Hər bir ölkədə epidemioloji vəziyyət tək səhiyyənin deyil, ümumi inkişafın göstəricisidir. Son dövrlərdə muxtar respublikamızda həm qoruyucu peyvəndlərin aparılması, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunmuşdur.
Oktyabr ayında muxtar respublikamızda yenidoğulmuş 427 uşaq idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda müntəzəm olaraq dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilmişdir.
İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, ay ərzində 17 məhsul sertifikatlaşdırılmışdır.
Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 52 su, 308 yuyuntu nümunələrinin, 252 digər nümunələrin müayinələri aparılmışdır.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılmış, səhiyyə üzrə 112, təhsil üzrə 254, qidalanma sənayesi, ictimai-iaşə və ticarət üzrə 56, kommunal sahələr üzrə 26, sürücülük üzrə 44 nəfər olmaqla, bütövlükdə, 492 nəfər müayinədən keçmişdir.
Radioloji qrup tərəfindən 9 yerdə gündəlik olaraq radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 63 nümunədə 223 müayinə aparılmış, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 30 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilmişdir.
Kommunal gigiyena laboratoriyasında 40 nümunədə 320, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 23 nümunədə 57 müayinə aparılmışdır. Xüsusi təhlükəli infeksiyalar laboratoriyasında vəbaya görə 12 su, qarayaraya görə 43 torpaq, brusellyoza görə 1 qan nümunəsində təhlükəli nəticə qeydə alınmamışdır.
Əhalinin sanitariya sahəsində maarifləndirilməsi ardıcıl şəkildə aparılmış, 11 mühazirə oxunmuş, 5 seminar keçirilmiş, tibbi şurada 7 məsələ müzakirə edilmişdir.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti