1976-cı ildə Amerikanın Nyu-york şəhərində professor Sula Benet tərəfindən “How to live to be 100” adlı bir tədqiqat əsəri çap etdirilir. Bu əsəri bizim üçün maraqlı edən haqqımızda yazılmış olmasıdır. Kitabın müəllifi Nyu-Yorkdakı bir elmi-tədqiqat institutunun əməkdaşı idi. O 1970-ci ilin iyun ayından 1975-ci ilin may ayına qədər müxtəlif fəsillərdə Qafqazı oba-oba gəzmiş, müşahidə və tədqiqatlar aparmışdır. Burada olarkən xoş qarşılanmış, təmasda olduğu insanlardan öyrəndikləri haqqında qeydlər aparmış və gördüklərini dəqiqliklə qələmə alaraq kitab şəklində çap etdirmişdir. Azərbaycanın əməkdar elm xadimi Qəzənfər Paşayev bu kitabı ABŞ-da ixtisasartırma dil kurslarında oxuyarkən görüb Azərbaycan dilinə tərcümə etmişdir. Bu kitabda Qafqaz xalqlarının, xüsusilə azərbaycanlıların milli mədəniyyəti, ailə davranışları, böyük-kiçik münasibətləri, dini və əxlaqi dəyərləri, qidalanma mədəniyyəti və xalq təbabəti haqqında geniş məlumatlar verilmişdir. Ən təəccüblüsü isə odur ki, müəllif bu kitabda vurğuladığı məsələləri Amerikalılar üçün bir nümunə olacağına ümidvar olduğunu bildirmişdir.
Kitabda maraqlı məqamlardan biri də xalqımıza məxsus qidalanma vərdişləridir. Təəssüflər olsun ki, bu gün Azərbaycanda hələ də bir çox diyetoloqlar xaricdəki həmkarlarının, belə demək mümkünsə, “əlinə baxır” və onların təcrübələrindən istifadə edirlər. Nəticələr qənaətbəxş olsa dərd yarı, amma bu sahədəki problemlər get-gedə artmaqda davam edir. Artıq çəki bu problemlərin arasında ən şox olanıdır. Bir fizioloq kimi kitabdakı birbaşa və ya dolayı yolla qidalanma ilə bağlı məsələləri də diqqətinizə çatdırmağa çalışacağam. Məqsədimiz regional və mövsümü rasional qidalanmanın əhəmiyyətini bir daha vurğulamaqdır. Müəllif yazır:
“Azərbaycanlıların gücü, qüvvəti nə şəxsi qəhramanlıqlarında nə də var-dövlətindədir. Onların gücü, qüdrəti nəslə, kökə-soya bağlılıqlarındadır. Qafqaz xalqları əfsanəvi uzun ömür sürmələri ilə ad çıxarıblar. Qədim yunan, İran və ərəb salnamələrində bu diyarda kifayət qədər uzunömürlülərin yaşadığını təsdiqləyən məlumatlar var. Məsələn, deyə bilərik ki, burada yaşayan uzunömürlülərin faizi Ekvadorun və ya Pakistanda məskən salmış Hünzas qəbiləsinin üzunömürlülərindən qat-qat artıqdır. Mənim niyyətim onların çox yaşama sirlərini öyrənmək idi. Uzun həyat sürmələrinin səbəbini çox vaxt özlərindən soruşmaq istəmişəm. Lakin həmişə də yersiz görünəcəyindən qorxmuşam. Doğrudur bəzən özləri öz xoşları ilə bu məsələyə toxunaraq fəxrlə deyirdilər: “Mən necə yaşamaq lazımdırsa, elə yaşadığıma görə uzun ömür sürmüşəm. ABŞ və Rusiya üçün səciyyəvi sayılan, onları təngə gətirən ürək xəstəliyi, ateroskleroz, böyrək və öd kisəsi daşı, qəbizlik, yüksək qan təzyiqi kimi müşkül xəstəliklərə Qafqazda sovet alimləri çox az rast gəliblər. Mən özüm şəxsən Qafqazda qoca adamların at çapdığının, toxa ilə sahədə əməlli başlı alaq etdiyinin, suda üzdüyünün, bayram vaxtı masabəyi olduğunun, ailənin, el obanın işlərində fəal çalışdığının şahidi olmuşam. Burada qocalar bir dəfə də olsun cıdır yarışlarını buraxmazlar. Amerikada 60-70 yaşına çatmış qocalarımızla bunlar arasında yerlə göy qədər fərq vardır. Bizdə qocalmaq cəmiyyətin ictimai həyatından ayrılmaq deməkdir. Bizim ölçümüz, mədəniyyətimiz belədir. Tez-tez belə bir məsəl yada salınır. “Yaşı keçmiş, dünyadan köçmüş kimi bir şeydir.” Ömrü uzatmaq məqsədilə həyata keçirilən səhiyyə və güzəranı yaxşılaşdırmaq tədbirləri ənənəvi ailə münasibətlərinin pozulmasına səbəb olur. Azərbaycan mədəniyyəti isə ənənəvi ailə münasibətini saxlayır. Müasir cəmiyyət bir daha dərk edib ki, insan bir parça plastik kütlə deyil. Onun ruhi, bioloji, mənəvi cəhətdən təmin edilməsinin zəruri olan tələbləri vardır. Bu tələbləri nəzərə almayan hər hansı cəmiyyət maddi və texnoloji cəhətdən inkişaf etmiş olsa da, ölümə məhkumdur. Qafqaz yeməklərinə hərdən elə ədviyyat qatırlar ki, xörəyə dad versə də yeyərkən adamın gözündən yaş gəlir, boğazı quruyur. Odur ki, mən onların məsləhəti ilə göy-göyərtiyə və meşədən yığılan yabanı bitkilərə üstünlük verirdim. Eyni zamanda bol–bol meyvə yeyirdim. Bu açıq-aşkar mənim ətə və karbohidratlara tələbimi azaldırdı. Şəkəri, ümumiyyətlə qəbul etmirdim. Hərdən bir az bal yeyirdim. Səy göstərmədiyim halda, çəkim üç həftədən sonra beş kiloqram azalmışdı. Buna baxmayaraq özümü fiziki cəhətdən güclü və gümrah hiss edirdim. Burada xalq təbabətinin də xeyirini gördüm. Yemək zamanı çəngəl, bıçaq və süfrə dəsmalından istifadə edilir. Bununla belə yeməkdən əvvəl və sonra əl yumaq adəti hələ də qalır. Güman edirəm ki, Qafqaz xalqlarının həyatının təsvirinin bizim qocalara münasibətimizi dəyişməkdə müsbət rolu olacaqdır. Tibb elmləri doktoru professor Mehdi Sultanov Azərbaycanda yaşı 131-167 arası olan 13 nəfəri müayinə etmiş, onlarla müsahibə aparmışdır. Doqquz nəfərin 131-140 arası, üç nəfərin 141-167 arası, bir nəfərin isə 167-dən yuxarı yaşı vardı. Bu Şirəli Müslümov idi. 1963-cü ildə Beynəlxalq Səhiyyə təşkilatının regional Avropa bürosu Kiyevdə bu gün işlədilən terminologiyanı qəbul etdi. Belə qərara alındı ki, “ahıl” ifadəsi 60-74 yaşlı adamlara, “qoca” isə 75-89 yaşlı adamlara şamil edilsin. 90 və daha artıq yaşlılar uzunömürlülər kateqoriyasına daxil edilsin. Məsələn, Azərbaycanın Oguz rayonunun Aydınbulaq kəndinin sakini Nurcahan Pirimovanın 109, 107, 105, 98, 92 yaşında 5 oğlu vardı. O cəmiyyətdəki uşaqlar ata-baba həyat tərzini qəbul edir, yemək-içmək, davranış və sairədə ağsaqqallara oxşamağa çalışırlar. Orada bəlkə də uzunömürlülüyün səbəbi irsi keçiddə deyildir. Çox güman ki, belə bir cəmiyyətdə problemin mahiyyəti sadəcə olaraq şərait və tərbiyə ilə bağlıdır. Qafqazlıların sağlam görkəmi qərbli üçün onun yaşını təyin etmədə böyük çətinlik törədir. Görkəmlərindən müəyyənləşdirmək olmur ki, qarşında duran adamın yaşı yetmişdir, ya yüz qırxdır. Onlar hər hansı bir işi yerinə yetirərkən eynəkdən istifadə etmirlər. Onların 40-50 faizinin eşitmə qabiliyyəti qənaətbəxşdir. Çoxunun dişləri yerindədir. Lap qocalıb əldən düşmüşlər də ağlagəlməz dərəcədə qədd-qamətlidir. Yaşamaqdan zövq alırlar. 107 yaşlı bir qoca mənə dedi: “Mən hələ qocalmamışam. Görürsünüz ki, sağlamam, işləyə bilirəm. Mən hələ uzun illər beləcə yaşayacağam.
Yaşı yüzdən yuxarı qocaların böyük əksəriyyətinə Qafqazın o yerlərində təsadüf edilir ki, oğul və ya oğullar ata mülkündən çıxmır. Böyük ailələrlə üzunömürlülər arasında qarşılıqlı əlaqə hiss olunmaqdadır. Bunu Azərbaycanda da müşahidə etdim. Tənhalıq tez qocalmaya səbəb olur.
ABŞ-da, ümumiyyətlə sənayeləşmiş qərbdə təzə meydana gəlmiş yeməkləri yaxşı qarşılayırlar. Reklam və bazarlarda rast gəldiyimiz məhsullara uyğun olaraq bizdə yemək tərzi də tez-tez dəyişir. Qarmaqarışıq dəyişkən yeməklər, ürək və şəkər xəstəliklərinə, böyrək, qaraciyər, öd kisəsinin fəaliyyətinin pozulmasına, əlbəttə kökəlmə və piylənməyə səbəb olur.
Qafqazlıların qida ilə bağlı iki şərti dəyişməzdir:
1. Artıq yeməmək: Burada Amerikanın Tibb Cəmiyyətinin amerikalılar üçün məsləhət gördüyü gündəlik qidada qəbul edilən kaloridən də az kalori qəbul edirlər.
2. Təbii halda vitaminlərin həddən artıq qəbul edilməsi: Bu təbii vitaminləri qafqazlılar yabanı bitkilər və ya bağçada əkdikləri göy-göyərtidən və tərəvəzlərdən alırlar. Qafqazda demək olar ki, ət və qənnadı məmulatını göy-göyərti və tərəvəz əvəz edir. Bolluca C vitamininin hamılıqla qəbul olunması onlarda bir çox xəstəliklərə qarşı immunitet əmələ gətirir.
Gündə üç-dörd dəfə vaxtlı-vaxtında yemək insanın bədənində ahəngdarlıq yaradır. Ən görkəmli Qafqaz həkimləri mədədə baş verən fəsadların hamısının səbəbini vaxtında yeməməkdə görürlər. Qafqazlılar inanırlar ki, hər iş vaxtında görülməlidir. Müsəlmanlar yaşayan ərazilərdə nahar günorta namazından sonra yeyilir. Axşam vaxtında yatmaq səhər vaxtında durmaq, yemək və sair insan bədəninin ahəngdarlığına müsbət təsir göstərir. Yeməyi kiçik tikələrlə qəbul edib, yaxşıca çeynədikdən sonra udurlar. Tələsə-tələsə yemək mədəniyyətsizlik hesab edilir. Yaxşı çeynəmədən udulan loxmanın xeyirdən çox ziyan gətirəcəyinə inanırlar. Qafqazlılar nahar vaxtını keyf-istirahət vaxtı hesab edirlər. Professor Mehdi Sultanov nahar vaxtı sakit musiqiyə qulaq asmağı məsləhət görür və oxumağın əleyhinə çıxır. O təsdiq edir ki, müğənniyə tələb olunan diqqət sinir impulsunu həzm prosesindən ayırır. Stol başında insanı gərginləşdirən hadisələrdən söz açmaq yersiz hesab olunur. Bayramlarda belə yemək tərzləri dəyişmir. Əsas məsələ yeməyin təzəliyi, qarınqululuğa yol verməmək, asta-asta, tələsmədən, ahəng pozulmadan nahar etməkdir. Sağlamlıq və ədəb qaydaları kimi qəbul edilən bu qanunlar pozulmazdır. Qafqazlı ailəsi nə qədər böyük olsa da, yemək vaxtı bir yerə yığılır. Qafqazlıların çox tünd ədviyyə və sousdan istifadə etmələri barədə maraqlı nəzəriyyə irəli sürülmüşdür. Məsələn, hərarətin daha yüksək olduğu Azərbaycanda duz, su, zülal, yağ, karbohidrat və vitamin mübadiləsində dəyişiklik baş verir. Eyni zamanda mədə şirəsi azalır ki, bu da həzm orqanlarının fəaliyyətini, qaraciyərdə qlikogen mübadiləsini, qanda zülalın balansını pozur. Bunun nəticəsində adamın iştahı azalır. İştahı qaydaya salmaq, mədə şirəsinin ifrazını artırmaq üçün tünd (kəskin) ədviyyə və sous ən yaxşı vasitədir. Ədviyyə və sousun tərkibində demək olar ki, kalori olmur. Deməli, sous və ədviyyə iştahın anasıdır. Ədviyyə yaxşı həzm prosesinə də şərait yaradır. Qoz, fındıq və digər çərəzlər Qafqazda geniş yayılmışdır. Qoyun və mal əti ilə yemək üçün hazırlanan sousun tərkibi araxis, qırmızı və qara bibər, turş gavalı, abqoradan ibarətdir. O, ətə yaxşı ətir və dad verir. Abqoranın tərkibində C vitamini çoxdur. Onu adətən sirkə yerinə istifadə edirlər. Bütün Qafqazda yayılan cəviz də C vitamini ilə zəngindir. Qozun tərkibində A və B vitaminləri də vardır. Qafqazda əti qızardır və ya pörtlədirlər ki, artıq piyi çıxsın. Ətlə göy-göyərti yeyərkən göyərtini bükür, piyli əti onun arasına qoyurlar. Başqa qafqazlı həkimlər şərabın xeyrindən söz açdıqları halda, azərbaycanlı həkimlər çayın xeyrindən danışırlar. Professor Mehdi Sultanovun fikrincə tünd çayın tərkibində olan kofeinin ürəyə mənfi təsir göstərməsi haqqındakı fərziyyə əsassızdır. O, deyir ki, çay ürəyin tonusunun yüksəlməsinə müsbət təsir göstərir, ürək döyüntüləri, hipertoniya və aterosklerozun qarşısını almaqda çay bəzi iynələrdən daha xeyirlidir. Çay həm də yuxunu tənzim edir. Doktor Mehdi Sultanovun çay barədə fikri belədir: “Çay kofeinin sayəsində yanğını kəsməyə, yorğunluğu çıxarmağa, əhval-ruhiyyəni yüksəltməyə və qidanın asan həzm olunmasına yaxşı təsir göstərir.
Naxçıvan Muxtar Respublikasındakı Şıxmahmud kəndinin 128 yaşlı sakini Xatıncan nənə professor Mehdi Sultanova söyləmişdir ki, ailəmizin bütün üzvləri əti və südlü yeməkləri xoşlayır. Yatmazdan əvvəl 1 stəkan qatıq həm rahat yatmağa kömək edir, həm də mədə üçün xeyirlidir. Bizim dadlı noxudumuz insan üçün faydalıdır. Biri xəstəlikdən qalxan kimi onu noxuda tuturuq. Xəstə gözümüzün önündə tamamilə sağalır. İnanın, yemək içmək insan sağlamlığına kömək edir. Noxudlu yeməklər insan üçün çox xeyirlidir. Bax buna görə də sənə deyirəm ki, istəyirsənsə sağlamlığın daha yaxşı olsun noxud ye. Bitkilər, göy-göyərti və turşuya qoyulmuş tərəvəzlər iştahamızı artırır. Biz evdə az-az amma iştahla yeyirik. Bizim atalar sözümüz var: İstəyirsən hörmətli olasan az danış, istəyirsən sağlam olasan az ye. Qarınqululuq da tənbəllik kimi insanın düşmənidir.
M. N. Sultanovun, A. B. Rəhimovun və digərlərinin maraqlı tədqiqatlarından görünür ki, Naxçıvanın bəzi ərazilərində torpaq və bitkilərdəki mikroelementlərlə “ahıl”, “qoca”, “uzunömürlülər” arasında asılılıq mövcuddur. Ayırd edilmişdir ki, müəyyən mikroelementlərin azlığı və ya çoxluğu orqanizmin müxtəlif fizioloji fəaliyyətinin pozulmasına və nəticədə xəstəliklərin inkişafına səbəb olur. Bəzi mikroelementlər, sink, manqan, mis, kobalt, xüsusi ilə də molibden vitaminləri fəallaşdırır.
Professor M. N. Sultanovun fikrincə ənənəvi ibadətin – namazın 10 yaşdan başlanaraq gündə 5 dəfə yerinə yetirilməsi, onun dini xüsusiyyətindən əlavə elə güc tələb edən fəaliyyət növü olub ki, Azərbaycanlıların fiziki cəhətdən sağlam gümrah və uzunömürlü olmalarına müəyyən şərait yaradıb. Lap qədim zamanlarda ibadətə əməl etmək yalnız dini məqsəd daşımayıb. İbadət həm də möhkəm bədənli, dözümlü döyüşçülər yetişdirmək məqsədilə həyata keçirilib. Bu göstərir ki, İslam aləmində yerinə yetirilən namaz ibadəti insanların sağlamlığını yaxşılaşdırmaq baxımından müsbət rol oynayıb. Bizim müasir cəmiyyətimizdə geniş yayılan bir inam vardır: “O şey ki təzədir, yenidir yaxşıdır, o şey ki köhnədir qiymətsizdir.” Bu inam Qafqazda hələ də ayaq açıb yerimir. Qafqazda həyatın qayda-qanunu nizam-intizamı, düzgünlüyü, ahəngdarlığı ilə səciyyələnir. Güman ki, gümrahlığın əsas mənbəyi də elə budur. Gündəlik həyatda qayda-qanun, beşikdən qəbir evinə qədərki həyatda dəqiqlik, ayrı-ayrı fərdlərin və cəmiyyətin sağlamlığına gətirib çıxarır. Hartford Həyat İnstitutun tədqiqat direktoru doktor Çarlz Strobelin apardığı təcrübələr onu göstərir ki, ahəngdarlığın əqli cəhətdən sağlamlıqla müəyyən əlaqəsi vardır. Məsələn, gündəlik həyat tərzindən uzaqlaşdırılaraq qarmaqarışıq həyata məruz qalan meymunların bədəni yara tökür. Qafqazda, xüsusilə Azərbaycanda həyat əminliklə möhkəm addımlarla irəliləyir, daimi həyat tərzi nadir hallarda pozulur. Burada nəsildən-nəslə keçərək əbədiləşmiş həyat tərzini alt-üst edəcək kəskin dəyişikliklər yoxdur. Uzunömürlü insanlarda sağlam və güclü olmaq arzusu böyükdür. Onlar inanırlar ki, təmizkarlıq, normal yuxu və ənənəvi yemək adətlərinə riayət etmək uzunömürlülüyə yardım edir. Profilaktik və müalicə məqsədilə istifadə edilən bitkilər sağlamlıqlarına köməklik göstərən zəruri amildir.”
Əziz oxucular! Nəticədə onu deyə bilərik ki, Qafqaza gəlib tədqiqat aparan Amerikalı müəllif Azərbaycanlıların gücünün kökə-soya bağlılıqda olduğunu açıq-aşkar görmüşdür. Bu kökə-soya bağlılıq qidalanmada da özünü çox açıq büruzə verməkdədir. Hazırkı diyetoloqlarımızın çox hissəsi iştahanı “küsdürərək” insanlara kilo verdirməyə çalışırlar. Bu doğru yol deyil. İştahanızın yüksək olması maddələr mübadilənizin sürətli olduğunu göstərir, iştahalı insan zövqlə yediyi yeməklə daha rahat və sağlam şəkildə kilo verər. İştahası küsmüş insanın, məcburi yemək yeməyindən ona fayda gəlməz. Rəhmətlik Mirxanım nənəm deyirdi ki, insan yeməklə ayaq üstə durur. Bu gün kilo verdirmək vədlərilə edilən qeyri stabil diyetlər nəticəsində milli qidalanma sistemimizdən, genotipimizi formalaşdıran qidalarımızdan sürətlə uzaqlaşmağımız bizi heç də yaxşı gələcəyə aparmır. Amerikalı müəllif vurğulayır ki, məqsədim Qafqazda, Azərbaycanda niyə bu qədər uzunömürlü insanların olduğunu araşdırmaqdır. Niyə onlarda ateroskleroz, öd və böyrək daşları, qəbizlik, yüksək qan təzyiqi kimi xəstəliklərə az rast gəlinir. Bu gün isə hər 5 nəfərdən 4-ü bu xəstəliklərdən əziyyət çəkir. Misal üçün təzyiq xəstələri o qədər çoxalıb ki, qonşu-qonşuya öz təzyiq dərmanını çərəz məsləhət edən kimi rahatlıqla məsləhət görür və bu barədə həkimlərini belə məlumatlandırmağı lazım bilmirlər. Aranızda bəlkə də bütün baş verənlərin sənayeləşmə, texnika əsri ilə əlaqələndirənlər də vardır. Bu fikir doğru olsa da qidalanma tipimizin dəyişməsini də göz ardı edə bilmərik. Bu gün 5 nəfərdən 4-ü mövcud çəkisindən narazıdırsa əsas səbəb “yanlış diyetlərə” əl atmış olmalarıdır. Milli qidalanma dəyərlərimiz sayılan uzun müddət ac qalmamaq, bir oturuşda həddən artıq yeməmək, vitaminləri mövsümündə təbii qidalardan əldə etmək düşüncələrimiz dəyişdirilmiş və dəyişdirilməkdədir. Tələsik yemək və çox çeynəməmək mədəniyyətsizlik sayıldığı halda adını “fast food” qoyub, rənglərin insan fiziologiyasına və psixologiyasına təsir gücündən istifadə edərək mədəniyyətsizliyi mədəniyyət, müasirlik kimi anlamağımız üçün gözümüzü boyadılar. Azərbaycan alimi Mehdi Sultanovun dediyi kimi, yemək zamanı diqqətin oxumağa, sözlü danışıq dinləməyə sərf edilməsi və nəticədə lazımı sinir impulslarının həzm prosesindən ayrılması həzmi pozur. Elə isə bunun əksinə olaraq yemək yeyə-yeyə əlimizdə telefon və ya televizor qarşısında yemək yemə mədəniyyətini kimlər aşıladı bizlə? Naxçıvanlı 128 yaşlı Xatıncan nənənin “bizim dadlı noxudumuz insan üçün çox faydalıdır” deməsi niyə belə tez unuduldu. Axşam bir stəkan ev qatığı içsən, yuxuda mədən də rahat olar deyən, uzaqgörən və uzunömürlü nənənin sözünün acığına özünü savadlı göstərmək istəyənlər “gecə qatıq yemək olmaz, yuxunuz qaçar” deyib yuxularımızı qaçırdılar. Bu gün rəsmi iş saatı 08:00, 09:00 olmayan insanların axşam saatlarında vaxtında yatıb gecə saatları 2-3 qədər oyaq qalmayanların sayı barmaqla sayılacaq vəziyyətə gətirilib çıxarıldı. “O şey ki yenidir – yaxşıdır, o şey ki, köhnədir – dəyərsizdir” fikri müəllifin dediyi kimi o vaxt ayaq tutub yerimirdisə də, “gözümüz aydın”, bu gün elə qaçır ki, heç kim tuta bilmir. Dədə-babadan köhnə nə qalmışdısa satdıq, dəyişdik və ya unutduq. Adını necə adlandırırsınız adlandırın: müasirləşmə, avropalılaşma, elitləşmə deyə düşündüklərimiz ən çətin imtahanımız oldu. Hazırkı vəziyyətimiz etdiklərimizin nəticəsidir. Dağlarımızda, bağlarımızda şəfalı otlar bizə görə yetişdilər, amma bizim gözümüz hey xaricdən gələn rəngli qutulardakı dərmanlarda qaldı, özümüzü möcüzə axtaran tənbəl bir insan adına layiq bildik. Kərə yağı zərərdir deyərək öz vətənlərində yetişən bitki mənşəli yağların təbliğatını elə gücləndirdilər ki, dostu düşmən görməyə başladıq. Professor Mehdi Sultanovun tədqiqatlarına görə, Naxçıvanda yüksək xolesterinli qida qəbulunun ənənəvi olduğu bir dövrdə ateroskleroz və yüksək təzyiqin insanların cəmi 4.8 faizində görülməsi, hər yüz min nəfərinə 592 uzunömürlü düşməsi o vaxtlar doğru yolda olduğumuzun sübutudur. Professor günlük 125±99 qram yağ yeyən, bitki yağlarından isə ümumiyyətlə istifadə etməyən 154 insan üzərində tədqiqat apararaq belə qənaətə gəlmişdir ki, heyvan yağları bədəndəki yağın parçalanmasına şərait yaradaraq mübadilə mexanizminin tənzimedici fəaliyyətini möhkəmləndirir və nəticədə endogen xolestrin sintezinin qarşısını alır.
Müəllif kitabında uzunömürlülərin daha fəallarına və xoş əhval ruhiyyəlilərinə ən çox dağlıq bölgələrində rast gəldiyini yazsa da, həkim Mehdi Sultanov araşdırmalarında Bakı şəhəri və ətraf kəndlərdə də müxtəlif sənət sahibli uzunömürlülərin olduğunu vurğulayır.
Sonda, ürəkaçan fikirlərlə yazımı bitirmək istəyirəm. Hələ ki, itirmədiyimiz çox şey var. Özümüzə qayıdıb, itirdiklərimizi belə yenidən qazana biləcəyimizə inanıram. Bunu bacarmağımız üçün isə torpaqlarımızda yetişən nemətləri tədqiq etməli və onlara sahib çıxmalıyıq. Bir fizioloq, diyetoloq kimi öz həmkarlarımı da regional və mövsümü rasionla qidalanma sistemindən istifadə etməyə çağırıram. Axı niyə bir Naxçıvanlı əriyin bol vaxtında qlisemik indeksi yüksəkdir deyə əriyə həsrət qalıb, qreypfrutla kilo verməyi öyrənməlidir. Əksinə bir yolunu tapıb əriklə arıqlamalıdırlar. Bu gün əlimizdə bunun mümkünlüyünü sübut edəcək kifayət qədər praktik tədqiqatlarımız və təcrübələrimiz var. Sizi əmin edə bilərəm ki, mövsümündə yeyəcəyiniz hər bir nemətlə sağlam şəkildə kilo vermək mümkündür. Praktikada gördüklərimizə əsasən onu deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasında yaşayan biri kilo vermək üçün genotipinə hopmuş, alışdığı qidalanmadan kənar qalmadan da sağlam şəkildə ideal çəkisinə qovuşa bilər. Naxçıvanlılar yağlı və duzlu qidalanmağa alışmışlar. Çox yüksək təzyiq və xolesterinli xəstələrdə bunların miqdarını azaltmaqda və yerli bitkilərdən dəstək almaqda fayda var. Amma bu o demək deyil ki, insanlar yağsız, duzsuz, pəhrizlər edib əziyyət çəkməli, yeməklərdən aralı düşməlidirlər. Xeyr! Bəzi diyetoloqlar onu əsas gətirirlər ki, yediyimiz yağlar və ətlər əvvəlki kimi deyillər. Amma biz düşünürük ki, Naxçıvan Muxtar Respublikasında hələ də təbii otlaqlarda otlayan yerli cins heyvanların əldə edilməsi rahatlıqla mümkündür. Bir neçə il bundan əvvəl nəşr olunmuş “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabında zəngin diyarımızın şəfalı otlarının bir qismi haqqında geniş məlumatlar əldə edə bilərsiniz. Bu gün Vətənimizi, onun təbii və şəfaverici bitkilərini tanımaqla, sevməklə və istifadə etməklə daha sağlam həyat tərzi sürə bilərik.
Pərvanə Qəhrəmanova
“Şəfa” Özəl Tibb Mərkəzinin əməkdaşı, dietoloq