22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya  prosesi davam etdirilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılmasına 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə keçən il 187 nəfər həkim sertifikasiya imtahanında iştirak etmiş, onlardan 177 nəfəri test imtahanlarını və müsahibə mərhələsini  başa vurmuşdur.
Martın 28-də keçirilən növbəti test imtahanında isə orta tibb işçilərinin sertifikasiya  mərhələsinə start verilmişdir. İlk mərhələdə Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanası, Yoluxucu Xəstəliklər Mərkəzi və Dəri-Zöhrəvi Dispanserinin orta tibb işçiləri öz bilik və bacarıqlarını sınamışlar.

Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya İmtahan Komissiyasının sədri Süleyman Cəfərov çıxış edərək bildirmişdir ki, hazırda dünya tibb elmində çox böyük inkişaf gedir, irəliləyişlərə nail olunur. Əvvəllər müalicə olunmayan xəstəliklər indi artıq müalicə edilir, yeni təfəkkürə, müasir elmi biliklərə yiyələnən kadrlar yetişir. Kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri də tibb işçilərinin sertifikasiyasıdır. İndi bütün qabaqcıl ölkələrdə olduğu kimi, respublikamızda da beş ildən bir imtahan verib sertifikat almayan tibb işçiləri praktik fəaliyyətlə məşğul ola bilməzlər. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmalarına, tibb sənətinin məsuliyyətini daha dərindən dərk etmələrinə imkan yaradır. Bu proseslər muxtar respublikamızda da həkimlərin bilik və peşə bacarıqlarının artırılmasını zəruri edir. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir. Bu, həkim və orta tibb işçilərinin nəzəri, həmçinin təcrübi bilik və bacarıqlarını daha da  artırmalarına imkan yaradacaqdır.  
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 35  nəfərə paylanmış, 3 saat davam edən  imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
Test imtahanının yekunlarına görə, mütəxəssislərdən 16 nəfər 90-100,11 nəfər 80-90, 4 nəfər 70-80, 2 nəfər isə 60-70 arası bal toplayaraq test imtahanından keçərli sayılmışlar. İki tibb bacısı isə zəruri həddi keçə bilməmişdir. Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR