25 Dekabr 2024, Çərşənbə

Uşaqlar arasında peyvəndləmə işləri təqvimə uyğun olaraq davam etdirilir. Məqsəd muxtar respublika ərazisində yaşayan və qeydiyyata alınan uşaqların bütünlüklə profilaktik peyvənd edilməsi və bununla bərabər, həmin uşaqların mövcud infeksion və digər xəstəliklərdən qorunmasıdır.
Uşaqların peyvəndə cəlb olunması əhali arasında yoluxucu epidemiyaların qarşısını almağa xidmət edir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Şəmsi Əsgərov bildirir ki, uşaq infeksion xəstəliklərinin qarşısının alınmasında profilaktik peyvəndlər xüsusi yer tutur. Azərbaycan Respublikasının Milli Peyvənd Pro­qramına uyğun olaraq bu gün muxtar respublikada 11 xəstəliyə qarşı peyvənd həyata keçirilir.

Peyvənd təqviminə əsasən 1 yaşa qədər uşaqlara 5 peyvənd edilir. Doğum evində yeni doğulanlara 12 saat ərzində hepatit B-yə, 4-7 gün ərzində poliomielit və vərəm əleyhinə (BSJ) peyvənd edilir. Yaşadığı ərazi üzrə sahə həkimi tərəfindən 2 aylığından başlayaraq 6 yaşına qədər tam sağlam uşaqlara təqvimə uyğun peyvəndlər aparılır.
İkiaylıq uşaqlara Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını almış 5 komponentli vaksin vurulur. Bu vaksin Hib infeksiyasının törətdiyi çox ciddi yoluxucu – pnevmoniya, sepsis, epiqlotit, septisemiya, septikli artrit, osteomielit, abses, perikardit, meningit xəstəliklərinə qarşı immunitet yaradır.
Bir yaşa qədər uşağa 4 dəfə – doğum evində, 2 aylığında, 3 və 4-cü aylarında poliomielit damcısı verilir. Sonra 18 aylığında 5-ci peyvəndi alır. 5 peyvənd alan uşaqda poliomielitə qarşı immunitet yaranır və xəstəliyə yoluxmur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərə təkan verib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR