22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya  prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə bu ilin ötən 11 ayında 171 həkim şəffaf şəraitdə test imtahanlarını və müsahibə mərhələsini  başa vurmuşdur.
Dekabrın 14-də keçirilən növbəti test imtahanında endokrinologiya, travmatologiya, yoluxucu xəstəliklər, şüa-diaqnostikası, laboratoriya və anesteziologiya-reanimatologiya ixtisasları üzrə həkimlər öz bilik və bacarıqlarını sınamışlar. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən  test imtahanında Səhiyyə Nazirliyi Sertifikasiya Şurasının sədri Nihad Seyidov test imtahanının qaydaları haqqında məlumat vermişdir.

Sonra Sertifikasiya İmtahan Komissiyasının sədri Süleyman Cəfərov çıxış edərək bildirmişdir ki, hazırda dünya tibb elmində çox böyük inkişaf gedir, irəliləyişə nail olunur. Əvvəlki dövrdə müalicə olunmayan xəstəliklər indi artıq müalicə edilir, yeni təfəkkürə, müasir elmi biliklərə yiyələnən kadrlar yetişir. Kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri də tibb işçilərinin sertifikasiyasıdır. İndi bütün qabaqcıl ölkələrdə olduğu kimi, muxtar respublikamızda da beş ildən bir imtahan verib sertifikat almayan tibb işçiləri praktik fəaliyyətlə məşğul ola bilməzlər. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, həkimlik peşəsinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır. Bu proseslər muxtar respublikamızda da həkimlərin bilik və peşə bacarıqlarının artırılmasını zəruri edir. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 16 nəfərə paylanmış, 3 saat davam edən  imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
Test imtahanının yekunlarına görə, mütəxəssislərdən 6 nəfər 90-100, 8 nəfər 80-90, 1 nəfər 70-80, 1 nəfər isə 60-70 arası bal toplayaraq test imtahanından keçərli sayılmışlar. Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR