Muxtar respublikamızda əhalinin hər bir təbəqəsinin vaxtaşırı olaraq ixtisas həkimləri tərəfindən müayinədən keçirilməsi ənənə halını alıb. Profilaktik müayinələri daim diqqət mərkəzində saxlayan tibb müəssisələrindən biri də Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzidir. Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, mərkəzin həkim-onkoloqları yaz və payız mövsümlərində muxtar respublikamızın ümumtəhsil məktəblərində çalışan qadınların süd vəzinin profilaktik müayinəsini həyata keçirirlər. Payız mövsümündə Naxçıvan şəhəri, Şahbuz, Babək, Kəngərli və Culfa rayonları üzrə 1470-dən çox qadın təhsil işçisinin süd vəzinin profilaktik müayinəsi həyata keçirilmişdir.
Mart ayından isə Şərur rayonunda növbəti müayinələrə start verilmişdir. Artıq 210 qadın təhsil işçisi müayinədən keçirilmişdir. Müayinələri hər həftənin çərşənbə günləri həyata keçirməklə aprel ayının sonuna qədər başa çatdırmaq nəzərdə tutulmuşdur. Növbəti müayinələr Ordubad rayonunda aparılacaqdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti