Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə tapşırığı ilə muxtar respublikanın bütün səhiyyə müəssisələri və onların tibbi heyəti xüsusi iş rejiminə keçib. Milli genefondumuzun sağlamlığında mühüm rol oynayacaq bu aksiyadan heç kimin kənarda qalmaması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tədbirlər planı hazırlanaraq tibb müəssisələrinə göndərilib və şifahi tapşırıqlar verilib. Dispanserizasiya tədbirlərinin effektivliyinə nail olmaq üçün kütləvi informasiya vasitələrində çıxışlar edilib, rayon və şəhər tibb müəssisələrində maarifləndirici elmi-praktik seminarlar keçirilib. Fevralın 17-dən başlanan kütləvi profilaktik müayinələrdə 7 rayon mərkəzi xəstəxanası, 3 kənd sahə xəstəxanası, 90 həkim ambulatoriyası və 105 feldşer-mama məntəqəsi iştirak edir.
Naxçıvan şəhərində isə 1 poliklinika, 4 ixtisaslaşdırılmış dispanser (Endokrinoloji, Dəri-Zöhrəvi, Psixi Xəstəliklər və Ağciyər Xəstəlikləri dispanserləri), 4 mərkəz (Onkoloji, Kardioloji, Stomatoloji və Doğum mərkəzləri), 2 xəstəxana (Naxçıvan Muxtar Respublikası Göz və Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq xəstəxanaları) kollektivləri tərəfindən əhalinin kütləvi müayinəsi tədbirləri aparılır.
Aprel ayının 1-dək qeyd olunan müəssisələr tərəfindən 193 min 248 vətəndaş tibbi müayinədən keçirilib ki, onlardan 16 min 336 nəfər Naxçıvan şəhərinin, 64 min 768 nəfər Şərur, 35 min 47 nəfər Babək, 30 min 473 nəfər isə Ordubad rayonlarının payına düşür. Aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilirlər.
Dünən Şahbuz Rayon Mərkəzi Xəstəxanasında keçirilən profilaktik müayinələr kütləviliyi ilə səciyyələnib. Müasir standartlar səviyyəsində tikilib istifadəyə verilmiş və ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş bu xəstəxana rayon əhalisinə yüksək səhiyyə xidməti göstərməkdədir. Bu humanist aksiyanın yüksək səviyyədə reallaşdırılması üçün xəstəxanada hər gün 30-50 pasiyentin müayinəsi həyata keçirilir. Kompleks müayinə aparıldıqdan sonra hər hansı vətəndaşda xəstəlik aşkar olunursa, o, dərhal qeydiyyata alınır və müvafiq müalicəyə cəlb edilir. Bu il istifadəyə verilən Sələsüz kənd həkim ambulatoriyasında da yaradılan şərait burada ilkin tibbi xidmətin lazımi səviyyədə aparılmasına imkan verir. Yeni tibbi avadanlıqlar quraşdırılan ambulatoriyada 9 tibb işçisi sakinlərə səhiyyə xidməti göstərir. Ambulatoriyada müayinəyə gələn kənd sakini Sadıq Səfərov bildirdi ki, kənddəki səhiyyə müəssisəsinin müasir səviyyədə fəaliyyət göstərməsi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır. İndi daha hər hansı xəstəlik üçün rayon mərkəzinə, yaxud Naxçıvan şəhərinə getməyə ehtiyac qalmayıb. Bütün problemlərimiz yerindəcə həll olunur, lazım gəldikdə xəstələr göndərişlə müalicəyə göndərilirlər. Hazırda isə kütləvi profilaktik tibbi müayinələr bütün kənd əhalisini əhatə edir. Əhalinin kütləvi şəkildə müayinəsi ilə bağlı bu aksiyanın təşkil olunması haqqında bilavasitə Prezidentin tapşırıq verməsi bir daha sübut edir ki, dövlət başçısı hər bir Azərbaycan vətəndaşının yanındadır və onu firavan, sağlam görmək istəyir.
Qeyd edilməlidir ki, fevralın 17-dən indiyədək rayon üzrə 11 min 600 nəfər profilaktik tibbi müayinələrdən keçib.
Muxtar respublikanın digər səhiyyə müəssisələrində də əhalinin kütləvi müayinələri uğurla davam etdirilir. Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserizasiya mayın 1-dək davam edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti