Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Mədə xərçənginin erkən diaqnostikası və müasir müalicə prinsipləri” mövzusunda seminar keçirilib.
Səhiyyə işçilərinin və tibb sahəsi üzrə təhsil alan tələbələrin iştirak etdiyi seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cabbarov açaraq bildirib ki, mədə xərçəngi onkoloji xəstəliklərin ən çox rast gəlinən növüdür və bütün lokalizasiyalı bədxassəli şişlərin 40 faizini təşkil edir. Bu xərçəng xəstəliyi növü dünyada yayılmasına görə IV yerdə, ölümə səbəb olan bədxassəli şişlər içərisində isə II yerdə durur. Bugünkü seminarın keçirilməsində məqsəd bu xəstəliyin erkən diaqnostikası və müasir müalicə metodları haqqında iştirakçıların məlumatlandırılmasıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkim-onkoloqu Jalə Məmmədovanın, mərkəzin ultrasəslə müayinə həkimi Gülnar Məmmədovanın və mərkəzin baş həkimi Viladi Cabbarovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, bu xəstəliyin meydana gəlməsinə səbəb olan bir sıra faktorlar aşkarlanıb. Müəyyən edilib ki, kişilərdə bu xəstəliyə qadınlara nisbətən 10-15 faiz çox rast gəlinir. Bu, kişilərin qadınlara nisbətən daha çox siqaret çəkməsi və alkoqollu içkilərdən daha çox istifadə etməsi ilə əlaqələndirilir. Müəyyən olunub ki, mədə xərçəngi ən çox 50 yaşından yuxarı şəxslərdə rast gəlinir, lakin cavanlarda və uşaqlarda da ola bilər. Mədə xərçənginin əmələ gəlməsində irsi faktoru da qeyd etmək lazımdır. Mədə xərçənginin əmələgəlmə tezliyi əhalinin qidalanma xüsusiyyətindən də asılıdır. Qida rasionunda qurudulmuş, ədviyyatlı yeməklər, çörəyin, pendirin, düyünün, isti xörəyin, tünd alkoqollu içkilərin qəbulunun mədə xərçənginin daha tez inkişafına səbəb olduğu müəyyən edilib. Qidasında sitrus meyvələri, tərəvəz, süd, mal əti, steril konservləşdirilmiş məhsullar olan əhali arasında mədə xərçənginə nisbətən az təsadüf edilir.
Xərçəngin bu növü ilə bağlı slaydların da nümayiş etdirildiyi tədbirdə bildirilib ki, mədə xərçəngi zamanı yeganə və effektiv metod cərrahi müdaxilədir. Bundan başqa, şiş əleyhinə dərmanlar qəbul etməklə və şüa müalicəsi tətbiq olunmaqla effektiv nəticə əldə etmək mümkündür. Operativ metod tətbiq edilə bilməyən mədə xərçəngi zamanı düzgün qidalanma vacib rol oynayır.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Səbuhi HÜSEYNOV