Bakı şəhərində fəaliyyət göstərən klinika və xəstəxanaların muxtar respublikamızda ezamiyyətdə olan bir qrup heyəti Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş humanitar aksiyaları davam etdirir.
Hazırda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası ilə yanaşı, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrah və əməliyyat tibb bacılarından ibarət heyəti də muxtar respublika əhalisinə tibbi xidmətlər göstərir, səhiyyə maarifi işləri aparırlar. Mərkəzin yüksəkixtisaslı həkimlərindən Emil Hüseynov, Məhərrəm Termetov, Sevinc Salmanova və başqaları Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 60 nəfəri müayinədən keçirmiş, 10 nəfər üzərində göz əməliyyatı aparmışlar. Əməliyyatlar davam etdiriləcəkdir.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində, Mərkəzi Uşaq Xəstəxanasında, Naxçıvan Şəhər Poliklinikasında, Doğum Mərkəzində, Psixi Xəstəliklər Dispanserində cərrahiyyə, pediatriya, terapiya, ginekologiya, nevrologiya və psixiatriya, kardiologiyanın aktual problemlərinə dair mühazirələr oxumuş, dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.
İnstitutun prorektoru, tibb elmləri doktoru Şahin Əliyev humanitar aksiya çərçivəsində yerli həkimlərlə birgə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində laparoskopik əməliyyatlar aparmışdır.
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasından gəlmiş 20 nəfərdən ibarət yüksəkixtisaslı həkim heyəti Ordubad rayonunda keçirdiyi humanitar aksiyanın ikinci günü də səmərəli fəaliyyət göstərmiş, gün ərzində 652 pasiyentə profilaktik tibbi xidmət göstərmişdir. Cərrahi müdaxiləyə ehtiyacı olan 29 nəfər üzərində əməliyyat aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti