Dünən Naxçıvan Biznes Mərkəzində Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan və Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram çərçivəsində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir olub.
Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada yaşayan qadınlara pandemiya dövründə iqtisadi dəstək göstərilməsi məqsədilə keçirilən tədbirdə komitə sədri Ramilə Seyidova çıxış edib. O bildirib ki, “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində 319 qadın iştirakı ilə “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və inkişaf etdir” adlı 12 təlim keçilib. Layihənin yekununda öz uğurlu biznes planları ilə seçilən 13 sağlamlıq imkanı məhdud şəxs də daxil olmaqla, ümumilikdə, 63 qadına 80 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik və sair sahələr ilə məşğul olmaları üçün, ümumilikdə, 43 min 700 manat dəyərində sərmayə kapitalı verilib, onlarla müvafiq müqavilələr bağlanılıb.
Vurğulanıb ki, muxtar respublikada pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı həyata keçirilən qabaqlayıcı tədbirlər, səhiyyə sahəsində verilən operativ qərarlarla bu təsirlərin qarşısı alınıb. Görülən tədbirlərin bariz nümunəsidir ki, digər sahibkarlarla yanaşı, muxtar respublikamızda yaşayan qadınlara da iqtisadi dəstək göstərilir. Belə ki, sözügedən layihənin davamı olaraq pandemiya dövründə iqtisadi dəstək göstərilməsi məqsədilə ötən il keçirilən təlimlərdə iştirak edərək sertifikat alan, lakin sərmayə kapitalı almayan 39 qadına 25200 manat dəyərində sərmayə kapitalı verilib. Sərmayə kapitallarının 72 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq, 28 faizi isə dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik, psixoloji xidmət sahəsi ilə məşğul olmaq üçün verilib. Layihənin icrasının 1 may-15 iyun 2020-ci il tarixlərdə nəzərdə tutulan ikinci hissəsi uğurla başa çatdırılıb.
Komitə sədri çıxışının yekununda qadınlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə ilə bağlı ətraflı məlumat verib, qadınlara sahibkarlıq fəaliyyətlərində uğurlar arzulayıb. Layihə rəhbəri pandemiya haqqında da geniş söhbət açıb. İştirakçılara qoruyucu vasitələr paylanılıb.
Sonra 20 qadına sərmayə kapitalı ilə əlaqədar imzalanmış müqavilələr təqdim olunub. Layihə iştirakçıları göstərilən qayğı və dəstəyə görə dövlətimizə minnətdarlıq ediblər.
Qeyd edək ki, tədbir mövcud vəziyyətlə əlaqədar olaraq sosial izolyasiya qaydalarına uyğun həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti