Son illərin quruculuq ünvanlarından biri olan Culfa Rayon Mərkəzi Xəstəxanasında əhalinin müayinə və müalicəsi üçün lazımi şərait yaradılmışdır. Müasir tibbi avadanlıqların quraşdırıldığı, zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət 50 çarpayılıq xəstəxanada hazırda 26 həkim, 56 tibb işçisi çalışır. Xəstəxanada Stasionar, Poliklinika, Təcili yardım şöbələri fəaliyyət göstərir. Burada həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğuş və ginekologiya, cərrahiyyə, terapiya bölmələri vardır. Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə bölməsi yeni sahələrdən biridir. Bölmənin müasir cərrahi avadanlıqlarla təchiz edilməsi xəstələrin rayondan kənara getmədən, elə bu səhiyyə müəssisəsində müalicələrinə imkan verir.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin cərrahları burada yaradılmış şəraitdən səmərəli istifadə edərək indiyədək 10-dan çox müxtəlif cərrahi əməliyyat həyata keçirmişlər. Növbəti əməliyyatlar isə ötən şənbə günü keçirilmiş, bir gündə 20 xəstə müayinə olunaraq onlardan 6 nəfəri üzərində cərrahi əməliyyat aparılmışdır. Bu əməliyyatlar Diaqnostika-Müalicə Mərkəzinin cərrahları Abasət Hüseynəliyev, İsa Abdullayev, Şahin Məmmədli, Nazim İbrahimov, anestezioloq Ənvər Şıxəliyev və əməliyyat blokunun tam heyəti tərəfindən icra olunmuşdur. Əməliyyat olunan xəstələr – İntiqam Əliyev, Zakir Həbibov, Günay Hüseynova birgünlük müşahidədən sonra evlərinə buraxılmışlar. Həmin gün Yaycı kəndindən aztəminatlı Rzayevlər ailəsinin 2 övladı üzərində də cərrahi əməliyyatlar aparılmışdır. Uşaqların nənəsi Solmaz Tağıyeva bu humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığının qorunmasına dövlət qayğısının parlaq ifadəsi kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti