22 Dekabr 2024, Bazar

Heydər Əliyev Fondunun təşəbbüsü  ilə  Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstəlikləri Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası ölkəmizdə ənənəvi hal alan növbəti xeyriyyə aksiyasını Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində keçirir. Dekabrın 7-dən başlanan aksiya çərçivəsində artıq 16 açıq ürək, 8 angioqrafiya əməliyyatları aparılmış, 300 nəfər müayinədən keçirilmişdir. Əməliyyat və müayinələrdə yerli həkimlər də yaxından iştirak edirlər. Onların iştirakı ilə ürək əməliyyatına ehtiyacı olan xəstələr əvvəlcədən müəyyən olunaraq növbəyə alınmışlar. Həkim briqadasının dekabrın 14-dək davam edəcək fəaliyyəti dövründə müayinə ediləcək pasiyentlərdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amilləri araşdırılacaq, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri diqqət mərkəzində saxlanılacaqdır.

Bu aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Serebrovaskulyar xəstəliklərin müayinə və müalicəsinə müasir baxış” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında tarix və xalq qarşısında misilsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin həm də səhiyyənin inkişafına mühüm töhfələr verdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizdə səhiyyənin uğurları, maddi-texniki bazası, kadr potensialı, peşəkarlıq səviyyəsi başqa dövlətlərdən xeyli üstün olmuşdur. Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra səhiyyənin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirlər həyata keçirilmişdir.
Sonra konfransda Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, Ürək-Damar Xəstəlikləri Mərkəzinin müdiri Rəşad Mahmudovun “Koronar və Serebral arteriyaların kombinə  aterosklerotik zədələnmələrində müalicə taktikası”, Türkiyə Respublikasından invaziv radioloq, professor Əhməd Məmişin “Serebrovaskulyar patologiyaların diaqnostika və müalicəsində invaziv radiologiyanın rolu”, İzmir şəhərindəki Ege Universitetinin professoru Əmrə Qumralın “Serebrovaskulyar xəstəliklər: insultun medikamentoz müalicəsi”, İzmir Şəhər Xəstəxanasının professoru Suat Buketin “Yuxu arteriyalarının xəstə­liklərində cərrahi müalicənin rolu”, Daşkənd Tibb Akademiyası Damar cərrahiyyəsi şöbəsinin müdiri Abdulrəsul Yulbaris­ovun “Özbəkistanda damar cərrahiyyəsində tətbiq olunan müasir üsullar” mövzularında məruzələri dinlənilmiş, dünya səhiyyəsində bu sahədə əldə edilən son nailiyyətlər barədə məlumatlar verilmişdir. Sonda məruzələr ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR