Hər il dekabrın 1-i “Ümumdünya QİÇS-lə Mübarizə Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd dünya ictimaiyyətinin diqqətini bəşəriyyəti narahat edən bu qlobal problemə yönəltməkdən, insanları maarifləndirməkdən ibarətdir.
XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS – qazanılmış immun çatışmazlığı sindromudur. Çünki qazanılmış immun çatışmazlığı sindromu eyniadlı virus – insanın immun çatışmazlığı virusu (İİV) tərəfindən törədilən ən təhlükəli infeksion xəstəliklərdəndir. Adından da göründüyü kimi, QİÇS insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, sonradan tutulan xəstəlikdir. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik – bütün bunlar QİÇS-in yaranmasına və yayılmasına səbəb olur.
Bir sıra Avropa ölkələrində bu xəstəliyə mübtəla olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin onlara münasibətini dəyişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir, tibbi yardımlar göstərilir. QİÇS-in epidemiya kimi ilk dəfə harada aşkarlanmasından asılı olmayaraq, o, indi heç bir sərhəd tanımır, heç bir milli, dini ayrılığa fərq qoymadan yer üzündə tüğyan etməkdədir. Bəlkə, elə bu xüsusiyyətinə görə o, əsrin bəlalarından biri hesab olunur. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir. Hazırda dünyada milyonlarla insan bu virusun daşıyıcısıdır.
Xəstə şəxslərlə təsadüfi əlaqələr QİÇS-ə yoluxmanın əsas səbəblərindən biridir. Yoxlanmamış donor qanın köçürülməsi zamanı birdəfəlik şprislərin təkrar istifadəsi, steril olmayan tibbi alətlər, narkotik vasitələrin qəbulu, döymə (tatuz), qulaq və bədənin digər üzvlərinin deşilməsi, manikür və başqa gigiyenik tələblərə cavab verməyən əşyalardan istifadə edilməsi də yoluxmaya gətirib çıxara bilər. Xəstə anadan uşaqlara keçən infeksiya da yoluxmada əsas səbəblərdən hesab olunur.
Azərbaycanda bu xəstəliyə qarşı uğurla mübarizə aparılır. Ölkəmizdə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma sürətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da, təhlükə qalmaqdadır. Qeyd edək ki, Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da zənginləşdirilib. Hazırda ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da həyata keçirilir. Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzində “İnsanın immun çatışmazlığı virusu infeksiyası” diaqnozu ilə dispanser qeydiyyatına götürülən və ehtiyacı olan bütün xəstələrə insanın immun çatışmazlığı virusu QİÇS-lə bağlı diaqnostika, profilaktika, müalicə və qulluq göstərilir. Müalicə nəticəsində immun sistemi bərpa olunur, xəstələnmə və ölüm hadisələri azalır.
Ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində son illər immun çatışmazlığı virusuna yoluxma səviyyəsi stabildir. Bu gün muxtar respublikamızda da yoluxma səviyyəsinin aşağı olması çox sevindirici haldır. Lakin ərazimizin 3 dövlətlə həmsərhəd olması, MDB və digər ölkələrə gediş-gəlişin artması, əksər ölkələrdə bu xəstəliyin sürətlə çoxalması muxtar respublikada da QİÇS-in yayılmasına səbəb ola bilər. Ona görə də QİÇS-in profilaktikasına dair epidemioloji nəzarət və təbliğat gücləndirilməli, xəstəliyin vaxtında aşkar edilməsi məqsədilə bütün donorlar, ümumiyyətlə, risk qrupuna aid olan bütün şəxslər laborator müayinələrə cəlb edilməlidirlər. Bu işdə isə 2005-ci ilin avqust ayından etibarən fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin üzərinə böyük məsuliyyət düşür. İstənilən şəxs anonim qaydada bura müraciət edib mərkəz tərəfindən QİÇS, Hepatit B, C və digər xəstəliklərin aşkar edilməsi üçün müayinə oluna bilər.
Xəstəliyin qarşısının alınması istiqamətində həyata keçirilən maarifləndirici söhbətlərin də böyük əhəmiyyəti vardır. Miqrasiyanın artdığı bir zamanda əhalini maarifləndirmək hər şeydən vacibdir. Bu məqsədlə mərkəzin işçiləri tez-tez muxtar respublikamızda fəaliyyət göstərən ali və orta təhsil ocaqlarında olur, yeniyetmə və gənclər arasında seminarlar keçirirlər. Xəstəlikdən qorunmaq üçün profilaktika ilə yanaşı, səhiyyə maarifi də gücləndirilməlidir. Bu işə nəinki səhiyyə işçiləri, bütün ziyalılar, hər bir vətəndaş qoşulmalıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzində 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilməklə yanaşı, mübarizə aylığı da keçirilir. Mərkəz hamını bu aylıqda fəal iştirak etməyə çağırır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti