22 Dekabr 2024, Bazar

Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu Naxçıvan Muxtar Respublikasının ən gənc rayonudur. Dövlət başçısı cənab İlham Əliyevin 19 mart 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə yaradılmış bu rayon bu gün ölkəmizin inkişaf etmiş rayonları sırasındadır. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və ümumi inkişafımızda fundamental baza rolunu oynayan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin Kəngərli rayonunda ardıcıllıqla həyata keçirilməsi bu bölgənin bir rayon kimi formalaşmasında mühüm rol oynamışdır.

Hər il rayonda quruculuq işləri gedir, abadlıq işləri aparılır, yeni müəssisələr qurulur, sosial obyektlər istifadəyə verilir. Keçən ay 10 yaşını tamam edən Kəngərli rayonunun quruculuq ərməğanları sırasına bu günlərdə biri də əlavə olundu. Bu, Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin bu il  Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində aprelin 7-də açılışında iştirak etdiyi Kəngərli Rayon Mərkəzi Xəstəxanasının binasıdır. Bu günlərdə xəstəxana binasının fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün rayona üz tutduq.

Yol boyu insan sağlamlığının cəmiyyət üçün əhəmiyyəti və bu qiymətli sərvətin qorunması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər haqqında düşünürdüm. Məlumdur ki, yalnız sağlam olan bir insan xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilər. Məhz buna görə də müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Bu gün muxtar respublikamızda bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən istənilən qədər danışmaq olar. Onu da qeyd edək ki, regionumuzda vaxtilə diqqətdən kənarda qalan ucqar dağ kəndlərində belə, bu gün müasir səhiyyə müəssisələri fəaliyyət göstərir. Faktlara nəzər salaq. 2000-2005-ci illərdə muxtar respublikada Gigiyena və Epidemiologiya Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, “İmplant-dent” Stomatoloji Dispanseri, Mərkəzi Uşaq Xəstəxanası, Darıdağ Arsenli Su Müalicəxanası da daxil olmaqla, ümumilikdə, 48 səhiyyə obyekti tikilmiş, 35 tibb ocağında əsaslı təmir-bərpa işləri aparılmış və bu səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. 2005-2010-cu illərdə isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, Şərur rayonunda ən müasir avadanlıqla təchiz olunan xəstəxana şəhərciyi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri, Uşaq Bərpa Mərkəzi, Körpələr Evi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, Doğum Mərkəzi, Onkoloji Mərkəzi üçün yeni binalar, kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Bu gün muxtar respublikanın bütün rayonlarında ən müasir səhiyyə ocaqları fəaliyyət göstərir. Son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də Kəngərli Rayon Mərkəzi Xəstəxanasıdır.
Budur, Kəngərli rayonuna çatmışıq. Bu möhtəşəm xəstəxana binası 30 mindən çox əhaliyə xidmət etmək imkanına malikdir. Xəstəxananın baş həkimi Vaqif Məmmədov bildirdi ki, səhiyyə müəssisəsində tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlar quraşdırılmışdır. Onu da qeyd edək ki, xəstəxanada 95 nəfərdən ibarət tibbi heyət çalışır.   
Öyrəndik ki, qısa zamanda səhiyyə ocağına müraciət edənlərin sayı artır. Ancaq bu, o demək deyil ki, müraciət edənlərin hamısı xəstədir. Artıq rayon sakinləri hər hansı ağır xəstəliyə düçar olanda xəstəxanaya üz tutmurlar. Onlar xəstəxanada yaradılan şərait və onlara göstərilən nümunəvi xidmətdən bəhrələnərək ambulator müayinələrdən keçmək istəyirlər.  
Xəstəxananın dializ bölməsi müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Baş həkim bildirdi ki, yaxın günlərdə dializ xəstələrinin müalicəsinə başlanılacaq. Rayonda neçə illərdir, bu xəstəlikdən əziyyət çəkənlər var. Xəstəxana binasının yenidən qurulması, müasir avadanlıqların quraşdırılması bu xəstəlikdən əziyyət çəkənlərin probleminin həll olunmasına imkan verəcək. Rayon sakinləri yaradılan bu şəraitə görə dövlətimizə minnətdardırlar.  
Ginekologiya şöbəsində uşaq və hamilə qadınlara keyfiyyətli tibbi xidmət göstərilməsinin şahidi olduq. Hamilə qadınların vaxtında qeydiyyata alınması, onlara göstərilən patronaj xidməti doğuş fəsadlarının aradan qaldırılmasına xeyli köməklik edir, sağlam uşaqların doğulması ilə nəticələnir. Məhz reallaşdırılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, rayonda ana ölümü sıfra enmiş, doğuşların sayı əvvəlki illərlə müqayisədə artmışdır. Onu da qeyd edək ki, xəstəxanada peyvənd işi yenidoğulmuşlardan başlanılır. Bu iş Poliklinika şöbəsində davam etdirilir. Burada uşaqlar arasında qoruyucu peyvəndlərin vaxtında aparılması diqqət mərkəzində saxlanılır.   
Müşahidələrimizə əsasən deyə bilərik ki, həkimlər və tibb bacıları yaradılan şəraitdən düzgün istifadə etməyə çalışırlar. Onlar yaxşı başa düşürlər ki, belə şərait müqabilində xəstələrə nümunəvi xidmət göstərməli, qurulanlardan düzgün və səmərəli istifadə etməlidirlər.

Kəngərli rayonunda dövlətimizin külli miqdarda vəsait hesabına ərsəyə gətirdiyi bu səhiyyə ocağı ölkəmizdə insan amilinin ön planda dayandığını göstərir. Elə xəstəxanada hansı rayon sakini ilə həmsöhbət olduqsa, onlar belə xəstəxana binasına görə dövlətimizə minnətdarlıqlarını bildirdilər. Niyə də olmasın? Çünki əvvəllər onlar adi bir xəstəlikdən ötrü neçə kilometrlərlə yol getmək məcburiyyətində qalırdılar. İndi isə həm öz görkəmi ilə gözoxşayan, həm də nümunəvi səhiyyə xidməti ilə seçilən mərkəzi xəstəxana rayon əhalisinin sağlamlığının keşiyindədir.  

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR