Təəssüf ki, bu məsuliyyətli işə ciddi yanaşmayan tibb işçiləri də var
Son 18 ildə muxtar respublikada səhiyyə sahəsində görülən işlər göz qabağında olduğundan bu barədə geniş danışmağa lüzum görmürəm. Bu işlər hər addımda özünü göstərir. Həyata keçirilən tədbirlər isə muxtar respublika əhalisinin kənarda müalicə və müayinə olunmasının qarşısını alıb. Ancaq bu işlərin fonunda, mütləq etiraf etməliyik ki, səhiyyə sahəsində hələ də nöqsanlar vardır. Bu isə bəzi tibb işçilərinin öz işlərinə məsuliyyətsiz yanaşmalarından irəli gəlir. Bəs yaradılan şəraitə əməli işlə cavab verməyənlər nə düşünürlər? Müşahidə etdiyimiz nöqsanları oxuculara çatdırmaq istəyirik. Bu, muxtar respublikanın səhiyyə ocaqlarında həkimlərin və orta tibb işçilərinin gecə növbəsi ilə bağlıdır. Unutmayaq ki, həkimin dəqiq müəyyənləşdirilmiş iş saatı yoxdur. Belə peşə sahiblərinə insanların daim ehtiyacı var. Heç kim bilə bilməz ki, bir saatdan sonra onun başına nə gələcək. Ona görə də insan həyatı həmişə mühafizə olunmağa möhtacdır. Bizdən asılı olmayan səbəblər ucbatından sağlamlığımıza dəyən zərər həkimlər tərəfindən aradan qaldırıla bilər. İnsanların sağlamlığında günün istənilən vaxtında problem yarana bilər. Ona görə də tibb ocaqlarında gecə növbətçiliyi xüsusi əhəmiyyət kəsb edir. Jurnalist araşdırması zamanı muxtar respublikadakı xəstəxanaların gecə fəaliyyətləri ilə bağlı bir sıra nöqsanlara rast gəldik.
Xəstəsiniz, yoxsa sizə qanun lazımdır?..
Yolumuzu Culfa Rayon Mərkəzi Xəstəxanasından salırıq. Əvvəllər rayon xəstəxanası köhnə binada yerləşirdi. Xəstəxana üçün yeni bina tikildi və 2008-ci ildə ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri zamanı istifadəyə verildi. Bundan sonra rayon səhiyyəsində böyük dəyişikliklər oldu. Bu xəstəxanada dəfələrlə müşahidələr aparmış və reportajlar hazırlamışıq. Xəstəxananın tibbi heyətinin qarşısında qoyulan vəzifələrin səylə yerinə yetirilməsinin şahidi olmuşuq. Ancaq bu xoş sözləri xəstəxananın gecə fəaliyyəti üçün demək çətindir. Oktyabr ayının 22-də, saat 23 radələrində xəstəxanaya üz tutduq. Tibb ocağının əsas korpusunda Təcili yardım şöbəsinin feldşeri ilə rastlaşdıq. Şöbənin sürücüsünü soruşduq. Bildirdi ki, harasa gedib. Xeyli gözlədikdən sonra öyrəndik ki, sən demə, sürücü şirin yuxudadır. Xəstəxananın növbətçi həkimi Xanlar Nəcəfovla görüşmək istədik. Xəstə üstünə çağırıldığını dedilər. Sürücü yatıb, yəqin həkim avtomobili özü idarə edərək xəstə yanına gedib. Xanlar həkimlə telefon əlaqəsi saxlayıb ona özümü pasient kimi təqdim etdim, yoxlanmaq istədiyimi bildirdim. “Mən Naxçıvan şəhərindəyəm, işim var”, – deyərək telefonu söndürən həkimin belə münasibətinə ad verməyi oxucuların ixtiyarına buraxırıq. Öz yalançı “dost”larından xəbər tutan həkim bir müddətdən sonra bizimlə əlaqə saxladı: “Xəstəsiniz, yoxsa sizə qanun lazımdır?” – deyə soruşan həkimin hərəkətinə ad verməyə söz tapa bilmirəm. Bəlkə, ona hansısa ağır xəstə müraciət etmişdi? Xanlar həkim öz peşəsinin məsuliyyətini dərk etmədən, iş başında olmaq əvəzinə rayondan kənar bir yerə gedib. Ola bilər ki, vacib işi olub. Onda heç olmasa öz yerini başqa həkim yoldaşı ilə əvəz etməli idi. Bu işin məsuliyyəti isə xəstəxananın baş həkiminin üzərinə düşür. Görəsən, bu olaydan sonra baş həkim nə düşünür?
Oktyabrın 28-i saat 2 radələrində yenidən xəstəxanada olduq. Bu dəfə isə vəziyyət daha acınacaqlı idi. Xəstəxanaya daxil oluruq. Burada dəqiqələrlə gözləyirik. Hər üç mərtəbədəki tibb bacılarının otaqlarının qapılarını döyürük. Ancaq təəssüf ki, bizim səsimizə səs verən yoxdur. Düzdür, tibb işçilərinin növbətçiliyi 24 saat müddəti əhatə etdiyindən təcili yardıma ehtiyac olmayan xəstə müraciət etməyən vaxtlarda onların istirahət etməsinə icazə verilir. Ancaq bu, xəstəxananın nəzarətsiz buraxılmasına əsas vermir.
Aşağıya enib burada gözləyirik. Məcbur qalıb baş həkimin mobil telefonu ilə əlaqə saxlayırıq. Baş həkim xəstəxanaya gələrək səhiyyə ocağında heç kimin olmamasına özü də təəccüblü qalır. O, növbətçi həkimin Təcili yardım şöbəsinin feldşeri ilə birlikdə xəstə yanına getdiklərini dedi. Baş həkimin arxasınca da növbətçi həkim gəlir. Deyir ki, Gülüstan kəndindən gəlirik. Maraqlıdır, ağ xalatda olmayan həkim, qeydiyyata düşməyən xəstənin adı və sahibsiz qalan xəstəxana. Əlavə şərhə ehtiyac yoxdur.
Xəstəxananın sürücüsü avtomobili yox, xəstəxananı idarə edir
Ordubad Rayon Mərkəzi Xəstəxanasındayıq (22 oktyabr). Xəstəxananın xadiməsi bizə yaxınlaşıb kim olduğumuzu soruşur. Özümüzü təqdim etdikdən sonra o, bizə xəstəxananın sürücüsünü göstərərək “ona müraciət edin”, – deyir. Görünür ki, xəstəxananı sürücü idarə edir. O, bizi şöbələrlə tanış edir. Tibb bacıları yerində idi. Növbətçi həkim Minaxanım Əliyeva ilə görüşmək istədik. Dedilər, “həkim buradadır”. “Yəni haradadır?” sualıma cavab tapmaq üçün xəstəxananı gəzdik. Tibb bacılarından biri dedi ki, xəstə yanındadır, o biri də “aşağıdadır”, – deyə söhbətə qarışdı. Bayaqdan xəstəxanada olduğunu israr edənlərdən biri isə: “indi gələcək”, – dedi. Xəstəxanaya ağır vəziyyətdə gətirilən xəstə oturub növbətçi həkimimi gözləməlidir? Xəstə can dərdində ikən, deməli, hamı həkim axtaracaq...
Gecədən xeyli keçib. Nəhayət, biz oktyabrın 23-nə keçən gecə oyaq və yerində olan həkim görmək xoşbəxtliyinə nail ola bildik. Gecə saat 300-də Şərur Rayon Mərkəzi Xəstəxanasının növbətçi həkimi Hüseynəli Abbasovla xəstəxananın dəhlizində görüşdük. O, bütün tibb bacılarının yerində olduğunu söylədi. Xəstəxanada Yoluxucu xəstəliklər şöbəsindən və bir neçə tibb bacısından başqa, bütün şöbələrin həkimi və tibb bacısı oyaq idi. Biz orada ikən zəhərlənmə ilə bağlı bir vətəndaş xəstəxanaya gətirildi. Tibbi heyətin fəaliyyəti qənaətbəxş idi.
Kəngərli Rayon Mərkəzi Xəstəxanasının binasında təmir işləri aparıldığından bu səhiyyə müəssisəsi müvəqqəti olaraq Qarabağlar kəndindəki həkim ambulatoriyasında fəaliyyət göstərir. Növbətçi həkim İntiqam Əbilov tibb heyəti ilə birlikdə xəstəxanada idi.
Naxçıvan şəhərindəki xəstəxanalarda kim yatmış, kim oyaq?..
Oktyabrın 23-də bir neçə rayonda araşdırmamızı yekunlaşdırdıqdan sonra üz tutduq Naxçıvan şəhərində yerləşən xəstəxanalara. Doğum Mərkəzinin qarşısındayıq. Mərkəzin hər iki giriş qapısını döysək də, dəqiqələrlə gözlədik. Səsimizə hay verən olmadı. Bu, o demək deyildi ki, içəridə heç kəs yoxdur. Var. Lakin, deyəsən, onlar da yatmışdılar. Tibb işçiləri iş başında olduqlarını tamamilə unudublar. Ümidimiz qaldı xəstəxananın həyətindəki nəzarətçiyə. Ən acınacaqlı vəziyyət elə burada idi. Nəzarətçi də yerində deyil. Həmin gün kimsə ağır vəziyyətdə ora aparılsaydı, məcburən səhərə qədər gözləməli, öz sağlamlığını Allahın ümidinə buraxmalı olacaqdı. Xəstəxananın qapılarının bağlı olması məsələnin bir tərəfidir. Səhiyyə ocağının həyətyanı ərazisində də heç kim yoxdur. Bəs mühafizə haradadır?
Eyni vəziyyətlə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və Kardioloji Mərkəzdə də rastlaşdıq. Bu tibb ocaqlarının da qapıları bağlı idi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının mühafizəçisi yerində yox idi. Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir və onların sağlamlığı üçün dövlətimiz nə lazımdırsa, edir. Səhiyyə ocağının binası müasir tələblər səviyyəsində yenidən qurulub, müasir tibbi avadanlıqlarla təchiz olunub. Belə şərait yaradılıb ki, uşaqların müayinə və müalicəsində heç bir problemlə rastlaşılmasın. Ancaq gördüklərimiz bu səhiyyə müəssisəsi haqqında bizdə o qənaəti yaratdı ki, xəstəxananın tibb personalı öz işinə dırnaqarası baxır. Belə olmasa idi, gördüyümüz mənzərə ilə rastlaşmazdıq. Onu da xüsusilə qeyd edim ki, müşahidələrimizin videolenti var. Kiminsə jurnalist araşdırması ilə bağlı şübhəsi olsa, redaksiyamıza müraciət edə bilər və həmin dəlilləri ona təqdim etməyə hazırıq.
Yolumuz Naxçıvan Muxtar Respublika Xəstəxanasınadır. Xəstəxananın Reanimasiya və Cərrahiyyə şöbələrində tibb bacıları və həkimlər yerində və iş başında idilər. Nevrologiya şöbəsinə də baş çəkirik. Amma, deyəsən, növbətçi həkim Zakir Səfərova gec xəbər verilib ki, o, xəstəxanaya bizdən sonra gəlir. Zakir həkim bizi borclu çıxarır. Deyir, “sizin nə ixtiyarınız var ki, gecə bizi yoxlayasınız?” Həkimə müşahidə aparacağımızı bildirirəm. Onun “mən niyə bura gəlməliyəm?” sualı isə başa düşülən deyil. Yəqin ki, həmin sualın cavabını Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi verəcək.
Oktyabrın 28-i, saat 0015-dir. Şahbuz Rayon Mərkəzi Xəstəxanasındayıq. Xəstəxananın giriş qapıları taybatay açıqdır. Təcili yardım şöbəsinə daxil oluruq. Burada heç kim gözə dəymir. Səhiyyə müəssisəsinin telefonu uzun-uzadı zəng çalsa da, dəstəyi qaldıran yoxdur. Binanın ikinci və üçüncü mərtəbələrini gəzirik, ucadan tibb işçilərini səsləyirik. Bizə cavab verən yoxdur. Nəhayət, birinci mərtəbədəki Təcili yardım şöbəsinin telefonunun dəstəyini qaldıran tapılır. Qısa dialoqdan sonra öyrənirik ki, bu, xəstəxananın xadiməsidir. Növbətçi həkimi və digər tibb işçilərini soruşuruq. Xadimə “Təcili yardım şöbəsinin işçiləri Külüs kəndinə çağırışa gedib, növbətçi həkim yoxdur, tibb bacıları isə yuxarıdadır”, – deyir. Onunla birlikdə yenidən xəstəxananı gəzir, yatmış tibb bacılarını bir-bir oyadırıq. Tibb işçilərinin yatmağına sözümüz yoxdur, amma bu qədər müasir avadanlıqlarla təchiz olunmuş xəstəxana binasını sahibsiz qoymaq ən azı vicdansızlıqdır. Biz tibb işçilərini xəstəxanaya daxil olduqdan təxminən 15 dəqiqə sonra tapa bildik. Bu 15 dəqiqə ərzində hansısa xəstənin həyatı təhlükə altına düşə bilər, yaxud da xəstəxanada asanlıqla təxribat törətmək olardı. Bir az keçəndən sonra xəstəxananın növbətçi həkimi və baş həkimi özünü yetirir. Baş həkim deyir ki, xəstəxana 30 çarpayılıq olduğundan növbətçi həkimlər evlərində gözləyirlər. Qəribə məntiqdir. Ancaq ola bilsin ki, baş həkim haqlıdır. Hər halda bu məsələyə də Səhiyyə Nazirliyi aydınlıq gətirəcək.
Həmin gün Babək Rayon Mərkəzi Xəstəxanasına da baş çəkdik. Növbətçi həkim Oqtay Rzayev yerində yox idi. Təcili yardım şöbəsinin tibb bacısı ilə sürücüsünü uzun fasilədən sonra yuxudan oyada bildik.
Son söz əvəzi...
Həyatda bəzən insanın çarəsiz qaldığı anlar da olur. Mən də bu yazını necə bitirəcəyimə qərar verməkdə çətinlik çəkdim. Muxtar respublikada yaradılan yüksək şərait müqabilində belə fəaliyyət göstərmək ən azı vicdansızlıqdır. Bu gün Naxçıvanda fəaliyyət göstərən səhiyyə müəssisələri ən müasir standartlara cavab verir. Muxtar respublikanın səhiyyə ocaqlarında yaradılan şəraitin, tibb müəssisələrinin maddi-texniki bazasının, müasir avadanlıqlarla təchizatının bölgədə analoqu yoxdur. Dövlətimiz bu şəraiti yaradıb ki, insanların sağlamlığı qorunsun, muxtar respublika əhalisi heç bir problemlə rastlaşmasın. Xəstəxanalardakı müasir avadanlıqlar gecə saatlarında sahibsiz buraxılmaq üçün qoyulmayıb, səhiyyə müəssisələrindəki rahat palatalar tibb işçilərinin yatmağı üçün yaradılmayıb. Hörmətli tibb işçiləri! Siz dövlətin göstərdiyi qayğının, yaratdığı şəraitin, bir də geyindiyiniz ağ xalatın məsuliyyətini dərk etməlisiniz. Çünki hamımızın sağlamlığı öncə Allahın, sonra sizin əlinizdədir. Unutmayaq ki, həyatla ölüm arasındakı zaman məsafəsi saatla, dəqiqələrlə deyil, saniyələrlə ölçülür. Buna görə də həkimin hər dəqiqəsi insan həyatı üçün önəmlidir. İş başında olan həkimlərin yerində olmaması və ya yatmaları bağışlanılmazdır. Belə bir deyim var: həkimin təqsirlərini torpaq ört-basdır edir, həkim heç bir cəza almır. Ancaq, əksinə, həkimlər vicdanın hökmünə məhkumdurlar. Bundan ağır cəza ola bilməz. Əgər o vicdan da varsa...
Sara ƏZİMOVA