22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda ürək xəstəliklərinin müasir müayinə və profilaktikası məqsədilə invaziv kardiologiyanın inkişaf etdirilməsi səhiyyə sistemi qarşısında prioritet məsələ kimi durur. Bu sahədə tibbi xidməti daha da yaxşılaşdırmaq, xüsusən aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən müayinəsinin təşkili məqsədilə bir sıra mühüm işlər görülmüş, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi və digər səhiyyə müəssisələrinin müasir tibbi avadanlıq və cihazlarla təchizatına ciddi diqqət yetirilmişdir.
Bu isə sosial layihələr çərçivəsində yüksəkixtisaslı həkim heyəti tərəfindən təkcə cari ilin ilk 9 ayında 159 cərrahi əməliyyat, o cümlədən 28 nəfər xəstədə açıq ürək, 5 nəfər xəstədə periferik damar, 71 xəstədə göz və 55 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmasına, 16 nəfər xəstənin ürək damarlarına stent qoyulmasına imkan vermişdir. Muxtar respublikamıza dəvət olunaraq bir sıra çətin əməliyyatlar həyata keçirən Mərkəzi Neftçilər Xəstəxanasının yüksəkixtisaslı həkim briqadaları tərəfindən 2007-ci ildən indiyədək 600-dən çox  xəstə üzərində angioqrafiya əməliyyatı aparılmışdır.

Növbəti əməliyyatlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə Mərkəzi Neftçilər Xəstəxanası İntervension kardiologiya bölməsinin  müdiri, kardioloq-həkim, tibb üzrə fəlsəfə doktoru Abbasəli Abbasəliyev tərəfindən həyata keçirilmişdir. Diaqnostika-Müalicə Mərkəzinin həkimləri əvvəlcədən angioqraf müayinəsi apardıqdan və stent müalicəsinə ehtiyacı olan xəstələri müəyyənləşdirdikdən sonra bu təcrübəli mütəxəssisin iştirakı ilə 26 xəstə üzərində ilkin angioqrafiya müayinəsi aparılmış, 13 nəfərin koronar arteriyalarında balon angioplastikası və stentin yerləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Qeyd edək ki, koronarangioqrafiya ürəyin tac damarlarını müayinə etmək üçün ən informativ bir üsuldur. Bu üsul ürəyin tac damarlarının vəziyyəti haqqında geniş məlumat verir. Müayinə prosesində sağ və ya sol bud arteriyasından nazik tel (kateter) salınaraq ürəyin tac damarına qədər yeridilir. Sonra kontrast maddə vurularaq ürəyin tac damarlarının şüa müayinəsi aparılır. Ürəyin damarları haqqında dəqiq məlumat toplandıqdan sonra müəyyən nəticəyə gəlinir; xəstəyə stent qoyulmasına, yaxud kardiocərrahi əməliyyata, dərman müalicəsinə qərar verilir. Bu prosesin həyata keçirilməsi üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində Angioqrafiya bölməsi fəaliyyət göstərir. Bölmədə fəaliyyət göstərən həkim və orta tibb işçiləri Bakı şəhərində, Türkiyə Respublikasının tanınmış səhiyyə müəssisələrində təkmilləşdirmə kurslarında olmuş, müasir müayinə metodlarına yiyələnmişlər. Diaqnostik müayinə və cərrahi müdaxilələrin aparılmasında naxçıvanlı həkimlərin də yaxından iştirak etməsi onların peşə vərdişi və təcrübə qazanmasında, bu sahədə müstəqil şəkildə fəaliyyət göstərməsində xüsusi əhəmiyyət kəsb edir. Artıq bir çox sahələrdə diaqnostik müayinə və müalicələr yerli mütəxəssislər tərəfindən aparılır.
Hazırda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində aparılan angioqrafiya əməliyyatlarında Abbas­əli Abbasəliyevlə yanaşı, naxçıvanlı kardioloq-həkimlər Süleyman Cəfərov və Nail Mehbalıyev də bilavasitə iştirak edirlər. Yardımçı işlər isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin bilavasitə öz kadrları tərəfindən həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR