Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, aprelin 17-də Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbir keçirilmişdir. Bu əlamətdar gün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində könüllü qanvermə aksiyası ilə qeyd edilmişdir. Mərkəzin baş həkiminin müavini Zaur Həsənov hemofiliya xəstəliyi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, hemofiliya insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn, anadan, əsasən, oğlan uşaqlarına ötürülən xəstəlikdir. Onun yaranmasının əsas səbəbi qohum nikahları, radiasiyalı ətraf mühit, qida və tütün məmulatlarının təsiridir. Respublikamızda belə xəstələr dövlət qayğısı ilə əhatə olunmuşlar. Belə ki, ölkəmizdə hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə dövlət proqramı qəbul edilmişdir.
Proqramın məqsədi hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, həyat şəraitinin yaxşılaşdırılması, xəstələrdə əlillik və ölümün azaldılması, hemofiliyanın fəsadlarının diaqnostikası, müalicə və profilaktikasının təkmilləşdirilməsi, xəstələrdə qanaxmanın profilaktikası məqsədilə faktor preparatları ilə müalicənin təşkili və digər tədbirlərin görülməsindən ibarətdir.
Bu istiqamətdə muxtar respublikamızda da ardıcıl tədbirlər həyata keçirilir. İl ərzində hemofiliyalı xəstələr üçün bir neçə dəfə qanvermə aksiyasının keçirilməsi bu sahədə davam etdirilən tədbirlərin tərkib hissəsidir. “Qan ver, yaşat”, “Qan ver, xilas et” devizi altında keçirilən belə aksiyalar irsi qan xəstəliyindən əziyyət çəkən uşaq və yeniyetmələr üçün mühüm əhəmiyyət kəsb edir.
Sonra “Sən də bir həyat ver” devizi altında qanvermə aksiyası keçirilmişdir. Bir neçə saat davam edən aksiyada 18 donordan 5,4 litr qan götürülərək qrupları müəyyənləşdirilmiş, birli və ikili torbalarda mərkəzin qan bankına təhvil verilmişdir. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılmışdır. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır. Qan bankına toplanan qanın plazma hissəsi hemofiliyadan əziyyət çəkən xəstələrə, eritrositar kütləsi isə talassemiyalı xəstələrə köçürüləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti