Muxtar respublikamızda səhiyyə sisteminin tarixi ötən əsrin iyirminci illərinə təsadüf edir. Naxçıvan İnqilab Komitəsinin 1920-ci il 10 oktyabr tarixli qərarı ilə Naxçıvanda ilk səhiyyə şöbəsi, 1921-ci il dekabrın 24-dən isə Azərbaycan Xalq Səhiyyə Komissarlığının Naxçıvan Diyar Əlahiddə Səhiyyə İdarəsi yaradılmışdır. Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 18 yanvar tarixli qərarına əsasən, Xalq Səhiyyə Komissarlığının yaradılması ilə səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Bu dövrdən etibarən Naxçıvan səhiyyəsi əhalinin sağlamlığının əsl mühafizəçisinə çevrilmişdir.
Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ 1969-cu ildə Azərbaycanın rəhbəri seçiləndən sonra səhiyyənin inkişafını təmin etmək barədə tarixi qərarlar qəbul etmişdir. Bu dövrdə yeni tibb ocaqlarının tikilməsi, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və ixtisaslı həkim kadrlarının hazırlanması səhiyyə sisteminin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ötən əsrin 70-80-ci illərində Naxçıvan şəhərində respublika xəstəxanası, doğum evi kompleksi, uşaq xəstəxanası, dəri-zöhrəvi, vərəm, onkoloji dispanserləri, Səhiyyə Nazirliyinin inzibati binası, rayon mərkəzlərində və kəndlərdə xəstəxana binaları, feldşer-mama məntəqələri tikilib istifadəyə verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev səhiyyəni cəmiyyət və dövlət həyatında mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir”.
Ümummilli lider xalqımızın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra digər sahələr kimi, səhiyyədə də yeni quruculuq dövrü başlanmışdır. Blokadanın yaratdığı ağır şəraitdə əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Son 10 ilin ən möhtəşəm quruculuq ünvanlarından olan Naxçıvan Diaqnostika-Müalicə və Doğum mərkəzləri, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya, Onkoloji, Naxçıvan Şəhər Təcili Tibb, Gigiyena və Epidemiologiya mərkəzləri, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Şəhər Körpələr Evi, Ağciyər və Psixi Xəstəliklər dispanserləri, Darıdağ Arsenli Su Müalicəxanası, rayon mərkəzi xəstəxanaları bu gün bölgədə analoqu olmayan səhiyyə müəssisələrindəndir.
Dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”. Bu mənada ölkəmizdə ilk dəfə olaraq pullu tibbi xidmətin məhz muxtar respublikamızda ləğv edilməsi əhalinin sağlamlığının qorunmasına hesablanmış tədbirlərdir. Son 18 ildə muxtar respublikada 225 səhiyyə obyektinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi bu sahədə görülən tədbirlərin tərkib hissəsidir. Səhiyyə sistemində genişmiqyaslı infrastruktur quruculuq tədbirlərinə uyğun olaraq, təkcə ötən il Şərur rayonunun Dəmirçi, Xanlıqlar və Sərxanlı, Babək rayonunun Çeşməbasar, Ordubad rayonunun Bist, Culfa rayonunun Kırna, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Kükü və Qızıl Qışlaq kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Gümüşlü və Şahbulaq, Babək rayonunun Şəkərabad, Ordubad rayonunun Çənnəb, Ələhi, Nürgüt, Xurs, Nəsirvaz, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Güney Qışlaq və Ayrınc kəndlərində isə feldşer-mama məntəqələri istifadəyə verilmiş, Babək Rayon Mərkəzi Xəstəxanasının tikintisi, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Şahbuz rayonunun Sələsüz kəndində isə həkim ambulatoriyasının yenidən qurulması başa çatdırılmış, bütövlükdə, 22 səhiyyə müəssisəsi tikilmiş və ya yenidən qurulmuşdur.
Bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində Təcili yardım, Çoxprofilli diaqnostika, Hemodializ, Cərrahiyyə, Kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji və tam komplektləşdirilmiş fizioterapevtik kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsini aparmaq mümkündür.
Muxtar respublikamızın səhiyyə müəssisələri sırasında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanır. Burada yüksəkixtisaslı həkimlər tərəfindən müayinə və müalicə işlərinin aparılması öz səmərəliliyini gündən-günə artırır. Doğum Mərkəzində Ekstrakorporal mayalanma şöbəsi fəaliyyətə başladıqdan sonra təkcə ötən il süni mayalanma üzrə 100 nəfər tibbi müayinədən keçirilmişdir.
Kardioloji mərkəzdə quraşdırılan elekrokardioqrafiya, exokardioqrafiya, EKQ-tredmil, mobil rentgen, kardiomonitorlar, böyüklər və uşaqlar üçün süni tənəffüs aparatları, laborator avtoanalizatorlar, fizioterapevtik aparatlar xəstələrə yüksək səviyyədə xidmət göstərməyə imkan verir. Artıq açıq ürək əməliyyatlarının Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır. Türkiyə Respublikasından və Bakı şəhərindən yüksəkixtisaslı mütəxəssislərin dəvət olunaraq müxtəlif cərrahi əməliyyatlar aparmaları ənənə halını almışdır. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatlarının təşkili onlara həm maddi, həm də mənəvi dəstək olmuşdur. Hazırda aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stent qoyulması, müxtəlif göz və digər əməliyyatlar aparılır.
Səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Hazırda səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsini genişləndirmək, əhaliyə yerindəcə keyfiyyətli tibbi xidmət göstərmək prioritet istiqamətlərdən biridir. Bu məqsədlə həkim briqadaları ucqar dağ və sərhəd kəndlərində olur, əhaliyə lazımi tibbi xidmət göstərirlər. Bu da xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında tam müalicə olunması baxımından son dərəcədə əhəmiyyətlidir. Bir məsələni də qeyd edək ki, bu gün Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”. Muxtar respublikada əhalinin sağlamlığının qorunması ilə yanaşı, onların tibbi biliklərinin artırılmasına da böyük önəm verilir, səhiyyə maarifi işi həyata keçirilir. Gənc ailələrdə səhiyyə maarifi işini, hamilə qadınlara patronaj xidməti, yenidoğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların elektron sağlamlıq kartları ilə təminatı və ondan istifadə qaydasının öyrədilməsi diqqət mərkəzində saxlanılır, istehsal müəssisələrində bədbəxt hadisələr zamanı ilk yardım mövzusunda seminar və praktik məşğələlər keçirilir. Bütövlükdə, həyata keçirilən profilaktik və əks-epidemik tədbirlər nəticəsində muxtar respublikada ana və uşaq ölümü minimuma enmiş, əhali arasında 1996-cı ildən poliomielit, 1997-ci ildən difteriya, 2003-cü ildən isə malyariya xəstəliyi qeydə alınmamışdır.
Hazırda muxtar respublikada əhaliyə 235 səhiyyə müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Həmin tibb müəssisələrində 751 həkim, 2196 orta tibb işçisi çalışır. Həkim və tibb işçilərinin əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onlardan 57-si Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi adına layiq görülmüş, 8 nəfər “Tərəqqi” medalı ilə təltif edilmişdir.
90 yaşını qeyd edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi bundan sonra da əhalinin sağlamlığının keşiyində dayanacaq, dövlətimizin ən qiymətli sərvəti olan onun insanları lazımi tibbi xidmətlə təmin olunacaqlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti