəti test imtahanında isə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin, Sədərək və Ordubad Rayon Mərkəzi xəstəxanalarının, Naxçıvan şəhər, Ordubad və Kəngərli rayonlarındakı kənd həkim ambulatoriya və feldşer-mama məntəqələrinin 27 orta tibb işçisi öz bilik və bacarıqlarını sınamalı olmuşlar.

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya İmtahan Komissiyasının sədri Süleyman Cəfərov hazırda dünya tibb elminin böyük uğurlara imza atdığını bildirərək demişdir ki, əvvəlki dövr­də müalicə olunmayan xəstəliklər indi artıq müalicə edilir, yeni təfəkkürə, müasir elmi biliklərə yiyələnən kadrlar yetişir. Kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri də tibb işçilərinin sertifikasiyasıdır. İndi bütün qabaqcıl ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də beş ildən bir imtahan verib sertifikat almayan tibb işçiləri praktik fəaliyyətlə məşğul ola bilməzlər. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, tibb sənətinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır. Bu proseslər muxtar respublikamızda da həkimlərin və orta tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasını zəruri edir. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə paylanmış, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
Test imtahanının yekunlarına görə, mütəxəssislərdən 5 nəfər 90-100, 7 nəfər 80-90, 4 nəfər 70-80 arası bal toplayaraq test imtahanından keçərli sayılmışlar. 11 tibb bacısı isə zəruri həddi keçə bilməmişdir. Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR