İlk dəfə 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi nəzdində yaradılan həkim briqadaları bir məqsədə xidmət edir: əhalinin hər bir təbəqəsi, xüsusən ucqar dağ və sərhəd kəndlərində yaşayan insanlar keyfiyyətli tibbi xidmətlə əhatə olunsun, onlar maddi və mənəvi çətinliklər hesabına şəhər, rayon mərkəzləri və digər uzaq məsafələr qət etmədən yerindəcə kütləvi şəkildə profilaktik tibbi müayinələrdən keçsin, vaxtında müalicəyə cəlb edilsin.
Bu vəzifələri yerinə yetirmək üçün həkim briqadalarının şəbəkəsi ildən-ilə genişlənmiş, mütəşəkkil hal almışdır. Təkcə ötən il 20 min nəfər həkim briqadaları tərəfindən müayinədən keçirilmişdir. Hazırda Səhiyyə Nazirliyi ilə yanaşı, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Göz Xəstəxanası, Mərkəzi Uşaq Xəstəxanası, dispanserlər, rayon mərkəzi xəstəxanaları nəzdində həkim briqadaları fəaliyyət göstərir. Onların yerlərə gedişi qrafik əsasında tənzimləndiyindən, gedəcəkləri kəndlərə əvvəlcədən məlumat verildiyindən müayinələrin kütləviliyinə nail olunur. Müayinələr isə son illərin quruculuq ünvanlarından olan müasir həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində həyata keçirilir. Naxçıvanın ən ucqar dağ kəndlərində belə, zəruri avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisələri fəaliyyət göstərir.
Səhiyyə müəssisələrində tibbi sənədləşmə işlərinin düzgün təşkilinə nəzarət də briqadaların funksiyaları sırasındadır. Belə ki, ambulatoriya və feldşer-mama məntəqələrinin işçilərinə tibbi sənədləşmə ilə bağlı yerindəcə metodik göstərişlər verilir, dispanserizasiya işinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Briqadaların yerlərdə fəaliyyəti zamanı həkimlərin, tibb işçilərinin üzərinə düşən vəzifələrdən biri də aparılan müayinə və müalicələrlə yanaşı, xəstəliklərə qarşı insanları məlumatlandırmaqdan ibarətdir. Muxtar respublikamızda səhiyyə maarifinin düzgün təşkili uşaqlara peyvəndlərin təqvim üzrə aparılmasına səbəb olmuşdur. Bu isə xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında tam müalicə edilməsi baxımından əhəmiyyətlidir. Artıq muxtar respublika əhalisi arasında 1996-cı ildən poliomielit, 1997-ci ildən difteriya, 2003-cü ildən isə malyariya xəstəliyi qeydə alınmamışdır.
Bütövlükdə, həkim briqadaları öz səmərəli fəaliyyətləri ilə muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarına mühüm töhfələr vermişlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti