25 Dekabr 2024, Çərşənbə

Yay fəsli uşaqlar arasında bəzi mövsümi xəstəliklərin yayılması dövrü hesab edilir. Xüsusən çimərliklərdə çimmək, günəş şüaları altında uzun müddət qalmaq, düzgün qidalanma rejiminə riayət etməmək uşaqların bədən bioritmini pozur. Nəticədə, uşaqlarda mövsümi xəstəliklərə yoluxma halları baş verir. Bəs övladlarımızı bu xəstəliklərdən necə qoruya bilərik?

Bu barədə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini, pediatr İlkay Əliyeva ilə həmsöhbət olduq. Yay mövsümündə uşaqların sağlamlığına nəzarətin daha güclü olmasını vacib sayan həkim qeyd edir ki, bu dövrdə günvurma, günəş yanığı, mədə-bağırsaq sistemi və digər infeksiyalara, allergik və sair mövsümi xəstəliklərə daha çox rast gəlinir. İlk olaraq onu qeyd etməliyəm ki, uşağın immuniteti yüksək olarsa, o, bütün xəstəliklərə qalib gələr. Bunun üçün onların düzgün qidalanmasına, yuxu rejiminə, fiziki aktivliyinə ciddi nəzarət etmək lazımdır.

Yayda uzun müddət birbaşa günəşin təsirinə məruz qalan uşaqlarda aşağıdakı əlamətlər – şiddətli başağrısı, başdönməsi, ürəkbulanma, qusma, yüksək temperatur, halsızlıq, ağır hallarda şüur pozğunluğu müşahidə edilir. Əgər bu qeyd etdiyimiz günvurma əlamətlərinə uşaqda rast gəlinsə, valideynlər onu təcili olaraq sərin və kölgə olan bir yerə keçirməli, bədəni sıxan paltarlar çıxarılmalıdır. Huşunda pozğunluq müşahidə edilərsə, təcili tibbi yardıma xəbər edilməlidir. Təcili yardım gələnə kimi yaş əskilərlə bədəni sərin saxlamaq lazımdır. Günvurma və günəş yanığından qorunmaq üçün günəşli günlərdə papaqdan, çətirdən, günəşdən qoruyucu kremlərdən istifadə olunmalı, çoxlu maye qəbul edilməlidir. Ümumiyyətlə, yay aylarında birbaşa günəş şüalarının təsirindən (saat 1200-da 1600-dək) uzaq durmaq lazımdır.
Pediatr onu da bildirdi ki, yay mövsümündə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən olan bağırsaq infeksiyaları onlara yaxşı bişməmiş ət, süd, yumurta və digər məhsullardan, o cümlədən çirkli su vasitəsilə keçə bilər. Belə vəziyyətlər özünü ürəkbulanma, qusma, ishal, yüksək temperatur, qarında ağrılar və digər əlamətlərlə göstərir. Qusma, ishal uşaq orqanizminin susuzlaşmasına, nəticədə, eksikoz, toksikoz hallarının yaranmasına gətirib çıxarır. Belə hallar yaranmasın deyə, uşağa verilən qidaları yaxşı bişirmək, meyvə-tərəvəzi bol su ilə yumaq, çoxlu maye qəbul etmək lazımdır. Həmçinin qidalanmadan öncə əllərin təmizliyinə riayət etmək lazımdır.
Valideynlərə məsləhətimiz odur ki, 1 yaşından az olan körpələri yay mövsümündə əlavə qidaya keçirməsinlər. Yay mövsümündə əgər uşağın ana südü ilə bəslənməyi 6 aya çatıbsa və əlavə qidaya keçmək vaxtıdırsa, onu bir-iki ay uzatmaq lazımdır. Körpələrə ana südünü dayandırmağı sentyabrdan sonraya saxlamaq daha məsləhətlidir. Unutmaq olmaz ki, ana südü körpə üçün əvəzedilməz qida hesab olunur.
İlkay həkim qeyd etdi ki, uşaqlarda allergik xəstəliklər ilin bütün aylarında qeydə alına bilər. Lakin bəzi allergik hallar mövsümi xarakter daşıyır. Yay aylarının aktual allergik xəstəliklərinə qida, insekt yəni həşəratların dişləməsi ilə əlaqədar əmələ gələn allergik reaksiyalar və rinitlər, pollinozlar, atopik dermatitlər, günəş allergiyası, toksikoallergik reaksiyalar, allergik konyunktivitlər və sair aiddir. Bu kimi hallar yaranmasın deyə, valideynlər uşaqların sağlamlığına ciddi yanaşmalıdırlar. Əgər hər hansı bir narahatlıq müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.
Müsahibim yayda uşaqlarda infeksiyaların artma səbəblərindən birinin də su hövzələrində yuyunmağın olduğunu vurğuladı. Həkimin sözlərinə görə, bağırsaq infeksiyaları və diareyaların profilaktikası üçün sanitar-gigiyena qaydalarına ciddi riayət edilməlidir. Uşaq tərbiyə müəssisələrində yeməklərin bişirilməsi və oyuncaqların təmizliyinə sanitar nəzarət, həmçinin məktəbəqədər və məktəbyaşlı uşaqlara şəxsi gigiyena qaydalarının öyrədilməsi vacibdir. Uşaqlarda orqanizm həssas olduğu üçün müxtəlif meyvələrin həddən artıq qəbulu və sərinləşdirici içkilərin aramsız olaraq içilməsi bu kimi problemlərə səbəb olur. Ona görə də qidaları sərin vəziyyətdə saxlamaq və günəş şüalarından qorumaq məsləhətdir. Yeməklərin və içkilərin hazırlanma, əlverişli şəraitdə saxlanma və istifadə mərhələlərində əsas gigiyena qaydalarına diqqət edilməsi, yuxarıda qeyd edilən riskli qidaların qəbulunun azaldılması, bayırdan alınan və ya açıq havada satılan qidalardan istifadə edilməməsi, durğun halda olan su mənbələrindən su içilməməsi də su və qidalarla keçən infeksiyalardan qorunmaqda effektiv yollardandır.
Hər bir valideyn uşaqlarının taleyi üçün məsuliyyət daşıyır. Uşaqların sağlam şəkildə böyüməsi onların gələcək həyatında mühüm rol oynayır. Hər bir cəmiyyətin həm mənəvi, həm də fizioloji cəhətdən sağlam insanlara ehtiyacı olduğunu nəzərə alıb gələcəyimiz olan uşaqların sağlamlığına həssaslıqla yanaşmaq hər kəsin vətəndaşlıq, valideynlik borcudur. Unutmayaq ki, sağlam ruh yalnız sağlam bədəndə olar!

- Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR