22 Dekabr 2024, Bazar

Mövsüm dəyişikliyi insan orqanizmində də müxtəlif dəyişikliklər yaradır. Təbiətin canlılığını itirdiyi payızda insanlarda sanki hisslər zəifləyir, pessimistlik artır. Mövsüm dəyişikliyi nəticəsində insanlar yaz-yay fəsillərində alışdıqları mühitdən başqa bir mühitə düşürlər. Tətilə gedən, əylənən insanlar artıq evdə oturmağa qərar verirlər. Payızda xüsusilə xroniki xəstəliklərin özünü büruzə verməsi faktdır. İmmuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Payızda depressiv xəstəliklər, hava-damcı yolu ilə keçən xəstəliklər daha çox yayılır. Bəs bu fəslin xəstəliklərindən uşaqları necə qorumaq olar? Müsahibimiz Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş pediatrı, Azərbaycan  Respublikasının əməkdar həkimi İbrahim Ağayevdir:

– İbrahim həkim, mövsümün dəyişilməsi ilə əlaqədar uşaqlarda hansı xəstəliklər müşahidə oluna bilər?

– Bildiyimiz kimi, uşaqlar mövsüm dəyişilməsinə zəif adaptasiya olurlar. Bu da onların orqanizmində immunitetin səviyyəsinin aşağı düşməsinə səbəb olur ki, bu vəziyyət bəzi xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Mövsüm dəyişikliyi zamanı immuniteti zəif olan bir qrup uşaqlarda, xüsusən ana südü ilə qidalanmayan, yarımçıq dünyaya gəlmiş, əkiz doğulmuş, fiziki inkişafı normal olmayan – raxit, hipotrofiyalı xəstə uşaqlarda mövsümi xəstəliklərə tutulma daha çox müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ana südü ilə qidalanan uşaqlar süni qidalanan uşaqlara nisbətən 17 faiz mövsümi xəstəliklərə az tutulurlar.
Uşaqlarda mövsümi xəstəliklərdən ən çox rast gəlinəni respirator virus infeksiyalarıdır. Bunlar, əsasən, qrip, adenovirus, rinovirus  yoluxmalarından ibarətdir. Bu xəstəliklər uşaqlarda halsızlıq, hərarətin qalxması, öskürmə, asqırma, iştahasızlıq kimi hallarla müşahidə  olunur. Xüsusən mövsümün dəyişməsi zamanı bağçalarda, məktəblərdə virus xəstəliklərinə daha çox rast gəlinir. Ona görə profilaktika məqsədilə qapı dəstəkləri, döşəmələr dezinfeksiya məhlulları ilə silinməli, otaqların havası tez-tez  dəyişdirilməli, sağlam uşaqların burunlarına interferon məhlulu damızdırılmalıdır. Uşaqlarda yüksək hərarət, halsızlıq, yeməkdən imtina halları olarsa, sahə həkimlərinə müraciət edilməlidir.
–Valideynləri narahat edən məsələlərdən biri də uşaqların peyvəndlənməsidir. Bəzi valideynlər elə düşünürlər ki, əgər uşağı peyvəndləsələr, onun səhhətində problemlər yaşanacaq. Bununla bağlı nə deyə bilərsiniz? – Bu gün idarəolunan yoluxucu xəstəliklərə körpələrdə rast gəlməmək üçün 2011-ci ildə tətbiq edilmiş milli peyvənd təqvimindən istifadə edilir. Bu peyvəndlər uşaq doğulan gündən aparılır. Peyvənd­lərin vurulması ilə uşaqlarda idarəolunan yoluxucu xəstəliklərə qarşı immunitet yaradılır.  Peyvənd vurulan uşaqlar Hepatit “B”, vərəm, göyöskürək, difteriya, tetanus kimi xəstəliklərə tutulmurlar. Peyvəndlər vurulan gün hərarətin cüzi qalxması müşahidə olunur. Bu zaman istiliksalıcılardan istifadə etmək məsləhətdir.   
– Yoluxucu xəstəliklər, xüsusilə də tənəffüs yolu xəstəlikləri ilə ən çox üzləşən uşaqlar məktəbəqədər müəssisələrə gedən uşaqlardır. Bu sahəyə nəzarət hansı şəkildə həyata keçirilir?
– Məktəbəqədər müəssisələrdə və məktəblərdə tibb işçiləri uşaqların daim qayğısına qalırlar. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən məktəbəqədər müəssisələrə xüsusi dərman preparatları paylanılır. Çünki körpələrdə rast gəlinən xəstəliklərə ilk yardımı məhz tibb bacıları edirlər. Qeyd edək ki, qrup və siniflərdə olan uşaqlar hər gün tibb işçiləri tərəfindən yoxlanılır, xəstələr aşkar edilərsə, evə və ya uşaq xəstəxanasına göndərilirlər.
– Sahə həkimlərinin fəaliyyəti bu gün necə qurulub?        
– Sahə həkimlərinin işi sahə prinsipi üzrə aparılır. Sahə həkimləri tez-tez həyətyanı yoxlamalar aparır, xəstə uşaqları aşkar edib onların müalicəsi ilə məşğul olurlar. Peyvənd qrafiki ilə uşaqları peyvəndlərə cəlb edirlər. Bundan başqa, sahə həkimləri ana südünün, peyvəndlərin, elektron sağlamlıq kartlarının əhəmiyyəti barədə valideynlərlə maarifləndirici söhbətlər aparırlar.

Türkan HÜSEYNLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR