22 Dekabr 2024, Bazar

Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili artıq ənənə halını almışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  Mərkəzi Neftçilər Xəstəxanasının, Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun və digər səhiyyə müəssisələrinin yüksəkixtisaslı həkim briqadaları tərəfindən təkcə ötən il sosial layihələr çərçivəsində 319 cərrahi əməliyyat aparılmış, 29 nəfər xəstənin ürək damarlarına stent qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının 22 nəfərlik heyəti aprelin 15-də Naxçıvana gəlmişdir. Xəstəxananın həkim-cərrahlarından Rəşad Mahmud­ovun, Seymur Musayevin, Natiq Mirzəyevin, Kənan Məmmədovun, anestezioloqların, əməliyyat, reanimasiya, palata tibb bacılarının təmsil olunduğu heyət son 4 gün ərzində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində əvvəlcədən qeydiyyata götürülmüş 12 kardioloji xəstədə açıq ürək, 2 xəstədə periferik damar əməliyyatları aparmış və risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirmişdir. İki xəstəyə aortik bio­protez qapaq qoyulmuş və eyni zamanda aortokoronar şuntlama əməliyyatı icra olunmuşdur. Anadangəlmə ürək qüsurlu 2 uşaq üzərində (1,3-2 yaş) aparılan açıq ürək əməliyyatı da uğurla başa çatdırılmış, 1 xəstəyə isə aortal qapaq qoyulmuş və onlar tam sağalma ilə evə buraxılmışlar. Kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr verilmişdir.
Həkim briqadası açıq ürək əməliyyatları ilə yanaşı, xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırır, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələrini diqqət mərkəzində saxlayır.
Aksiya çərçivəsində yerli həkimlər də bütün cərrahi əməliyyatlarda iştirak edirlər. Aksiyada 20 açıq ürək əməliyyatı aparılması nəzərdə tutulmuşdur. Bu gün isə aksiya çərçivəsində ürək-damar xəstəliklərinin aktual problemlərinə həsr olunmuş regional beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR