Həkimlik çox çətin və şərəfli bir sənətdir. Bu sənət daima öyrənməyi, yeniliklər axtarmağı, araşdırmağı tələb edir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”.
Ömrünün çox hissəsini xalqın sağlamlığının keşiyində durmağa sərf edən, bilik və bacarıqlarını gələcəyin həkimlərinə aşılayan, daima yorulmaz elmi fəaliyyətlə məşğul olan dəyərli həkimlərimizdən biri də Naxçıvan Dövlət Universitetinin dosenti, tibb elmləri doktoru, “Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinin müdiri İsa Abdullayevdir.
Öz həyatını doğulduğu, boya-başa çatdığı Vətəninə sədaqətlə xidmət etməyə həsr edən İsa həkim ömür yolunda həyatın bütün çətinlikləri ilə rastlaşıb. Hətta 90-cı illərin sıxıntılı günlərində blokada şəraitində olan doğma Naxçıvanda yaşayışın bir sıra çətinlikləri belə, digər cəfakeş insanlar kimi, İsa həkimi də bu müqəddəs torpaqdan uzaqlaşdıra bilmədi. Həmişə yorulmadan, usanmadan, gecə-gündüz bilmədən çalışdı. Minlərlə xəstənin harayına çatdı, onlara şəfa verdi.
İsa Əli oğlu Abdullayev 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə kənd orta məktəbində təhsil alıb, məktəbi fərqlənmə ilə bitirmişdir. Elə həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1977-ci ildə institutu bitirdikdən sonra bir il müddətində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xəstəxanasının bazasında cərrahiyyə üzrə internatura kursu keçmiş və sonra Əziz Əliyev adına Naxçıvan Mərkəzi Uşaq Xəstəxanasında həkim-cərrah kimi əmək fəaliyyətinə başlamışdır.
1984-cü ildə müsabiqə yolu ilə Moskva şəhərində Lenin ordenli 2-ci Moskva Dövlət Tibb İnstitutunda əyani məqsədli aspiranturaya daxil olan həkim-cərrah, 1987-ci ildə Müalicə-profilaktika fakültəsinin Ümumi cərrahiyyə kafedrasında akademik V.M.Buyanovun rəhbərliyi ilə “Kəskin destruktiv pankreatitlərin kriodestruksiya və pankreas axarının okklyuziyzasının birgə tətbiqi yolu ilə müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək “tibb elmləri namizədi” elmi dərəcəsi almışdır.
1987-1992-ci illərdə Ə.Nağıyev adına Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri, 1992-2004-cü illərdə isə Nəriman Nərimanov adına Naxçıvan Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-ordinator vəzifələrində çalışmışdır.
2004-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsində baş məsləhətçi-cərrah, 2007-2009-cu illərdə isə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışmışdır. 2009-cu ildən etibarən həmin mərkəzin Cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və hazırda bu vəzifədə çalışmaqdadır.
İsa Abdullayev təkcə həkim-cərrah kimi yox, eyni zamanda uzun illərdir, elmi-pedaqoji fəaliyyəti ilə də fərqlənən ziyalılarımızdandır. 2003-cü ildən Naxçıvan Dövlət Universitetinində baş müəllim kimi pedaqoji fəaliyyətə başlayan İsa həkim hazırda Tibbi klinik fənlər kafedrasının dosentidir.
Yorulmaz elmi fəaliyyətlə məşğul olan İsa həkim bu günədək müxtəlif yerli və xarici nəşrlərdə yayımlanan 140-dən çox elmi və elmi-kütləvi məqalənin, 2 metodik vəsaitin, 1 monoqrafiyanın, 15-dən çox səmərələşdiricı təklifin müəllifidir.
2005-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və “Azərbaycan Cərrah və Qastroenteroloqları Assosiasiyası”nın orqanı olan “Cərrahiyyə”, 2020-ci ildən isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanı olan “Sağlamlıq” elmi-praktik jurnallarının redaksiya şurasının üzvüdür.
İsa Abdullayev 2016-cı ildə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasında professor Ç.M.Cəfərovun və professor Ş.B.Quliyevin rəhbərliyi ilə “Peritonitlərin kompleks müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə ona “tibb elmləri doktoru” elmi dərəcəsi verilmişdir.
2001-ci ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunan İsa həkim, 2008-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adı, 2009-cu ildə isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə dəqiq və təbiət elmləri üzrə “İlin alimi” fəxri adına, 2015-ci ildə isə Fəxri fərmana layiq görülən İsa həkim, 2018-ci ildə “Avropa Nəşr Mətbuat Evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalı ilə təltif edilmişdir.
İsa həkim çox gözəl və qayğıkeş ailə başçısıdır. 2 oğlu və 1 qızı vardır. Qızı Məlahət xanım İsa həkimin şərəfli sənətinin davamçısıdır.
İsa həkim, demək olar ki, hər il yay aylarında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin kollektivi ilə birlikdə qardaş Türkiyə Respublikasının universitetlərində keçirilən yay istehsalat təcrübələrində çox həvəslə iştirak edir. O, öz təcrübələrini daha da artırmaq üçün səy göstərir, mütəmadi olaraq cərrahi əməliyyatlarda iştirak edir, öz biliklərini həmkarları ilə paylaşır.
Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətə başladıqdan sonra onlarla həkim-cərrahın yetişməsində gərgin əməyi olan İsa həkim təkcə dərslərdə yox, dərsdənkənar vaxtlarda belə, tələbələri xəstəxanaya, əməliyyatlara cəlb edir, onların yetişməsi üçün öz bilik və bacarıqlarını paylaşır, onlara hər zaman qayğıkeş bir ata kimi yanaşır. O, fədakarlığı, qurub-qurub yaratmağı sevir, həyat həqiqətlərinə güclü inamı, nəcibliyi, mənəvi saflığı ilə seçilir.
65 illik ömür yolunu arxada qoyan, həyatının 50 ilinə yaxınını müqəddəs həkimlik sənətinə, elmi-pedaqoji fəaliyyətə həsr edən İsa həkim həkim-cərrah hər zaman seçdiyi peşənin məsuliyyətini dərk edir, xəstələrlə təkcə həkim kimi yox, doğma insanları kimi rəftar etməyi bacarır.
İsa həkim sanki təkcə Hippokrat andı yox, həm də doğma Vətəninə, torpağına, insanlara sədaqət andı da içib. Dəyərli cərrah, elm adamı və zəhmətkeş müəllimimizi 65 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, uzun illər xalqın sağlamlığı keşiyində dayanması üçün ona möhkəm cansağlığı arzulayırıq.
Elsevər ƏSƏDOV
Naxçıvan Dövlət Universitetinin
Tibb fakültəsinin dekanı, dosent