Muxtar respublikamızda uşaqların sağlamlığına xidmət edən bütün səhiyyə müəssisələrində uşaqların icbari tibbi müayinələrinə başlanılmasından bir ay keçir.
İcbari dispanserizasiyanın aparılmasında əsas məqsəd uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, əlillik və ölüm hallarının səviyyəsinin daha da azaldılması, uşaqların xəstəliklərdən qorunmasıdır.
İcbari dispanserizasiyanın səmərəli təşkili üçün muxtar respublikanın bütün rayonlarında seminar-məşğələlər keçirilmiş, bu tədbirlərdə iştirak edən rayon mərkəzi xəstəxanalarının pediatrları, sahə tibb bacıları, kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələri işçilərinin sualları cavablandırılmışdır.
Artıq mart ayı ərzində 18 min 225 uşaq tibbi müayinələrdən keçirilmiş və müvafiq təyinatlar almışdır. İndiyədək Babək rayonunda 7373, Şərur rayonunda 1769, Sədərək rayonunda 1750, Ordubad rayonunda isə 1737 uşaq profilaktik tibbi müayinələrlə əhatə olunmuşdur. Xəstəxanaya gəlmək imkanı olmayan uşaqların müayinə və dispanserizasiyası isə xüsusi həkim briqadası tərəfindən həyata keçirilir. Valideynlər bu tədbiri ölkəmizdə uşaqların sağlamlığına göstərilən dövlət qayğısı kimi dəyərləndirərək ölkə başçısına öz minnətdarlıqlarını bildirirlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti