22 Dekabr 2024, Bazar

Ölkə paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının burada təşkili artıq ənənə halını almışdır.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ürək-damar xəstəliklərində tətbiq edilən bütün müasir cərrahi əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şərait yaradıldığından müayinə və müalicə işinin səmərəliliyi get-gedə artır. Cərrahi müdaxilələr peşəkar mütəxəssislər tərəfindən ən yeni avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda aparılır. Əməliyyatların aparılmasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  Mərkəzi Neftçilər Xəstəxanası Kardioloji Mərkəzinin həkim briqadasının böyük rolu vardır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə bu xəstəxana arasında əldə olunan razılığa əsasən, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi fəaliyyətə başladığı 2007-ci ildən etibarən müntəzəm olaraq burada müxtəlif­ixtisaslı həkim və orta tibb işçilərindən ibarət tibbi heyətin iştirakı ilə xeyli sayda xəstələrin müayinə və cərrahi müalicəsi həyata keçirilmiş, 344 xəstədə açıq ürək, 766 xəstədə angio­qrafiya və angioplastika əməliyyatları aparılmışdır.

Növbəti səfər zamanı isə ümummilli liderimizin anım gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilmiş, Kardioloji Mərkəzin müdiri, ürək və damar cərrahı Rəşad Mahmudovun rəhbərliyilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində əvvəlcədən qeydiyyata götürülmüş 23 kardioloji xəstədə açıq ürək, 2 xəstədə periferik, 15 xəstədə angioqrafiya əməliyyatları aparılmış və çox sayda risk faktorlu xəstə müxtəlif kardioloji müayinələrdən keçirilmişdir. İki xəstəyə aortik bio­protez qapaq qoyulmuş, eyni zamanda aortakoronar şuntlama əməliyyatı icra olunmuşdur.
Anadangəlmə ürək qüsurlu 2 uşaq üzərində (1,3-2 yaş) aparılan açıq ürək əməliyyatları da uğurla başa çatdırılmış, 1 xəstəyə isə aortal qapaq qoyulmuş və onlar tam sağalma ilə evə buraxılmışlar. Kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr verilmişdir.
Aksiya çərçivəsində yerli həkimlər bütün cərrahi əməliyyatlarda iştirak etmişlər. 

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR