25 Dekabr 2024, Çərşənbə

İcbari tibbi sığorta işləyən və işləməyən əhalini əhatə edən sığorta sistemi olmaqla, bir növ həmrəylik prinsipi əsasında hər kəs üçün tibbi xidmətləri özündə birləşdirən bir layihədir. Müasir dünyada səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari sığortanın əsas məqsədi təkmil maliyyələşmə mexanizmləri əsasında əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir. Aparılan təhlillər göstərir ki, icbari tibbi sığortanın tətbiq edilməsi zamanı yaradılan nəzarət mexanizmi səhiyyə xidmətləri sahəsində keyfiyyətin tam təmin olunmasına, bu xidmətlərdən faydalanmaq istəyənlərin öz hüquq və öhdəliklərini başa düşməsinə, tibb işçilərinin məsuliyyətlərinin artırılmasına şərait yaradır ki, bu zaman insanlar istənilən vaxt dövlətin zəmanəti əsasında xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər.

İcbari tibbi sığorta sisteminin dünya üzrə təcrübəsinə nəzər salsaq, görərik ki, əksər inkişaf etmiş ölkələrdə xərclərin böyük hissəsi ya dövlət, ya da sosial sığorta qurumları tərəfindən ödənilməkdədir. Burada icbari tibbi sığorta fondları dövlət büdcəsi, işəgötürənlərin köçürmələri və işçilərin ödənişləri hesabına formalaşır. Tibbi sığorta ödənişi əməkhaqqı fondunun 13-14 faizini təşkil edir. Çoxkanallı maliyyələşdirmə sistemi səhiyyə maliyyəsi sahəsində zəruri zəmini hazırlayıb sabit inkişafın təmin olunmasına şərait yaradır. Bu cür mexanizm Almaniya, Fransa, Hollandiya, İsveçrə, Kanada və Yaponiyada daha uğurlu nəticələr vermişdir. 

Ölkəmizdə son illər ərzində həyata keçirilən sosial islahatların daha da dərinləşdirilməsi, həmçinin dünya sisteminə inteqrasiya icbari tibbi sığortanın tətbiq edilməsini şərtləndirməkdədir. Çünki bu tətbiqetmə əhalinin sosial müdafiəsinin təmin edilməsi formasıdır. Səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində “Tibbi sığorta haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunları, “İcbari tibbi sığortanın tətbiqi konsepsiyası”nın təsdiq edilməsi haqqında, “İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında”, “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları mühüm hüquqi-iqtisadi baza formalaşdırmışdır.
Qeyd etmək lazımdır ki, “İcbari Tibbi Sığorta” haqqında qanun 20 il əvvəl qəbul olunmasına baxmayaraq, müəyyən səbəblərə görə tətbiq edilməmişdir. Sonralar isə ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən icbari tibbi sığortanın tətbiq edilməsi pilot layihələr formasında Yevlax, Mingəçevir, Ağdaş və Naxçıvanda həyata keçirilmişdir. 2020-ci ildən isə bütün ölkə ərazisində rəsmi surətdə həyata keçirilməyə başlanılmışdır.

Muxtar respublikada icbari tibbi sığorta istiqamətində ilk addım Ali Məclis Sədrinin müvafiq fərmanı əsasında 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Bundan sonra ilk olaraq 2017-ci ilin may ayında Sədərək, 2019-cu ilin yanvar ayında Şərur, iyul ayında Kəngərli, noyabr ayında Şahbuz, dekabr ayında isə Ordubad və Babək rayonlarında icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Bununla əlaqədar olaraq artıq bu rayonların mərkəzi xəstəxanaları publik hüquqi şəxs statusu almış, onların işçilərinin aylıq vəzifə maaşları artırılmışdır. Mərkəzi xəstəxanalarda yeni tibbi avadanlıqlar quraşdırılmış, bilikli və təcrübəli həkim-mütəxəssislər işə cəlb olunmuşdur.
Şübhəsiz ki, ölkəmizdə bu ildən başlayaraq geniş tətbiq olunan icbari tibbi sığorta sisteminin muxtar respublikada da fəaliyyəti üçün lazımi şərait mövcuddur. Ötən dövrdə həyata keçirilən pilot layihələrin ilk məkanlarından birinin muxtar respublika olması da bu istiqamətdə mühüm təcrübə əldə edilməsindən xəbər verir. Belə ki, müxtəlif xidmətlərin müvafiq bölmələr üzrə elektron qaydada həyata keçirilməsi və vahid məlumat bazasında toplanması həm müraciəti qeydə alanlar, həm də müraciət edənlər üçün prosedurları xeyli sadələşdirir. Tibbi sığortanın əsas xidmətlər bazasına isə müasir dünya təcrübəsi əsasında ən kiçik xidmətlərdən tutmuş, təcili yardım, peyvəndlər, ilkin səhiyyə xidməti, laborator müayinələr, cərrahiyyə əməliyyatları, əhalinin ixtisas həkiminə qədərki müayinəsi, tibbi göstərişlərə əsasən müvafiq ixtisas həkimlərinə və əlavə müayinələrə göndərilməsi, ambulator xidmət təminatı, stasionar müayinə, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, hamiləlik və doğuş xidməti, ciddi dispanser müşahidə və sair daxildir.
İcbari tibbi sığortanın tətbiq edilməsi gələcəkdə xeyli imkanlar və müsbət nəticələr vəd etməkdədir. İlk növbədə, dövlət büdcəsindən asılılığın aradan qalxması deməkdir ki, bu da maliyyə sabitliyinin qorunması üçün vacib şərtlərdən biridir. Məlum olduğu kimi, muxtar respublikanın 2020-ci il üçün təsdiq edilmiş büdcəsində səhiyyə xərcləri orta hesabla 13 milyon 700 min manat nəzərdə tutulub ki, bu xərclər xəstəxanaların və səhiyyə sahəsində müəyyən olunmuş proqramların maaliyyələşdirilməsinə yönəldiləcəkdir. Bunu ötən illə müqayisə etdikdə xərclərdə orta hesabla 84 faiz azalmanın şahidi ola bilərik ki, bu da cari ildən başlayaraq icbari tibbi sığortanın tətbiqi ilə əlaqədardır. Digər tərəfdən tibb işçilərinin maaşlarının artımına səbəb olmaqla yanaşı, əhalinin sağlamlığının təmin olunması, vaxtaşırı müayinədən keçirilməsi və onların sosial rifah hallarının yaxşılaşmasına kömək edəcəkdir. Gələcəkdə xarici ölkələrə müalicə üçün gedənlərin sayının əhəmiyyətli dərəcədə azalacağı ehtimalları, səhiyyə sistemində mərkəzləşdirilmiş idarəetmə sistemlərinin yaradılması, məlumat bazalarının təkmilləşdirilməsi də icbari sığortanın tətbiq edilməsinin yaradacağı əlavə imkanlardandır. Daha bir mühüm faktor kimi icbari tibbi sığorta işəgötürənlər və müəssisələrin sağlam işçi potensialına sahib olmaları deməkdir ki, bu da hər sahibkarın nail olmaq istədiyi əsas məqsədlərdən biri kimi onların bu proseslərə marağını stimullaşdıracaqdır.
Bu və ya digər müsbət amilləri nəzərə alaraq əminliklə deyə bilərik ki, icbari tibbi sığortanın tətbiq olunması muxtar respublikada səhiyyə sisteminin son texnoloji imkanlar və vasitələrlə təchiz olunması, ixtisaslı tibbi personalın formalaşması ilə yanaşı, əhali sağlamlığının müdafiəsi istiqamətində də yeni imkanlar açacaqdır.

Eltun İBRAHİMOV
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR