22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya  prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə bu ilin ötən dövründə 187 həkim şəffaf şəraitdə test imtahanlarını və müsahibə mərhələsini başa vurmuşdur.
Növbəti test imtahanında kardiologiya, mama-ginekologiya, məhkəmə-tibb ekspertizası, otorinolarinqologiya, allerqologiya, pediatriya, stomatologiya, dermatovenerologiya, terapiya, əczaçılıq ixtisasları üzrə həkimlər öz bilik və bacarıqlarını sınamışlar. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən  test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Şurasının  sədri Nihad Seyidov test imtahanının qaydaları, Sertifikasiya İmtahan Komissiyasının sədri Süleyman Cəfərov isə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılmasında sertifikasiyanın rolu haqqında məlumat vermişlər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 16  nəfərə paylanmış, 3 saat davam edən  imtahan prosesinin şəffaf, tam obyektiv şəraitdə keçməsi təmin edilmişdir.
Test imtahanının yekunlarına görə, mütəxəssislərdən 7 nəfər 90-100, 7 nəfər 80-90, 1 nəfər 70-80, 2 nəfər isə 60-70 arası bal toplayaraq test imtahanından keçərli sayılmışlar. Mərkəzi Uşaq Xəstəxanasının pediatrı Aytən Əhməd­ova yüz faizlik nəticəyə nail olmuşdur. Bir nəfər isə zəruri həddi keçə bilməmişdir. Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR