Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin uşaq kardioloqu Elnur İmanov Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlərlə birgə anadangəlmə ürək qüsurlu 11 uşağın müayinə və müalicəsini həyata keçirmişdir.
Aparılan müayinələr nəticəsində anadangəlmə ürək qüsurlu körpə Rəna Səfərovanın vəziyyəti risk qrupuna daxil edilmişdir. Səkkiz aylıq və 5 kiloqram çəkisi olan körpənin ürəyində botal axacağın açıq qalması onun həyatını təhlükəli vəziyyətə çatdırmışdı.Valideynləri körpənin müalicəsi üçün əvvəllər qonşu ölkələrə pənah aparsalar da, mütəxəssislər bu riskli əməliyyatdan imtina etmişdilər.
Nəhayət, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə gətirilən körpə invaziv kardioloq tərəfindən exokardioqrafik və angioqrafik müayinədən keçirilmiş, müayinələr botal axacağın diametrinin böyüyərək həyat üçün təhlükəli həddə çatdığını göstərmişdir. Yaranan fəsadın təxirəsalınmadan aradan qaldırılmasına qərar verilmişdir. Xarici mütəxəssislərin imtina etdikləri işi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardioloq-angioqrafı Nail Möhbalıyev öz üzərinə götürmüşdür. Əməliyyat transkateter yolla, xüsusi cihaz vasitəsilə həyata keçirilərək botal axacağın tam bağlanmasına nail olunmuşdur. Qeyd edək ki, bu, naxçıvanlı mütəxəssisin risk qrupuna daxil olan xəstələr üzərində apardığı altıncı əməliyyatdır. Döş qəfəsi yarılmadan aparılan əməliyyatdan sonra heç bir iz qalmamış, körpə birgünlük həkim müşahidəsindən sonra yenidən valideynlərinə qovuşmuşdur.
Körpənin öz doğma yurdunda şəfa taparaq tam sağalması Naxçıvan səhiyyəsinin, burada çalışan ağxalatlı peşə sahiblərinin növbəti uğurlarından biridir. Rənanın valideynləri ölkənin digər yerlərində olduğu kimi, Naxçıvan səhiyyəsində də yaradılan bu şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti