25 Dekabr 2024, Çərşənbə

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu günün qeyd olunması ölkəmizdə səhiyyə sahəsinə, o cümlədən tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür. Milli dövlət quruculuğu strategiyasında səhiyyənin də inkişafına həssaslıqla yanaşan, bu sahəyə diqqət və qayğısını heç zaman əsirgəməyən ümummilli lider Heydər Əliyev tibb işçilərinə müraciətlə deyirdi: “...Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar bizi sevindirir. Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərində ölkəmizin bütün regionlarında səhiyyə ocaqları tikilərək istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilmişdir. Müstəqillik illərində də səhiyyənin inkişafına hesablanmış məqsədyönlü və ardıcıl tədbirlər görülmüş, bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, həkimlərin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılmışdır.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində uğurla davam etdirir. Son illər tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Qəbul olunmuş dövlət proqramlarının icrası göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, dərmanla təchizatın əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradır.

İnsan sağlamlığı bütün dövrlər üçün cəmiyyətin ən qiymətli sərvəti hesab olunur. Məhz buna görə də insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi məqsədilə bu gün Naxçıvan Muxtar Respublikasında da mühüm işlər görülür. Burada səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması da yalnız bir məqsədə – əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu səbəbdən də dərman və tibbi ləvazimatlarla təchizat yaxşılaşdırılmış, ana və uşaqların, ahılların, bütövlükdə əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması əsas məsələyə çevrilmişdir.
Səhiyyə sistemi qarşısında qoyulan vəzifələrdən biri də budur ki, insanlar tibbi yardımı yerlərdə ala bilsinlər, hər bir müayinə və tibbi müdaxilə üçün Naxçıvan şəhərinə, başqa yerlərə getmək məcburiyyətində qalmasınlar. Artıq belə şərait yaradılmışdır. Rayon mərkəzi və kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri müasir tələblər səviyyəsində qurulmuş, tibbi avadanlıqlarla təchiz edilmiş və həmin avadanlıqlarla işləyə biləcək kadrlar yetişmişdir. Əminliklə demək olar ki, artıq vətəndaşların hər kənddə, rayon mərkəzlərində keyfiyyətli tibbi yardım alması mümkündür.

Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 mart tarixli “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsilə bağlı tədbirlər haqqında” Fərmanı muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, hər bir vətəndaş üçün əlçatan olması baxımından mühüm əhəmiyyət daşıyır. Bu ildən icbari tibbi sığorta sisteminin tətbiqinə uyğun olaraq publik hüquqi şəxs statusu alan müəssisələrdə işçilərin əmək- haqqı 50 faiz artırılmışdır. Həmin müəssisələrdə icbari tibbi sığortanın və tibbi xidmətin fəaliyyətini təmin etmək üçün cari təmir və yenidənqurma işləri aparılmış, ehtiyac olan avadanlıqlarla təmin edilmiş və sığorta üçün vacib olan nümunəvi tibbi informasiya sistemi – kompüter proqram təminatı yaradılmışdır. Rayonlarda həyata keçirilməsi mümkün olan müayinə və müalicələr vətəndaşlara tibbi sığorta hesabına aparılmış, tətbiq olunması mümkün olmayan xidmətlərin siyahısı dəqiqləşdirilmiş, bu siyahıya uyğun xidmətlər göstərəcək tibb müəssisələri müəyyənləşdirilmişdir. Ehtiyacı olan xəstələrin müayinə və müalicələri göndərişlə təmin olunaraq həmin müəssisələrdə tibbi sığorta hesabına həyata keçirilir.

Muxtar respublikada uşaqların sağlam böyüməsi üçün tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərin davamıdır. Ötən il publik hüquqi şəxs statuslu Şərur, bu il isə Ordubad Rayon Uşaq xəstəxanalarının yaradılması gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlərdəndir.
Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları hazırda fəaliyyətlərini davam etdirir, yerlərdə əhalinin müayinə-müalicə işi ilə məşğul olurlar. Təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəb­yaşlı uşaqların, tələbələrin kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji və digər müayinələri davam etdirilir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq səhiyyə sistemində elektron xidmətlərin göstərilməsinə başlanmış, qısa müddətdə nümunəvi tibbi informasiya sistemi qurulmuşdur. Gənc ailələrdə səhiyyə maarifi işi, hamilə qadınların və uşaqların patronaj xidməti, yeni doğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların Elektron sağlamlıq kartları ilə təminatı və ondan istifadə qaydasının öyrədilməsi məqsədilə “Ailə sağlamlıq məktəbləri” yaradılmış, məşğələlərin davamlı aparılmasına nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Tibb Kolleci Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin himayəsinə verilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində Səhiyyə Nazirliyi ilə bu təhsil müəssisələri arasında əlaqələr daha da genişlənmişdir. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. İstər tibb fakültəsinin, istərsə də tibb kollecinin məzunları bu gün muxtar respublikada ən mürəkkəb cərrahi əməliyyatların aparılmasında iştirak edirlər.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq tibbi kadrlara tələbatın ödənilməsi məqsədilə 1999-cu ildə yaradılmışdır. O dövrdə bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən müddətdə inkişaf edərək hazırda həm bakalavr, həm də rezidentura təhsili üzrə həkim hazırlığı həyata keçirir. Bu gün fakültənin müasir xəstəxanası tələbələrin nəzəri və praktik biliklərinin təkmilləşdirilməsində müstəsna rol oynayır. Tibb sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq və dünya tibb elminə daha sıx inteqrasiya etmək üçün universitet xarici ölkə universitetləri ilə sıx əlaqələr qurmuşdur.
Naxçıvan Tibb Kollecində 8 ixtisas üzrə tibbi kadr hazırlanır. İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə Naxçıvan Tibb Kollecinin müəllim və tələbə heyəti Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşmə kurslarına göndərilirlər. Yüksəkixtisaslı həkimlərin iştirakı ilə keçirilən beynəlxalq elmi-praktik konfranslar, təşkil edilən kurslar həkimlərin müasir tibbi biliklərinin zənginləşdirilməsində, hər il keçirilən səhiyyə yarmarkaları isə gənc tibbi kadrların işlə təminatında mühüm rol oynayır.
Hazırda muxtar respublikada əhaliyə 224 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Həmin tibb müəssisələrində 695 həkim, 2 min 212 orta tibb işçisi çalışır. Artıq yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stent qoyulması, laparoskopik, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları aparılır. Mürəkkəb cərrahi əməliyyatların da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır. Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, ürək damarlarına stent qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri, larviolla delervasiya aparılır, müxtəlif yaş qruplarının dispanserizasiyası, hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirləri genişləndirilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə mütəmadi olaraq Naxçıvan şəhərinin dəmir yolu və avtovağzallarında, topdan və pərakəndə satış məntəqələrində dezinfeksiya tədbirləri həyata keçirilir. Rayonlarda isə, əsas etibarilə, məktəblərin sinif otaqlarında, idman zallarında, qarderoblarında, bufet və yeməkxanalarında, dəhlizlərində, sanitar qovşaqlarında və digər yerlərdə dezinfeksiya və dezinseksiya işləri təşkil olunur. Həmçinin kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilir.
Dünyada elan olunmuş pandemiyanın muxtar respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün profilaktik və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Belə ki, bütün sahələrdə zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar tətbiq edilib, şəhər, qəsəbə və kəndləri əhatə etməklə hər bir yaşayış məntəqəsində, eləcə də ictimai yaşayış binalarında, idarə, müəssisə və təşkilatlarda dezinfeksiya işləri aparılıb. Bununla bağlı əhali arasında maarifləndirici tədbirlər ardıcıl şəkildə davam etməkdədir. Muxtar respublika ərazisində bütün tibb müəssisələri və peyvənd məntəqələrində idarə olunan yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndlərin plan üzrə aparılmasına nəzarət edilir, monitorinqlər keçirilir.
Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ Arsenli Su Müalicəxanasının və Ağbulaq İstirahət Mərkəzinin imkanları hesabına təşkil olunan müalicə turizmi xidmətləri muxtar respublikanın ümumi turizm potensialının mühüm bir hissəsini təşkil edir. Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 4 min xəstə qəbul edir. Mərkəzdə ölkəmizin bir çox yerlərindən, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya və İngiltərə kimi xarici ölkələrdən gələn insanların yuxarı tənəffüs yolları xəstəlikləri müalicə olunur. Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin inşası da səhiyyə turizminin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Peşə bayramını yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR