Bakı şəhərində fəaliyyət göstərən Bioloji təbabət klinikası dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində muxtar respublika həkimlərinin iştirakı ilə seminara start vermişdir. İlk olaraq tədbirin məqsəd və mahiyyəti açıqlanmışdır. Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxış edərək muxtar respublikada səhiyyənin inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır.
Qeyd olunmuşdur ki, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikamızda həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsini təşkil edir. Bunun nəticəsidir ki, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir, tibb müəssisələri üçün yeni binalar tikilir, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir, insanlar arasında mütəmadi olaraq səhiyyə maarifi işi aparılır, tibb işçiləri paytaxt Bakı şəhərinin və müxtəlif xarici ölkələrin klinika və xəstəxanalarına ixtisasartırma kurslarına göndərilir, həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə seminarlar, konfranslar keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən seminar həmin tədbirlərin davamıdır.
Bioloji təbabət klinikasının direktoru Elxan Yaqubov çıxış edərək klinikanın fəaliyyəti haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2009-cu ildən fəaliyyət göstərən bu klinika Azərbaycanda bioloji üsullarla müalicənin tətbiqini qarşısına məqsəd qoymuşdur. Bioloji təbabət orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və baş verən həmin xəstəliklərin səbəblərinin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur. Bu metod digər müalicə üsullarından fərqli olaraq, xəstəliyi deyil, xəstəni müalicə edir. Yəni müalicə fərdi olaraq seçilir, müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur. Müalicə zamanı digər orqan və toxumalar zədələnmir. Lakin kimyəvi dərmanlarla müalicə zamanı xəstəlik əlamətləri müvəqqəti olaraq aradan qaldırılır, xəstəlik gizli hala keçir və bu halda onun inkişafı elə bir həddə çatır ki, qarşısını almaq mümkün olmur. Bununla yanaşı, kimyəvi dərmanların zərərli təsiri nəticəsində sağlam orqan və toxumalar zədələnir.
Bildirilmişdir ki, klinika mütəmadi olaraq Bakı şəhərində seminarlar keçirir. İndiyə kimi 3600-dən çox həkim həmin seminarlarda iştirak etmişdir. Seminarların keçirilməsində məqsəd həkimlərə bioloji təbabətlə müalicənin üsullarını mənimsətməkdir.
Sonra seminar öz işinə başlamışdır. Seminarda tibb elmləri doktoru, professor Fikriyyə İbrahimlinin məruzəsi dinlənilmişdir.
Qeyd edək ki, bu tədbir 18 gün olmaqla, həftənin 6 günü saat 1500-dən 1800-dək keçiriləcək, fəal iştirak edən həkimlərə klinikanın sertifikatları təqdim olunacaqdır.
Sara ƏZİMOVA