22 Dekabr 2024, Bazar

Ümumdünya Səhiyyə Təşkilatı 1948-ci il aprelin 7-də yaradılmış, 1950-ci ildən başlayaraq aprelin 7-si təşkilata üzv dövlətlər tərəfindən “Ümumdünya Sağlamlıq Günü” kimi qeyd olunmağa başlanmışdır. Azərbaycan 1992-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının üzvlüyünə qəbul edilmiş, 1994-cü ildə təşkilatın ölkəmizdə əlaqələndirmə ofisi yaradılmışdır.

İnsan sağlamlığı bütün dövrlər üçün cəmiyyətin ən qiymətli sərvəti hesab olunmuşdur. Məhz buna görə də müasir dövrdə hər bir dövlətin iqtisadi qüdrəti bir sıra mühüm amillərlə yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Bu gün Azərbaycanda da həyata keçirilən sosial siyasətin əsas prioritet istiqamətini səhiyyə islahatları təşkil edir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə səhiyyə sistemi inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə ötən əsrin 70-ci illərində əsası qoyulan səhiyyə islahatları müstəqillik dövründə daha da inkişaf etdirilmiş, müasir tibb ocaqları tikilərək istifadəyə verilmişdir. Dahi şəxsiyyətin müxtəlif vaxtlarda imzaladığı fərman və sərəncamlarla bu sahənin qanunvericilik bazası təkmilləşdirilmiş, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti xeyli yüksəldilmişdir. Səhiyyəni cəmiyyət və dövlət həyatında mühüm sahə kimi qiymətləndirən ulu öndərimiz demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Ümummilli liderin səhiyyə sahəsində müəyyənləşdirdiyi strateji xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, habelə səhiyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul edilən dövlət proqramlarının uğurlu icrası ölkəmizdə səhiyyəni yeni inkişaf mərhələsinə yüksəltmişdir.
Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə muxtar respublikada da mühüm işlər görülür. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, müasir tibb ocaqlarının tikintisi, əhalinin sağlamlığı üzrə tədbirlərin və səhiyyə maarifi işinin təşkili sahəsində müxtəlif layihələrin icrası diqqət mərkəzində saxlanılır.
Muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının başlıca məqsədi əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Hazırda muxtar respublikada əhaliyə 235 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Səhiyyə sistemində aparılan genişmiqyaslı quruculuq tədbirlərinə uyğun olaraq, təkcə 2013-cü ildə muxtar respublikanın kəndlərində 9 həkim ambulatoriyası və 10 feldşer-mama məntəqəsi istifadəyə verilmişdir. 2014-cü ildə də quruculuq tədbirləri davam etdirilmiş, Babək Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olmuş, Cəhri Kənd Sahə Xəstəxanasının binasında əsaslı yenidənqurma işləri aparılmışdır. Hazırda Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin, Dəri-Zöhrəvi Dispanserinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə və Profilaktika Mərkəzinin tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyev muxtar respublikada səhiyyə quruculuğu sahəsində görülən işləri yüksək dəyərləndirərək demişdir: “Yeni xəstəxanaların açılışı artıq Naxçıvanda gözəl ənənəyə çevrilibdir... Onların hamısı yüksək keyfiyyətlə tikilib, yüksək standartlara cavab verir. Çox sevindirici haldır ki, muxtar respublikanın bütün rayonlarında gözəl, yeni müasir tibb ocaqları tikilir. Burada quraşdırılan avadanlıq ən yüksək səviyyəyə layiqdir. Həm həkimlər üçün, həm də xəstələrin müalicəsi üçün bütün şərait var”.
Səhiyyə infrastrukturunun müasirləşdirilməsi və ixtisaslı kadrların hazırlanmasının nəticəsidir ki, muxtar respublika əhalisinin Naxçıvandan kənarda müayinə və müalicə olunmalarına ehtiyac qalmamışdır. Tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə mütəmadi olaraq seminar və konfranslar keçirilir, həkimlər təkmilləşdirmə kurslarına göndərilir. Artıq muxtar respublika həkimləri açıq ürək, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparır, səhiyyə müəssisələrinin ambulator bölmələri tibbi xidmətin əhatə dairəsini genişləndirirlər. Bir sözlə, tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi hər bir naxçıvanlıya öz sağlamlığını qorumaq imkanı yaratmışdır.
Səhiyyə sahəsində görülən işlər ancaq quruculuq tədbirləri ilə yekunlaşmır. Yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya gətirilməsi və xüsusilə aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili işi də diqqət mərkəzində saxlanılır. Təkcə ötən il ərzində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, muxtar respublikada 319 cərrahi əməliyyat, o cümlədən 67 xəstədə açıq ürək, 7 xəstədə periferik damar, 77 xəstədə angioqrafiya, 75 xəstədə göz və 64 xəstədə müxtəlif əməliyyatlar aparılmışdır. Bir məsələni də qeyd edək ki, bu gün Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazır­lanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanına uyğun olaraq, səhiyyə sistemində elektron xidmətlərin göstərilməsinə başlanmış, nümunəvi tibbi informasiya sistemi qurulmuşdur. Lokal şəbəkəyə qoşulan və yüksək proqram təminatına malik olan bu sistem vasitəsilə muxtar respublikanın səhiyyə müəssisələri arasında elektron informasiya mübadiləsi aparılır.
Naxçıvanda sağlamlıq turizminin inkişafı da diqqət mərkəzindədir. Hazırda Duzdağ Fizioterapiya Mərkəzində və Darıdağ Arsenli Su Müalicəxanasında yerli və xarici ölkə vətəndaşlarına hərtərəfli səhiyyə xidməti göstərilir.
Əhali arasında səhiyyə maarifinin gücləndirilməsi və yerlərdə onlara tibbi xidmət göstərilməsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Doğum Mərkəzi, Mərkəzi Uşaq Xəstəxanası, dispanserlər, eləcə də rayon mərkəzi xəstəxanaları tərəfindən yaradılmış həkim briqadalarının böyük rolu vardır. Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq məqsədilə yaradılmış həkim briqadaları yerlərdə müayinə-müalicə işini təşkil edir. Təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi mammoqrafiya müayinələri, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə şagirdlər arasında tuberkulin sınağı, flüoroqrafiya müayinəsi, eləcə də kütləvi oftalmoloji, stomatoloji, ortopedik, psixiatrik, endokrinoloji müayinələri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin kütləvi tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırığa əsasən, muxtar respublikanın səhiyyə müəssisələri xüsusi iş rejimində fəaliyyət göstərir. Bu ilin fevral ayında başlanan kütləvi müayinələr zamanı muxtar respublikada 193 min 248 vətəndaş tibbi müayinədən keçirilmişdir. Xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyan bu tədbir hazırda davam etdirilir.
Əhalinin sağlamlığının qorunmasında onların tibbi biliklərinin artırılması, xüsusilə səhiyyə maarifi işi vacib məsələdir. Məhz bu maarifləndirmə tədbirlərinin nəticəsidir ki, muxtar respublikada uşaqlar arasında qoruyucu peyvəndlər vaxtlı-vaxtında vurulur. Bu da bəzi yoluxucu xəstəliklərin tamamilə aradan qaldırılmasına, bəzilərinin isə minimuma endirilməsinə səbəb olmuşdur. Ötən il yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik və əks-epidemik tədbirlər keyfiyyətlə aparılmış, dezinfeksiya, dezinseksiya və delarvasiya tədbirləri ardıcıl olaraq davam etdirilmişdir. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə vaxtaşırı aparılan profilaktik və əks-epidemik tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisində əhali arasında poliomielit, difteriya və malyariya xəstəliyi qeydə alınmır.

Bir sözlə, muxtar respublikada səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə aparılan islahatlar əhalinin sağlamlığının etibarlı qorunmasına şərait yaratmışdır. Ağxalatlı peşə sahibləri bundan sonra da əhaliyə nümunəvi tibbi xidmət göstərəcək, ən dəyərli nemətimiz olan insan sağlamlığının qorunmasının keşiyində dayanacaqlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR