Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahları Kamal Ağarzayev, tibb üzrə fəlsəfə doktorları Seymur Musayev və Fərid Hüseynov Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlərlə birgə 12 açıq, 1 periferik ürək əməliyyatı aparmışlar. Bu əməliyyatların 3-ü Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin ürək-damar cərrahı İntiqam Fətullayev tərəfindən icra olunmuşdur. Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası diaqnozu qoyulmuş xəstə Maral Rzayeva angioqrafiya olunduqdan sonra ürək damarlarında ciddi daralmalar müşahidə edilmiş, üzərində aorta koronar şuntlama əməliyyatı aparılmışdır.
Digər xəstələr miokard infarktından sonrakı vəziyyətilə angioqrafiya olunmuş, ürək damarlarında tıxaclar müşahidə edilmiş, ürəyin qulaqcıqlararası arakəsmə defekti aradan qaldırılmışdır. Mərkəzi Neftçilər Xəstəxanasının yüksəkixtisaslı kardiocərrahları İntiqam Fətullayevin apardığı əməliyyatların peşəkar şəkildə həyata keçirildiyindən məmnunluqlarını ifadə etmiş, muxtar respublikanın səhiyyə müəssisələrində yaradılmış belə bir şəraitdə tezliklə bir sıra mürəkkəb əməliyyatların, o cümlədən açıq ürək əməliyyatlarının Bakı şəhərindən gələn həkim briqadaları tərəfindən deyil, yerli kardiocərrahlar tərəfindən mütəmadi şəkildə aparılacağına əminliklərini ifadə etmişlər.
Qeyd edilməlidir ki, açıq ürək əməliyyatlarında yardımçı işlər Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi kardioreanimasiya bölməsinin tibb bacıları tərəfindən həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti