Bir neçə gün əvvəl Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə iş vaxtından sonra – saat 1830-da ağır vəziyyətdə olan bir xəstə gətirilmişdi. Kəskin miokard infarktı keçirdiyindən xəstənin ürəyində sağ koronar arteriya tamamilə tutulmuş, ürəyin dayanması müşahidə olunmuşdu. Konsultativ müayinə zamanı xəstəyə kəskin koronar sindrom diaqnozu qoyulmuşdu. Onun həyatı üçün ciddi təhlükə yarandığından bir saat ərzində cərrahi müdaxilə zərurətə çevrilmişdi. Vaxt yox idi. Gecikmək xəstənin həyatı bahasına başa gələ bilərdi, odur ki, dərhal Kardiocərrahiyə şöbəsinə yerləşdirilmiş və iş vaxtından sonra dərhal bir araya gəlmiş kardioəməliyyat heyəti komanda şəklində vaxt itirmədən əməliyyatın icrasına başlamışdı. Kardiocərrah Firdovsi Hüseynov, kardio-anestezioloq-reanimatoloq Elçin Abdullayev və assistentlərin iştirakı ilə xəstədə 3-lü koronar damar şuntlama əməliyyatı icra olunub. Aşağı ətraflardan alınan venoz damar tıxanmış ürək damarlarına calaq edilərək ürəyin yenidən qidalanması bərpa edilib. Ürək yenidən oksigenlə təmin olunub və baş verə biləcək miokard infarktının qarşısı alınmaqla xəstənin səhhətindəki problem tamamilə aradan qaldırılıb.
Naxçıvan şəhər sakini 49 yaşlı Məmməd Rzayev onu həyata qaytaran həkimlərə bu fədakar əməyə görə minnətdarlığını bildirir, muxtar respublika səhiyyəsində görülən işləri, bütövlükdə, dövlətimizin öz əhalisinin sağlamlığına göstərdiyi qayğının parlaq ifadəsi kimi dəyərləndirir.
Bu gün doğma diyarımızın səhiyyə müəssisələrində aparılan genişmiqyaslı quruculuq işləri daha geniş vüsət almaqdadır. Yeni xəstəxana binalarının tikilərək, yenidən qurulması, onların ən müasir avadanlıqlarla təchiz edilməsi ixtisaslı gənc kadrların yetişməsinə stimul olmuşdur. Səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılmasına, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkilinə ciddi önəm verilir.
Nəticədə, yerli həkimlər tərəfindən mürəkkəb cərrahi, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatlarının təşkili, heç şübhəsiz, onlara həm maddi, həm də mənəvi dəstəkdir. Bütün bunlar əhalinin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısının parlaq təzahürü, Naxçıvan səhiyyəsinin uğurlarıdır.
Hüseyn ƏSGƏROV