Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən aslı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Həmin gün öz mənbəyini Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.
Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 750-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Bu ilin əvvəlinin statistikasına əsasən Azərbaycanda 32,6 min həkim və 54,2 min orta tibb işçisinin çalışır və əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.
Bu il peşə bayramının qeyd olunması yeni koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edir. Tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək ümumbəşəri təhlükə ilə mübarizənin ön cərgəsindədirlər. Virusa yoluxmuş minlərlə xəstə məhz onların səyi ilə yenidən həyata qayıdır. Təkcə bir faktı göstərmək kifayətdir ki, reanimasiyada olan hər bir xəstənin gün ərzində müalicəsi üçün minimum 10-12 tibb işçisinə ehtiyac olur. Növbədə olan həkimlər 15 gündən bir dəyişdirilir və onları növbəti həkim personalı əvəz edir. Hər növbədə 7-8 min həkim və tibb bacısı COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam ilə qlobal epidemiya ilə mübarizə aparan dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.
Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.