Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi çərçivəsində aprelin 25-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Naxçıvanda səyyar kollegiya keçirməsi nəzərdə tutulmuşdur. Kollegiyadan əvvəl Bakıda fəaliyyət göstərən klinika və xəstəxanaların bir qrup heyəti aprelin 23-də Naxçıvana gəlmişdir.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımovun rəhbərlik etdiyi 13 nəfərlik heyət ilk gündən ixtisaslarına uyğun müvafiq xəstəxanalarda fəaliyyətə başlamışdır. Əsas məqsəd yerli həkimləri tibb elminin aktual problemləri barədə məlumatlandırmaq, onların yeni müayinə və müalicə üsulları barədə biliklərini təkmilləşdirməkdən ibarətdir. Heyətdə təmsil olunan yüksəkixtisaslı həkimlər Diaqnostika-Müalicə Mərkəzində cərrahiyyə, Mərkəzi Uşaq Xəstəxanasında pediatriya, Naxçıvan Şəhər Poliklinikasında terapiya, Doğum Mərkəzində ginekologiya, Psixi Xəstəliklər Dispanserində nevrologiya və psixiatriya, Kardioloji Mərkəzdə isə kardiologiyanın aktual problemlərinə dair mühazirələr oxumuş, dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.
Həkim briqadasına daxil olan bir qrup mütəxəssisin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində mürəkkəb cərrahiyyə əməliyyatı da həyata keçirilmişdir.
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərlik etdiyi yüksəkixtisaslı həkim heyəti isə aprel ayının 23-dən Ordubad rayonunda növbəti humanitar aksiyaya başlamışdır. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan bu aksiya çərçivəsində ilk gün 352 pasiyent profilaktik tibbi müayinədən keçirilmiş, 3 nəfərin stasionar müalicəyə cəlb olunması üçün göstəriş verilmişdir. Cərrahi müdaxiləyə ehtiyacı olan 17 nəfər üzərində əməliyyat aparılmışdır.
Üç gün davam edəcək aksiyada 2 mindən çox müayinə və cərrahi əməliyyatın aparılması nəzərdə tutulmuşdur.
Aprelin 24-dən isə Azərbaycan Respublikası Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun həkimləri muxtar respublikada humanitar aksiyalara başlayacaqlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti