22 Dekabr 2024, Bazar

Ev şəraitində hazırlanan müxtəlif turşular, mürəbbələr və kompotlar bəzən ağır zəhərlənmələrə səbəb ola bilir. Bu hal əsasən, qış aylarında, konservləşdirilmiş məhsulların maksimum istifadəsi zamanı baş verir. Belə zəhərlənmələrlə bağlı yaranan xəstəlik “botulizm” adlanır. Təəssüf ki, istehlakçıların bir çoxu bu xəstəlik və onun müalicəsi, profilaktikası haqqında çox az məlumata malikdirlər. Məlumatsızlıq nəticəsində isə sözügedən xəstəlik ağır fəsadlarla nəticələnir. Bu xəstəliklə bağlı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Sevil İbrahimovaya müraciət etdik:

–  Sevil  həkim, botulizm nədir?    
– Botulizm ağır qida toksikoinfeksiyasıdır (zəhərlənmə infeksiyası). Əsasən, uzunsov və onurğa beyninin botulotoksin tərəfindən zədələnməsi ilə xarakterizə olunur. Tənəffüs əzələlərinin iflici nəticəsində meydana çıxan tənəffüs çatışmazlığı bu xəstəliyin ən ciddi ağırlaşma mərhələsi hesab edilir və ölümün əsas səbəbi sayılır. Botulizmin geniş alovlanmaları baş verərsə, mövcud botulizm əleyhinə zərdab ehtiyatları və intensiv terapiya (süni tənəffüs aparatları) imkanları xəstəliyin qarşısını almaq üçün kifayət etməyə bilər.
– Bu xəstəliyi törədən amillər hansılardır?
– Botulizmin törədicisi klostridium-botilinium bakteriyalarıdır. Botulizmin törədici mikrobları torpaqda yaşayır və oradan suya, tərəvəzə, meyvələrə, qida məhsullarına keçir. Botulotoksin çox şiddətli bakterial zəhərdir. Botulizmin törədiciləri su və ya yemlə otyeyən heyvanlara və soyuqqanlılara (balıqlar və sair) keçir. Həmin heyvanların ətini və ya məhsullarını istehlak etdikdə bu mikroblara yoluxma baş verir. Amma əksər hallarda botulizm xəstəliyinin baş verməsi evdə konservləşdirilmiş məhsulların qəbulu ilə əlaqədardır. Botulizmlə qrup şəklində zəhərlənmə hallarına tez- tez rast gəlinir.
–  Xəstəliyin inkubasiya dövrü nə qədərdir?
– İnkubasion dövr 2 saatdan 10 günə qədər ola bilir. İnkubasiyanın dövrü orqanizmə daxil olan toksinin dozasından çox asılıdır. Xəstəlik qəflətən başlayır. Xəstələr qarında ağrılardan, mədə nahiyəsində ağırlıq hissindən və ürəkbulanmasından şikayət edirlər. Bədən temperaturu normal qalır, bəzən yüksəlir. Xəstələrin çoxu başağrısından, başgicəllənmədən, ürəkdöyünməsindən, ağızda quruluqdan şikayətlənirlər. Belə xəstələr çox tez yorulurlar. Xəstəliyin əvvəlindən 3-4 saat keçəndən sonra kəllə-sinir nüvələrinin zədələnmələri və müxtəlif orqanların innervasiyasının paralitik pozğunluqları başlayır. Adətən 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Oftalmoloji simptomlar xəstəliyin ilk əlamətlərindən biri olur. Xəstələr pis görmədən, gözləri önündə “duman” və ya “tor” olmasından, görüntünün ikiləşməsindən şikayətlənirlər. Oxumaq istədikdə onlar sətirlərdə hərflərin “qaçdığını” müşahidə edirlər. Göz simptomları ilə yanaşı, udma və nitq qabiliyyəti də pozulur. Danışıq zamanı səs tutulur. Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir. Xəstəliyin son fazasında diafraqma və başqa tənəffüs əzələlərinin zədələnməsi ilə əlaqədar tənəffüs funksiyasının pozğunluğu baş verir. Terminal dövrdə skelet əzələləri boşalaraq xəmirvari forma alır. Hərəkət son dərəcə məhdudlaşır. Xəstələr başlarını düz tuta bilmirlər. Bu hal xəstənin tənəffüs iflicindən ölümü ilə nəticələnir. Əgər xəstə sağ qalarsa, sağalma tədricən gedir. Əmək qabiliyyəti 6-12 aya qədər itə bilər. Çox hallarda ürək və sinir sisteminin zədələnməsi ilə əlaqədar daimi əlillik baş verir. Bu səbəbdən sadaladığımız simptomları (onların hər hansılarını) hiss etdikdə tez bir zamanda həkimə müraciət edin. Qeyd edək ki, botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilər.
– Bəs bu xəstəlikdən necə qorunmaq olar?
– Bu xəstəlikdən qorunmaq, botulizm xəstəliyindən sığortalanmaq üçün ev şəraitində hazırlanmış turşuları, mürəbbələri və sair konservləri yalnız təzə, keyfiyyətli meyvə və tərəvəzlərdən hazırlayın. Xarab, yetişməmiş və sair meyvə və tərəvəzlərdən istifadə etməyin. Ev şəraitində turşuları, mürəbbələri və sair konservləri hazırladıqda meyvə və tərəvəzləri çox diqqətli şəkildə axar suda yuyun. Daha yaxşı olardı ki, meyvə və tərəvəzlər onlar üçün nəzərdə tutulmuş xüsusi vasitələrlə yuyulsun. Konservləşdiriləcək qabların bir neçə dəfə sterilizasiya olunması daha etibarlıdır. Bundan başqa, konservləri mütləq soyuq yerdə saxlamaq lazımdır (soyuducu, eyvan, zirzəmi). Əgər hər hansı turşu və sair konservlərin bankasının qapağı “şişibsə”, belə məhsuldan istifadə yolverilməzdir. Ev şəraitində hazır­lanan konservləri istifadə etməzdən əvvəl 15-20 dəqiqə ərzində bağlı vəziyyətdə su ilə dolu qazanda qaynadın. Bu halda botulotoksin tam məhv olacaq. Nəzərinizə çatdıraq ki, yalnız ev şəraitində hazırlanan konservlər deyil, dükanlarda satılan sənaye konservləri də botulizm xəstə­liyinə səbəb ola bilər. Bu səbəbdən dükanlardan tərəvəz, balıq, ət və sair konservləri aldıqda qablaşmaya diqqət edilməlidir – məhsul təzə olmalı (yararlılıq müddətinə diqqət yetirin), qapağı şişməməli, dəmirdən olan konservin üzərində batıq yerləri olmamalıdır. Dəmir bankalarda olan balıq və ət konservlərini açdıqdan dərhal sonra digər qaba qoymaq lazımdır.
– Bəs bu xəstəliyin müalicəsi necə aparılır?
– İlk növbədə, botulotoksini ney­trallaşdırmaq, onun orqanizmdə toplanmasına mane olmaq lazımdır. Bunun üçün vena və ya əzələ daxilinə botulizm əleyhinə polivalent zərdab vurulur. Xəstəliyin ağır formasında dərhal 2 doza venaya, bir doza əzələ daxilinə, 12 saatdan sonra  dördüncü doza əzələ daxilinə vurulur. İkinci gün isə 2 doza venaya, 3-4-cü günlər 1 doza əzələ daxilinə vurulur. Ən vacib şərtlərdən biri mədənin yuyulması, bağırsaqların təmizlənməsidir. Lazım gəldikdə tənəffüsü bərpa etmək üçün xəstədə traxeostamiya əməliyyatı aparılır.  

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR