Mart ayının 1-dən etibarən muxtar respublikamızda uşaqların sağlamlığına xidmət edən bütün səhiyyə müəssisələrində uşaqların icbari tibbi müayinələrinə start verilmişdir.
Bu məqsədlə Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən tədbirdə xəstəxananın baş həkimi Rəhim Rəhimov uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmış, uşaqların icbari dispanserizasiyasını həmin işlərin məntiqi davamı kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi xidmətin təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev bildirmişdir ki, dispanserizasiyanın uşaqları (0-18 yaş) tam əhatə etməsi, uşaqlara sağlamlaşdırıcı tədbirlərin daha effektli və müasir tələblərə uyğun aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilməsi barədə 2013-cü il 4 oktyabr tarixli Fərman imzalamışdır. İcbari dispanserizasiyanın aparılmasında əsas məqsəd uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, əlillik və ölümün səviyyəsinin daha da azaldılması, uşaqların xəstəliklərdən qorunmasıdır.
Qeyd olunmuşdur ki, son illər uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər muxtar respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.
Bildirilmişdir ki, icbari dispanserizasiyanın səmərəli təşkili üçün muxtar respublikanın bütün rayonlarında seminar-məşğələlər keçirilmiş, bu tədbirlərdə iştirak edən rayon mərkəzi xəstəxanalarının pediatrları, sahə tibb bacıları, kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələri işçilərinin sualları cavablandırılmışdır.
Sonra uşaqlar tibbi müayinələrdən keçirilərək müvafiq təyinatlar verilmişdir. Xəstəxanaya gəlmək imkanı olmayan uşaqların müayinə və dispanserizasiyası isə xüsusi həkim briqadası tərəfindən həyata keçirilir. Valideynlər bu tədbiri uşaqların sağlamlığına göstərilən dövlət qayğısı kimi dəyərləndirərək öz minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti