22 Dekabr 2024, Bazar

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində xroniki böyrək çatışmazlığının müalicəsində müasir üsulların tətbiqinə dair elmi-praktik seminar keçirilmişdir.
Mərkəzin baş həkiminin müalicə işləri üzrə müavini Zaur Həsənov tədbiri giriş sözü ilə açaraq dünyada xroniki böyrək çatışmazlığı ilə xəstələnmə hallarının durmadan artdığı bir dövrdə müasir müalicə üsullarının tətbiqinə daha geniş yer verilməsinin zərurətə çevrildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, hazırda bir sıra ölkələrdə hər 1 milyon nəfərdən 800-1400-ü xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Onlardan 250-750 nəfərinə hemodializ müalicəsi tətbiq edilir. Dializ böyrək çatışmazlığının əsas əvəzedici üsulu olub, xəstənin həyatının xilas edilməsinə, ömrünün uzadılmasına və səhhətinin yaxşılaşmasına xidmət edir.

Ölkəmizdə dializ yardımının təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilir. 2006-cı ildən “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın qəbulu ilə əlaqədar xəstələrin dövlət təminatı hesabına ixtisaslı müalicəsi və dərman təchizatı mümkün olmuşdur. Hazırda respublikamızın 22 dializ mərkəzində 1600-dən artıq xəstə dövlət vəsaiti hesabına dializlə təmin olunur. 
Tədbirdə vurğulanmışdır ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi funksional və başqa tədqiqat metodlarından istifadə etməklə müayinəni həyata keçirən aparıcı tibb müəssisəsi rolunu oynayır. Hazırda burada 10, Naxçıvan Muxtar Respublika Xəstəxanasında 3, Ordubad Rayon Mərkəzi Xəstəxanasında 2, Culfa Rayon Mərkəzi Xəstəxanasında 2, Şərur Rayon Mərkəzi Xəstəxanasında 3 dializ cihazı fəaliyyət göstərir. Bu günlərdə açılışı olacaq Babək Rayon Mərkəzi Xəstəxanasında da 2 dializ aparatı tibbi heyətin istifadəsinə veriləcəkdir.
Bildirilmişdir ki, muxtar respublikamızda yaşayan 77 xəstənin 53 nəfəri Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində hemodializ müalicəsi almaqdadır. İl ərzində, əlavə olaraq, muxtar respublika qeydiyyatında olmayan və ya bura qonaq gəlmiş 42 xəstəyə dializ müalicəsi həyata keçirilmişdir. Bütövlükdə, ilin əvvəlindən bəri Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 4823 hemodializ seansı aparılmışdır. Hazırda xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramının icrası mərkəzdə uğurla davam etdirilir.
Sonra Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Hemodializ şöbəsinin müdiri Mustafa Əliyev xroniki böyrək çatışmazlığının müalicəsi barədə məruzə etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR