Ötən şənbə günü Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, stomatoloq, oftalmoloq, dermatoloqlardan, ultrasəs müayinə mütəxəssislərindən və laborantlardan ibarət həkim briqadası Sədərək Rayon Mərkəzi Uşaq Xəstəxanasında uşaqlara profilaktik tibbi xidmət göstərmişdir. Briqadanın fəaliyyəti zamanı 77 nəfər 0-18 yaşlı əhali profilaktik, o cümlədən 12 nəfər laborator müayinədən keçirilmiş, 80 nəfər valideynlə səhiyyə maarifi işi aparılmışdır. Dispanserizasiya işinin düzgün təşkili, peyvəndlərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün xəstəxananın və Heydərabad qəsəbəsindəki feldşer-mama məntəqəsinin tibb bacılarına metodik məsləhətlər verilmişdir. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün müvafiq səhiyyə müəssisələrinə getmələri tövsiyə edilmiş, xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunmuşlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti