22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə tapşırığı muxtar respublikamızda da uğurla icra olunur. Milli genefondumuzun sağlamlığında mühüm rol oynayacaq bu aksiyadan heç kimin kənarda qalmaması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi tədbirlər planı hazır­lanaraq tibb müəssisələrinə göndərilib və şifahi tapşırıqlar verilib. Dispanserizasiya tədbirlərinin effektivliyinə nail olmaq üçün kütləvi informasiya vasitələrində çıxışlar edilib, rayon və şəhər tibb müəssisələrində maarifləndirici elmi-praktik seminarlar keçirilib. Fevralın 17-dən başlanan kütləvi profilaktik müayinələrdə 7 rayon  Mərkəzi Xəstəxanası, 3 kənd Sahə Xəstəxanası, 90 həkim ambulatoriyası və 105 feldşer-mama məntəqəsi iştirak edir.

Naxçıvan şəhərində isə 1 poli­klinikanın, 4 ixtisaslaşdırılmış dispanserin (Endokrinoloji, Dəri-zöhrəvi, Psixi Xəstəliklər və Ağciyər Xəstəlikləri dispanserləri), 5 mərkəzin (Onkoloji, Kardioloji, Stomatoloji, Doğum və Diaqnostika-Müalicə mərkəzləri), 2 xəstəxananın (Naxçıvan Muxtar Respublikası Göz və Mərkəzi Uşaq xəstəxanaları) kollektivləri tərəfindən əhalinin kütləvi müayinə tədbirləri aparılır.
Mart ayının 1-dək qeyd olunan  tibb müəssisələri tərəfindən muxtar respublikada 15 min 103 vətəndaş tibbi müayinədən keçirilib. Aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilirlər.
Ötən şənbə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində də əhalinin kütləvi müayinəsi mütəşəkkil şəkildə davam etdirilmişdir. Müasir standartlar səviyyəsində tikilib istifadəyə verilmiş və ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş bu mərkəz 2007-ci ildən muxtar respublika əhalisinə yüksək səhiyyə xidməti göstərməkdədir. Dövlət başçısının tapşırı­ğına əsasən, əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı hazırda mərkəzin bütün potensialından  istifadə olunur. Bu humanist aksiyanın yüksək səviyyədə reallaşdırılması üçün yüksək standartlara cavab verən mərkəzdə hər gün 30-50 pasiyentin müayinəsi həyata keçirilir. Kompleks müayinə aparıldıqdan sonra hər hansı vətəndaşda xəstəlik aşkar olunursa, o, dərhal qeydiyyata alınmaqla müvafiq müalicəyə cəlb edilir.
Naxçıvan şəhərindən müayinəyə gələn yaşlı nəslin nümayəndəsi, pasiyent Eldar Həsənov bildirdi ki, yaxın günlərdə bu mərkəzdə uğurlu cərrahi əməliyyat olunmuşdur: “Sağ olsun həkimlərimiz. Amma bütün bu işlərin bir böyük səbəbkarı var, o da bizim hörmətli Prezidenti­miz cənab İlham Əliyevdir. Allah ondan razı olsun, xalqın qayğısına qalır, onun sağlamlığı haqqında düşünür. Əhalinin kütləvi şəkildə müayinəsi ilə bağlı bu aksiyanın təş­kil olunması haqqında bilavasitə Prezidentin tapşırıq verməsi bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşının yanındadır və onu firavan, sağlam görmək istəyir”.
Muxtar respublikanın digər səhiyyə müəssisələrində də əhalinin kütləvi müayinələri uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR