25 Dekabr 2024, Çərşənbə

Səhiyyə xidmətinə diqqət 

Ötən günlərdə “Şərq qapısı” qəzetinin arxivini vərəqləyərkən qəzetin 25 noyabr 1992-ci il tarixli sayında dərc olunan “Səhiyyə xidmətinə diqqət” sərlövhəli müşavirə mətni ilə rastlaşdım. Həmin illəri bu gün müqayisə edərkən qazanılan uğurların miqyasını daha da aydın şəkildə dərk etdim. Yazıdakı ümidsizliyi ifadə edən fikirlərlə tanış olarkən inana bilmirsən ki, blokadanın yaratdığı ağır çətinliklərlə üz-üzə qalan bir məkan bu gün belə uca zirvəyə yüksəlib. Doğrudur, həmin müşavirədə diqqətə çatdırılan çatışmazlıqlar, əsasən, muxtar respublika səhiyyəsindəki mövcud şəraitsizlik müharibənin yaratdığı problemlərlə bağlı idi. Naxçıvanın dünəni ilə bu gününü müqayisə etmək üçün əvvəlcə həmin müşavirədə ulu öndərimiz Heydər Əliyevin dediyi fikirlərə diqqət yetirək:
“May ayının 18-dən bu günədək bizim sərhədlərimizdə, xüsusilə Sədərək bölgəsində müharibə gedir. Bu müharibə gah şiddətlənir, gah da zəifləyir. Amma bunun nəticəsində muxtar respublikanın ən böyük kəndlərindən olan Sədərək kəndinin əhalisi qaçqın vəziyyətindədir. Onlar erməni hücumlarından qorunmaq üçün öz kəndlərini məcburən tərk edərək çadırlarda yaşayırlar.
Qeyd etdiyim kimi, mayın 18-dən sonra bir çox kəndlərin sakinləri qaçqın vəziyyətindədir. Onlar çadırlarda, vaqonlarda yaşayırlar. Yaşayış şəraitində ərzaqla və tibbi xidmətlə təmin olunmalarında çox çətinliklər var. Sanitariya vəziyyətinin yaxşı olmaması müxtəlif xəstəliklərin meydana gəlməsi təhlükəsi yaradır. Bütün bunlarla yanaşı, mühüm vəzifə ondan ibarətdir ki, həm çadırda yaşayan qaçqınlara, həm də sərhəd döyüşlərində yaralananlara lazımi səviyyədə tibbi yardım göstərilsin. Lakin bu işdə çox ciddi nöqsanlar vardır. Bizim səhiyyə müəssisələri bərbad vəziyyətdədir. Onlar öz işlərini lazımi səviyyədə təşkil edə bilməyiblər. Ona görə də biz təcili olaraq fövqəladə tədbirlər görməliyik. Bu da ondan ibarətdir ki, biz bütün daxili imkanlardan istifadə edib qaçqınlara və yaralılara tibbi yardımı tələb olunan səviyyəyə qaldırmalıyıq”.

Sağlamlıq cəmiyyətin sərvətidir

Muxtar respublikamızda bu sərvəti qorumaq üçün geniş imkanlar yaradılıb


Ötən əsrin 90-cı illərinin əvvəllərindən blokadaya salınan muxtar respublikamızda, demək olar ki, bütün sahələrdə vəziyyət çox ağır idi. Ermənilərin çirkin əməllərinə paralel olaraq mərkəzi hakimiyyətin də biganə münasibəti ucbatından, bir tərəfdən qədim diyarımızın işğal təhlükəsi ilə üz-üzə qalması, digər tərəfdən ərzaq qıtlığı, süfrəmizin əsas neməti olan çörəyə belə, həsrət qalmağımız, işığın, təbii qazın olmaması, bütün bunların fonunda təbiətin də bizi sınağa çəkməsi – yayın şiddətli istilər, qışın isə sərt şaxtalar ilə müşahidə edilməsi vəziyyəti daha da gərginləşdirirdi.

Bu həmin vaxtlar idi ki, ölkəmizin sərhədlərində qızğın müharibə gedirdi. Ancaq, təəssüf ki, həmin vaxtlar muxtar respublikada müharibə şəraitinə uyğun səhiyyə yox idi. Xəstəxanaların özündə sığınacaqlar yaradılmamışdı ki, ekstremal hallarda onlardan istifadə etmək mümkün olsun. Həmin illərdə Naxçıvanda hərbi hospital və cərrahiyyə mərkəzi yaradılması zərurəti qaçılmaz olsa da, bunu etmək mümkün deyildi. Xəstəxana bir yana, təcili yardım maşınlarının çatışmazlığı ucbatından çətinliklər yaranır, bu isə müharibə şəraitində itkilərimizin artmasına səbəb olurdu. Amma bütün bunlara baxmayaraq, tibb işçilərimiz döyüşçülərə səngərdə, evini-eşiyini tərk etmək məcburiyyətində qalanlara isə çadırlarda tibbi yardım göstərməyə çalışırdılar. Yaxşı ki, həmin illərdə ulu öndərimiz Heydər Əliyev Naxçıvanda idi. Məhz onun ciddi səyləri nəticəsində bir sıra problemlər həll edilirdi. Tarixboyu qəhrəmanlığı ilə şan-şöhrət qazanmış diyarımızın vətənpərvər, torpağının hər qarışını qızıldan üstün tutan insanları dahi rəhbərin ətrafında yumruq kimi birləşərək bu çətin sınaqdan üzüağ çıxdılar. Lakin həmin dövrdə yaranmış vəziyyət bütün məsələləri tam həll etməyə imkan vermir, bəzi çətinliklərin aradan qaldırılması üçün zaman tələb olunurdu.
Ümidverici məqam isə ondan ibarət idi ki, ulu öndərimiz hələ sovetlər dönəmində hakimiyyətdə olduğu illərdə ölkəmizin, o cümlədən muxtar respublikamızın səhiyyə infrastrukturunun yaradılması istiqamətində əhəmiyyətli addımlar atmışdı. Yəni həmin dövrdə görülən işləri davam etdirərək Naxçıvan səhiyyəsini inkişaf etdirmək imkanları var idi. Belə ki, ümummilli liderimizin diqqət və qayğısı nəticəsində ötən əsrin 70-80-ci illərində Naxçıvan şəhərində 500 çarpayılıq muxtar respublika xəstəxanası, doğum evi kompleksi, uşaq xəstəxanası, dəri-zöhrəvi, vərəm, onkoloji dispanserləri, Səhiyyə Nazir­liyinin inzibati binası, rayon mərkəzlərində və kəndlərdə xəstəxana binaları, feldşer-mama məntəqələri tikilib istifadəyə verilmişdi.
Lakin bütün bu tibb ocaqları blokadanın gətirdiyi bəlalarla istifadəyə yararsız vəziyyətə düşmüşdü. Belə ki, elektrik enerjisinin, təbii qazın olmaması xəstəxanaların fəaliyyətinə mənfi təsir etdiyi kimi, ölkə ilə əlaqənin kəsilməsi, burada tibbi avadanlıq və dərman preparatları ilə təminatı da yox dərəcəsinə endirmişdi. Muxtar respublika sakinləri səhiyyə ilə bağlı ciddi problemlərlə üzləşməli olmuşdular.
1992-ci ildə qeyd edilən əsas problemlərdən biri də yetərli təcili yardım maşınlarının olmaması idi ki, bu gün həmin problem də öz həllini tapıb. Ötən dövr ərzində səhiyyə ocaqlarına verilən müasir şəraitə malik təcili yardım avtomobilləri xəstələrin təxliyəsi zamanı ilkin tibbi müdaxilə və reanimasiya tədbirlərinin aparılmasına imkan verir.
Muxtar respublikamızda səhiyyə infrastrukturunun qurulması belə deməyə əsas verir ki, bu gün Naxçıvan səhiyyəsi istənilən şəraitdə, istənilən tələblərə cavab vermək gücündədir.
Ötən dövr ərzində aparılan genişmiqyaslı səhiyyə quruculuğu işləri çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika Müalicə Mərkəzi, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, rayonlarımızdakı xəstəxanalar, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, ümumilikdə, 1996-2020-ci illər ərzində 200-dən artıq səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsində görülən işlərin əsas göstəricisidir.
Muxtar respublikanın səhiyyə sistemində aparılan islahatlara uyğun olaraq Stomatoloji Mərkəzin, Darıdağ Arsenli Su Müalicəxanasının, Duzdağ Fizioterapiya və Naxçıvan Diaqnostika Müalicə mərkəzlərinin publik hüquqi şəxsə çevrilməsi Naxçıvan səhiyyəsində yeni üfüqlər açır. Dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək deyib: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.

Ötən illər ərzində ölkəmizdə hərbi hospitalların tikintisi də diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə ardıcıl işlər görülüb. Belə ki, Naxçıvanda yerləşən ordu və birləşmələrin tərkibində müasir ambulatoriyaların inşası və ya yenidən qurulması diqqətdə saxlanılır. Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordu üçün 4 min 92 kvadratmetr ərazini əhatə edən Mərkəzi Hərbi Xəstəxana inşa olunur. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan 398 çarpayılıq hərbi xəstəxanada hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin keyfiyyətlə aparılması üçün nümunəvi şərait yaradılacaq. Ərazisində helikopter meydançasının da olması təxirəsalınmaz hallarda xəstələrə təcili tibbi yardım göstərilməsinə imkan verəcəkdir.
Səhiyyənin inkişafına öz töhfəsini verən icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin səviyyəsini daha da artırır. Bu məqsədlə muxtar respublikada ilk uğurlu addımlar atılıb. Ali Məclis Sədrinin müvafiq fərmanı əsasında 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Bundan sonra ilk olaraq 2017-ci ildən bu günə kimi Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad və Babək rayonlarında, Naxçıvan şəhərində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu rayonların mərkəzi xəstəxanaları publik hüquqi şəxs statusu alıb, onların işçilərinin aylıq vəzifə maaşları artırılıb. Mərkəzi xəstəxanalarda yeni tibbi avadanlıqlar quraşdırılıb, bilikli və təcrübəli həkim-mütəxəssislər işə cəlb olunublar. Ötən dövrdə həyata keçirilən pilot layihələrin ilk məkanlarından birinin muxtar respublika olması da bu istiqamətdə mühüm təcrübə əldə edilməsindən xəbər verir.
Bu gün muxtar respublikanın səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi də ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə öz töhfəsini verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi məqsədilə müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, müxtəlifprofilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublika xəstəxanalarının həkimlərinin mütəmadi olaraq xaricdə və ölkəmizdə təkmilləşdirmə kurslarında iştirakı onların peşəkarlığını daha da artırır. Tibb bacılarının vaxtaşırı sertifikasiya imtahanları keçirilir.
Blokada vəziyyətində yaşamasına baxmayaraq, ötən illər ərzində uğurlu yol keçən səhiyyəmiz son zamanlar daha çətin bir sınaqda – dünyanı ağuşuna alan pandemiya ilə mübarizədə çəkilən zəhmətin hədər getmədiyini bir daha sübut edir. Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikasında izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyən edilib. Mərkəzdə karantinə alınan xəstələrin müayinəsi və virus aşkar edilən xəstələrin müalicəsi üçün lazımi şərait yaradılaraq ölkə başçısının göstərişinə əsasən yeni laboratoriya qurulub. Mayın 14-də Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı tədbir keçirilib, bu məqsədlə alınmış yeni tibbi avadanlıqlar muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunub. İki dəst Ekstrakorporal Membran Oksigenasiya cihazı, 20 stasionar süni tənəffüs aparatı, 4 portativ süni tənəffüs aparatı, 2 hemodializ cihazı, 4 mobil rentgen cihazı, 30 infuziya pompası, 20 yataqbaşı kardiomonitor, 10 elektrosorucu, 40 funksional və pediatrik çarpayı alınıb ki, bütün bunlar bu sahədə tətbiq olunan ən müasir texnologiyaya əsaslanır.
Ötən illər ərzində muxtar respublikamız sürətli inkişaf yolu keçib, bütün sahələrdə olduğu kimi, səhiyyədə də böyük uğurlar əldə edilib. Bütün bunlara dahi rəhbər Heydər Əliyevin ideyalarına, siyasi xəttinə sədaqət nəticəsində nail olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov öz çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Ali Məclis Sədrinin: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır” fikri hər bir naxçıvanlıda böyük inam, ruh yüksəkliyi yaradır, hər birimizin qurmaq-yaratmaq əzmini artırır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR