Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə görülən işlərin, aparılan islahatların məntiqi davamı kimi cari ildən etibarən ölkəmizdə uşaqlar məcburi qaydada tibbi müayinədən keçirilərək icbari dispanserizasiyaya cəlb ediləcəklər. Qeyd edək ki, bu tədbir uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edən, bu sahədə yaranan münasibətləri tənzimləyən “Uşaqların icbari dispanserizasiyası haqqında” 5 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılacaqdır.
Son illər muxtar respublikamızda bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər muxtar respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin uşaq yaşlarında baş verdiyini nəzərə alaraq, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu vaxta qədər də dispanserizasiya işləri aparılmış, bir çox xəstəliklər vaxtında aşkar olunaraq qarşısı alınmışdır. Anadangəlmə ürək qüsurlu uşaqların vaxtaşırı dispanser müşahidəsinə alınaraq müayinə və müalicəsi müvafiq tibb müəssisələrinin fəaliyyətində daim mühüm yer tutur. Son illərdə 435 nəfər anadangəlmə ürək qüsurlu uşaq müayinə olunmuş, 35 nəfərdə uğurlu ürək əməliyyatları aparılmışdır. Hemofiliya, talassemiya, anemiyalar kimi qan xəstəlikləri də erkən aşkar edilərək xəstələr müalicəyə cəlb olunurlar. Dispanserizasiya işlərinin aparılması ilə məşgul olan səhiyyə müəssisələrinin bu gün müasir tibbi texnika və ləvazimatlarla təchiz edilmiş yeni binalarda fəaliyyət göstərməsi qarşıya qoyulan vəzifələrin uğurlu həllinə imkan verir. Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının LOR, oftalmoloq və nevropatoloq, cərrah, pediatr, stomatoloq, dermatoloq, ortopedlərdən təşkil olunmuş həkim briqadası ildə iki dəfə Naxçıvan şəhərinin 21 ümumtəhsil məktəbində kompleks tibbi müayinələr keçirir. Göstərişə uyğun olaraq, əlavə və təkrar yoxlanmalar üçün xəstəxanaya – stasionara cəlb edilirlər. Şagirdlər arasında mantu sınağı aparılır, nəticələr yoxlanılır.Təkcə ötən ilin payız mövsümündə 10 min 775 şagird müayinələrə cəlb olunmuş, kompleks tibbi yoxlamadan keçirilmişdir.
Naxçıvan şəhərindəki 10 uşaq bağçasına sahə prinsipi üzrə həkimlər nəzarət edirlər. Hər il məktəblərdə olduğu kimi, bağçalarda da dərindən tibbi müayinələr aparılır. Uşaq yoluxucu xəstəliklərinin qarşısını almaq üçün immunoprofilaktik tədbirlər həyata keçirilir. Peyvəndlərin vurulmasına, onların əhəmiyyəti haqqında səhiyyə maarifinə ciddi diqqət yetirilir. Naxçıvan şəhərində fəaliyyət göstərən dispanserlərin fəaliyyətində də uşaqların icbari qaydada tibbi müayinədən keçirilməsi üstün istiqamətlərdən biridir.
Rayon mərkəzi xəstəxanalarında və onların əhatə etdiyi kənd həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində hamilələrin qeydiyyatı və uşaq doğulanadək müşahidəsi, doğulduqdan sonra qeydiyyatı, vaxtaşırı patronajı aparılır. Sağlam və xəstələrin dispanserizasiya jurnallarında qeydiyyat aparılır, xəstə uşaqlar müayinə və müalicələrə cəlb edilirlər. Rayonlarda olan bütün məktəblərdə və uşaq bağçalarında ildə iki dəfə dərin tibbi müayinələr aparılır.
Bunların nəticəsidir ki, uşaqlar arasında idarəolunan yoluxucu xəstəliklərin bir çoxu tamamilə ləğv edilmişdir. Muxtar respublikanın ucqar dağ və sərhəd kəndlərindəki uşaqlar həkim briqadalarının daimi əhatə dairəsindədirlər. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika-Müalicə Mərkəzinin və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları ötən il müxtəlif yaşayış məntəqələrində olmuş, 23 min 45 nəfərdən çox sakinə, o cümlədən uşaqlara tibbi xidmət göstərərək onları müayinədən keçirmişlər.
Həkim briqadaları kəndlərdə uşaqlara tibbi xidmət göstərməklə yanaşı, dispanserizasiya işləri də aparır, immunlaşma haqqında yerlərdə lazımi səhiyyə tədbirlərini həyata keçirirlər.
Elektron xidmətləri genişləndirmək məqsədilə Səhiyyə Nazirliyinin müəssisələrində tibbi informasiya sistemi proqramı yaradılmışdır. Uşaqların sağlamlıq kartları, doğum haqqında arayışlar operator vasitəsilə bazaya işlənir və vətəndaşlara verilir.
Aparılan bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlıq vəziyyətləri xeyli yaxşılaşmış, uşaq ölümü səviyyəsi ildən-ilə azalaraq minimuma enmişdir.
Dispanserizasiyanın uşaqları (0-18 yaş) tam əhatə etməsi, uşaqlar üçün sağlamlaşdırıcı tədbirlərin daha effektli və müasir tələblərə uyğun aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi haqqında” “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilməsi barədə” 2013-cü il 4 oktyabr tarixdə Fərman imzalamışdır. İcbari dispanserizasiyasının aparılmasında əsas məqsəd uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğun və ölümün səviyyəsinin daha da azaldılması, uşaqların xəstəliklərdən qorunmasıdır.
Uşaqların icbari dispanserizasiyası zamanı valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların dispanserizasiyasına daha həssaslıqla yanaşılmalıdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində bununla əlaqədar işçi qrupu yaradılmış və tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən, uşaqlara xidmət göstərən tibb müəssisələrində, ilk növbədə, 0-18 yaşa qədər uşaqların adlı siyahısı hazırlanmalı, pediatr, LOR-həkim, oftalmoloq, stomatoloqdan ibarət həkim briqadaları təşkil olunaraq ilkin dispanser müayinələrə başlanmalıdır. Bu müayinələr zamanı uşaqların antropometrik ölçülərinə, görmə qabiliyyətinə, dişlərin, əsnəyin və onurğanın vəziyyətinə xüsusi diqqət edilməlidir.
Müayinələr zamanı ehtiyac olan hallarda xəstə uşaqların ixtisaslı mütəxəssis həkimlər (ftiziatr, kardioloq, nevropatoloq, dermatoloq, uroloq və sair) tərəfindən konsultasiyası, lazım olan hallarda isə stasionar müalicəsi təşkil edilməlidir.
Aşkar olunan xəstə və xəstələnmə riski yüksək uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməsi, ehtiyac olan hallarda reabilitasiya tədbirlərinin və sanator-kurort müalicəsinin həyata keçirilməsi işləri təmin edilməlidir. Dispanser qeydiyyatına alınmış uşaqlar üçün müşahidə kartları açılmalı və onlar arasında mövcud təlimata uyğun müalicə-profilaktika tədbirləri həyata keçirilməlidir. İcbari dispanserizasiyanın uğurlu keçməsi üçün bu dispanserizasiyanın aparılmasının əhəmiyyəti barədə əhali arasında, məktəbəqədər və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində maarifləndirici tədbirlər həyata keçirilməlidir. Dispanserizasiyadan keçən uşaqların Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində registri yaradılmalıdır.
Dispanserizasiyanın uğurla aparılmasında valideynlərin də böyük rolunu qeyd etmək lazımdır. Onlar uşaqların xüsusi müayinələrdən keçirilməsində fəal iştirak etməlidirlər.
Dispanserizasiyanın aparılması işinə mane olan, səhlənkarlıq edən, onu qəsdən ləngidən istər tibb və digər qurum işçiləri, istərsə də valideynlər İnzibati Xətalar Məcəlləsinin 65.2.1 və 65.2.2 maddələri ilə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Əminik ki, hər kəs bu sahədə tibb işçilərinə yaxından köməklik göstərməklə gələcəyimiz olan uşaqların sağlamlığı üçün əlindən gələni əsirgəməyəcəkdir. Çünki ulu öndərimizin dediyi kimi: “Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr 21-ci əsrdə dünyanın məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar. Ona görə də uşaqların sağlamlığının təmin olunması və qorunması hər bir dövlət üçün çox böyük və müqəddəs vəzifədir”.
İbrahim AĞAYEV,
Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları