Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya əhalisinin 350 milyonu hepatit B virusu və 170-220 milyonu hepatit C virusu ilə yoluxmuşdur. Hər il bu xəstələrin sayı 3-4 milyon artmaqdadır. Müəyyən olunmuşdur ki, xroniki infeksiyalaşmış şəxslərdə ilk illər xəstəliyin əlamətləri özünü göstərmir. Virusun vaxtında tapılması bu virusla müalicəni düzgün aparmağa və yoluxmuş şəxsin həyatını xilas etməyə imkan verir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bu mühüm problemi nəzərə alaraq, Bakı şəhərində fəaliyyət göstərən “Roche Azerbaijan” MMC ilə cari ildə “Virus hepatiti C və B ilə mübarizə” adlı birgə layihə həyata keçirəcəkdir. Layihə hepatit C və B viruslarının hər hansı diaqnostik metodu ilə təsdiq edilmiş diaqnozu ilə, özlərini hepatit C və B virusları ilə yoluxmasına şübhəli sayan və qaraciyər nahiyəsində problemi olan insanları əhatə edəcəkdir. Məqsəd hepatit C və B virusları diaqnozu ilə təsdiq edilmiş xəstələrin müalicəni başlamaq ehtiyacını qiymətləndirmək və ehtiyac olduğu halda müvafiq müalicə taktikasının tətbiqi üçün göstərişlər verməkdən ibarətdir.
İlkin mərhələdə isə əsas diqqət əhalinin bu sahədə maariflənməsinə yönəldilmişdir. Bu məqsədlə Qaraciyər Tədqiqi üzrə Avropa Assosiasiyasının daimi üzvü, “EuroMed” klinikasının həkim-infeksionisti Yusif Alxazov Naxçıvana gəlmiş, layihə çərçivəsində maarifləndirici tədbirlərin icrasına başlamışdır.
Aprel ayının ikinci yarısında start götürəcək ikinci mərhələ çərçivəsində yüksək ixtisaslı mütəxəssislərlə pasiyentlərin görüşünün keçirilməsi, onların müayinə və müalicəsinin təşkili üçün müvafiq göstərişlərin verilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti