22 Dekabr 2024, Bazar

İntiqam Fətullayev bununla qürur duyur

Bu gün muxtar respublikada qazanılan uğurlarda yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclərin də rolu vardır. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, yeni ideyalarla yaşayan bir qüvvədir. Gənclərimiz yaradılmış imkanlardan yararlanmaqda maraqlıdırlar və bu səbəbdən onlar cəmiyyətin inkişaf prosesinin avanqardına çevriliblər. Uzağa getməyək. Muxtar respublikanın müxtəlif yüksək idarəetmə orqanlarında, müxtəlif peşə və sənət sahələrində gənclərimizin nəzərəçarpacaq dərəcədə uğurlara nail olması bu günün reallığıdır. Bu sırada gənc həkimlərimiz xüsusi qeyd edilməlidir. Bu yazımızda onlardan biri haqqında danışmaq istəyirik.

İntiqam Fətulla­yevin  adı səhiyyə sahəsində yaxşı həkim kimi çəkilir. Gənc yaşlarında belə nüfuz qazanmaq  hər ağ xalat sahibinə qismət olmur. Onu da qeyd edim ki, İntiqam həkim peşəsi ilə əlaqədar 4 ildir, Bakı şəhərində ixtisasartırma təcrübəsi keçir. Bir ildən sonra doğma Naxçıvana qayıdacaq. İndiyə qədər apardığı əməliyyatların çoxunun ünvanı Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi olub. Onun növbəti əməliyyatlar üçün Naxçıvana gəldiyini eşidəndə bu istedadlı həkimlə görüşmək istədik.  
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində onun üçün ayrılmış otağın qapısında xeyli adam var. Gözləməli oldum. Növbə gözləyən insanların gözləri diqqətimi cəlb etdi. Bu gözlərdə həkimdən kömək diləyini hiss etmək çətin deyildi.

Budur, İntiqam həkim qarşımdadır. Gözləri yorğun, amma ona müraciət edənləri dinləməyə həvəslidir. Qısa söhbətdən sonra öyrənirəm ki, 1983-cü ilin noyabr ayında Şahbuz rayonunun Keçili kəndində anadan olub. 2000-ci ildə həmin kəndin orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 620 balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub. Universiteti ürək-damar (kardiovaskulyar) cərrahı kimi bitirib. 2008-ci ildən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində cərrah-həkim kimi fəaliyyət göstərir.
Həkimlik peşəsi çətin və məsuliyyətli olduğu kimi,  bu peşəyə yiyələnmək də bir o qədər asan deyil. Bu arzuya çatmaq üçün enişli-yoxuşlu elm və təcrübə yollarından keçməlisən, rastlaşdığın  məhrumiyyətlərə dözməlisən. Bunları İntiqam həkim deyir. Bu gün yuxusuz gecələrin və inadkar­lığın bəhrəsi kimi ağ xalatı qürurla geyinən həkim söhbətə davam edir:
– Hələ uşaq yaşlarımda böyüyəndə həkim olacağımı qərarlaşdırmışdım. O vaxtlar kəndimizdə gördüyüm xəstələr, onların keçirdiyi ağır anlar mənə də təsir edirdi. Xüsusən də infarkt keçirən insanları görəndə özümə yer tapa bilmirdim. O vaxt bu sahə ölkəmizdə o qədər də inkişaf etməmişdi. Düşünürdüm ki, axı bunun bir yolu olmalıdır. 50 yaşına çatma­mış ölən insanların ürəklərindəki problemlərin çarəsi mütləq tapılmalıdır. Mən Azərbaycan Tibb Universitetinə qəbul olunarkən bu təhsil ocağından ürək-damar (kardiovaskulyar) cərrahı hələ məzun olma­mışdı. Bilirdim ki, mənim üçün çətin olacaq. Ancaq başda Rəşad həkim olmaqla digər həkimlərin dəstəyi ilə arzuma çatdım. Universitetin ürək-damar cərrahı kimi  ilk məzunu oldum. Naxçıvana gələndə isə çox sevinirdim. Düşünürdüm ki, öz doğma torpağımda ilk ürək cərrahı kimi fəaliyyətə başlayacaq, bu sarıdan problemi olan insanların sağlamlı­ğına xidmət edəcəyəm.      
– Artıq Bakıda kursunuzun başa çatmağına az qalıb. Bir ixtisaslı mütəxəssis kimi Bakıda  və hansısa xarici ölkədə  işləmək planınız yoxdur ki?
– Əsla. Ən yaxşı və sədaqətli peşə sahibi xalqına, millətinə xidmət edəndir. Bakı şəhərində bu sahə üzrə xarici dövlətlərdə təhsil alıb fəaliyyət göstərən həkimlərimiz az deyil. Mən Naxçıvandan başqa yerdə fəaliyyət göstərə bilmərəm. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi olmaqdan qürur duyuram. Mən bura kənar yerlərdən gələn həkimlərin burada yaradılan şəraitə necə heyran olduqlarını görürəm. Bu səhiyyə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Bunlarla işləyən gənc həkimlərə ehtiyac var. Ürək-damar cərrahına isə xüsusi ehtiyac duyulur. Bu halda  mən kənarda işləmək arzusunda necə ola bilərəm? Məlumdur ki, hər il Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyəti burada ürək əməliyyatları həyata keçirir. Bu əməliyyatlarda mən də iştirak edirəm. Artıq kursun bitməyinə az müddət qalır. Onu deyim ki, ürək əməliyyatı bir həkimlə aparılmır. Bu, komanda işidir. Təbii ki, ən yüksək məsuliyyət əməliyyatı aparan həkimin üzərinə düşür. Gələcəkdə belə bir komanda ilə Naxçıvanda fəaliyyətə başlayacağam.
Söhbətimizə davam edirik. Bildirir ki, müəllimlərimizdən biri deyir: əməliyyatda xəstənin ürək döyüntüsü azalır, ancaq həkimin həyəcandan ürək döyüntüsü çoxalır. Ürək insanda ən həssas  və möcüzəli orqandır. Bu möcüzəli orqanı bütün detalları ilə kəşf etməyi qarşıma məqsəd qoymuşam. Müasir dövrün həkimi dərin elmi biliyə malik olmalı, daim mütaliə etməli, dünya səhiyyəsinin qazandığı ən son uğurları mənimsəməli, bu yenilikləri milli təbabətimizə tətbiq etməyə çalışmalıdır.  
İntiqam həkim oxucularımıza məsləhət verməyi də unutmur. Deyir ki, hər insan müntəzəm olaraq  ürəyinin sağlamlığının  qeydinə qalmalı, mütəmadi olaraq həkimə müraciət etməlidir:
– Bu yaxınlarda bir xəstəm var idi. Ürəyindən heç bir şikayəti yox idi. Sadəcə, ürəyini yoxlatmaq üçün müraciət etmişdi. Analizlər, EXO kardioqrafiya edildi. Bir neçə problem göründü və onu angioqrafiya etməli olduq. Ürək damarında daralmalar müşahidə etdik. Əgər bunu gec bilsəydi, o, infarktla üz-üzə qala bilərdi. Əməliyyatdan sonra artıq heç bir problemi qalmayıb. Normal həyatına davam edir. Demək istədiyim odur ki, bu gün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində hər cür şərait var. Vaxtında sağlamlığımızın qeydinə qalmaqla əksər həyat risklərini qabaqlamış olarıq. 

Bir saatlıq söhbətdən və qeydlərimi götürdükdən sonra artıq  İntiqam həkimin daxili dünyasına az da olsa, bələd idim. Düşünürdüm ki, ömürlərə ömür calayan bu yazımın qəhrəmanını hələ neçə-neçə yuxusuz gecələr və narahat günlər gözləyir. Bu gecələrdə, narahat anlarda möcüzələr yaranır – insan həyata qaytarılır. Və yenə də düşünürəm ki, bu möcüzələri yaradan parıltısından üşütmə tutduğumuz bir barmaq neştər deyil, həkimlərimizin ürək çırpıntılarıdır, bir də onların “soyuq silah”larını tutduqları şəfalı əlləri, zəhmət təridir. Elə bu əzmkarlığın ahəngindən yaranır həyat ritmi. İntiqam həkimin belə möcüzəli anlar yaşayacağı günlər çox olacaq.  

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR