22 Dekabr 2024, Bazar

Deyirlər, iki nemətin qiymətini əldən getmədən dəyərləndirmək çətindir: biri sağlamlıq, digəri isə gənclikdir. Gəncliyin getməsi, böyük mənada, zamanla əlaqəli olsa da, sağlam yaşamaq qismən öz əlimizdədir. Mütəxəssislərin də qeyd etdiyi kimi, sağlam insanın həyata baxışı, məsələyə münasibəti, hadisələrə reaksiyası, təhliletmə bacarığı daha əhatəli, dolğun şəkildə özünü göstərir. Məhz bütün bu xüsusiyyətləri nəzərə alanda insan üçün sağlamlığın necə vacib və ən üstün nemət olduğu ­qənaətinə gəlirsən. Bu baxımdan muxtar respublikamızda da hər bir insanın sağlamlığına xüsusi önəm verilir, bu istiqamətdə ardıcıl şəkildə məqsədyönlü işlər görülür. 

 Təsadüfi deyil ki, müstəqillik illərində Naxçıvanda səhiyyə infra­strukturu tam müasirləşdirilib, xəstəxana binaları, həkim ambulatoriyaları tikilərək sakinlərin istifadəsinə verilib, tibb ocaqları ən yeni avadanlıqlarla təchiz olunub, bacarıqlı kadrlar işə cəlb edilib. İnsanların sosial rifahının yüksəlməsinə əsaslanan, səhiyyə xidmətlərinin səmərəliliyini, keyfiyyətini xeyli artıran mütərəqqi addımlardan biri isə 2016-cı ildə atılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 aprel tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb, fəaliyyəti təmin olunub. Agentlik qısa zaman çərçivəsində diyarımızda icbari tibbi sığortanın tətbiqi məqsədilə əlverişli şəraitin formalaşması üçün lazımi tədbirlər görüb. Nəticədə, Ali Məclis Sədrinin müvafiq sərəncam və fərmanları ilə 2017-ci ildən etibarən əvvəlcə Sədərək rayonunda, sonrakı dövrlərdə isə muxtar respublikanın digər bölgələrində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bununla əlaqədar xəstəxanalarda lazımi avadanlıqlar quraşdırılıb, əhali ərazilər üzrə qeydiyyata alınıb, tibb ocaqlarında vahid məlumat bazası və server otağı yaradılıb və bu istiqamətdə digər tədbirlər həyata keçirilib...

Cari il yanvar ayının 1-dən etibarən muxtar respublikanın bütün ərazisində icbari tibbi sığorta tətbiq olunub. Naxçıvan Muxtar Respublikası Nazir­lər Kabinetinin 2020-ci il 28 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə xidmətlər zərfi” təsdiq edilib. Həmin xidmətlər zərfində icbari tibbi sığortanın tətbiqi ilə bağlı hansı yeniliklər nəzərdə tutulub? Sakinlər bu xidmətlərdən necə yararlana biləcəklər? Hər kəsi düşündürən bu və digər suallarla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə və sosial-iqtisadi təhlil şöbəsinin əməkdaşı Nazəni Rüstəmliyə müraciət edirəm. O bildirir ki, həmrəylik prinsiplərinə, insan amilinə əsaslanan sosial layihə – icbari tibbi sığorta hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində davamlı islahatlar nəticəsində tətbiq olunub. Əlbəttə ki, hazırlıq tədbirlərinin uzun müddəti əhatə etməsinin əsas səbəbi tibbi sığorta proqramının şərtlərindən və tələblərinə olan həssaslıqdan irəli gəlir. Araşdırdıqda aydın olur ki, icbari tibbi sığortanın tətbiq olunduğu bir sıra ölkələrdə bu sahə ilə bağlı hələ də müəyyən nöqsanlar mövcuddur. Ancaq muxtar respublikamızda səhiyyə sahəsinə göstərilən diqqət və qayğı nəticəsində proqramın qısa müddət ərzində tətbiqinə nail olunub, səmərəliliyi artırmaq üçün bir sıra mühüm işlər görülüb. Belə ki, rayonlarda fəaliyyət göstərən səhiyyə müəssisələrinin infrastrukturu yaxşılaşdırılıb, tibb ocaqları müasir standartlara cavab verən avadanlıqlarla təmin edilib, xəstəxanalara publik hüquqi şəxs statusu verilib və işçilərinin əməkhaqları 50 faiz artırılıb. İcbari tibbi sığortanın elektron qaydada həyata keçirilməsi üçün its.naxcivan.az internet saytı və “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb. Həmçinin agentlik əməkdaşları tərəfindən muxtar respublika əhalisi və tibb işçiləri mütəmadi olaraq məlumatlandırılıb, ayrı-ayrı rayonlarda görüşlər keçirilib, suallara aydınlıq gətirilib. Ötən günlərdə Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Yoluxucu Xəstəliklər Mərkəzi, Ağciyər Xəstəlikləri Dispanseri və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin icbari tibbi sığortaya cəlb edilməsi bu sosial layihənin əhatə dairəsini genişləndirməklə insanların səhiyyə xidmətlərindən daha səmərəli istifadəsinə geniş şərait yaradıb. Bundan başqa, müvafiq sərəncama əsasən “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin əməkhaqları fevralın 1-dən 50 faiz artırılıb. Bu da həm onların sosial vəziyyətlərinə, həm də tibbi xidmətlərin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Müsahibim deyir ki, yeni təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə xidmətlər zərfi”ndə tətbiq ediləcək tibbi xidmətlərin sayı 1525-dən 2550-yə çatdırılıb, eləcə də göstərilən xidmət üçün agentlik tərəfindən həkimə ödəniləcək vəsaitin həcmi də xeyli artırılıb ki, bu da həm vətəndaşın, həm də həkimin sosial rifahının yüksəldilməsinə hesablanıb. 2020-ci il yanvarın 1-dən etibarən vətəndaşların icbari tibbi sığortaya cəlb olunması ilə əlaqədar dövlətimiz tərəfindən agentliyin fonduna hər nəfərə görə illik 90 manat məbləğində vəsait ödənilib və sakinlər müvafiq tibbi xidmətlərdən tamamilə pulsuz yararlana bilərlər. Aprelin 1-dən isə rəsmi gəliri olan şəxslərin maaşından 2 faiz həcmində icbari tibbi sığortahaqqı tutulacaq. İşləməyən və rəsmi gəliri olmayan şəxslər icbari tibbi sığortahaqqı ödəmədən nəzərdə tutulan xidmətlərdən istifadə edə biləcəklər. Azərbaycan Respublikasının vətəndaşları, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığorta­olunan hesab edilir, onlar icbari tibbi sığorta proqramına daxil olan xidmətlərdən yararlana bilərlər. Müvafiq qanunvericiliyə uyğun olaraq əsgərlərə, istintaq təcridxanalarında saxlanılanlara, cəzaçəkmə müəssisələrində cəza çəkənlərə, eyni zamanda ölkəmizin Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan və müvəqqəti yaşayan şəxslərə bu sığorta şamil edilmir.
Nazəni Rüstəmli qeyd edir ki, icbari tibbi sığortadan istifadə edənlərin öz hüquq və vəzifələrini, səhhətlərində yarana biləcək problemlər zamanı nələr etməli olduqlarını, hərəkət qrafikini bilmələri vacibdir. Tutaq ki, hansısa ucqar kənddə yaşayan bir sakin tibbi müayinə və müalicə üçün müraciət etməyi qərara alırsa, o, şəxsiyyət vəsiqəsini mütləq şəkildə götürməklə həkim ambulatoriyasına (əgər rayon mərkəzində yaşayırsa, rayondakı mərkəzi xəstəxanaya, Naxçıvan şəhərində yaşayırsa, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına) gəlməlidir. Həmin tibb ocağında ilkin olaraq qəbul həkimi xəstənin müraciətinə baxaraq lazımi işləri həyata keçirir. Vətəndaşın şikayəti ixtisaslı həkimə müraciəti tələb edirsə, o, rayon mərkəzi xəstəxanasına yönəldilir, müayinə işləri aparıldıqdan sonra müalicə kursu müəyyən edilir. Ancaq müalicə və yaxud da əməliyyat şəraiti həmin xəstəxananın imkanları daxilində deyilsə, müvafiq tibb ocaqlarında lazımi xidmətdən yararlanması üçün xəstəyə göndəriş verilir. Bu zaman xəstə müalicəsi mümkün olan ən yaxın səhiyyə müəssisəsinə yönləndirilir ki, bu vaxt itkisini, əlavə xərcləri aradan qaldırmaqla həm vətəndaşın sosial rifahına, səhhətinə müsbət təsir edir, həm də rayon xəstəxanasında iş dinamikasını artırır, həkimlərin fəaliyyətini stimullaşdırır. Onu da qeyd etmək yerinə düşər ki, bütün rayon xəstəxanalarında müasir şərait qurulduğu üçün insanların sağlamlıqlarında yaranan problemlər çox vaxt elə oradaca həllini tapacaq. Lakin qeyd etdiyim kimi müraciətə uyğun olaraq istisna vəziyyətlər də nəzərə alınıb. Yeri düşmüşkən, onu da deyim ki, məlum olduğu kimi, icbari tibbi sığortaya keçilən bütün xəstəxanalarda agentliyin qeydiyyat məntəqələri yaradılıb və buna görə də göndəriş alan şəxs müvafiq xəstəxanada həmin məntəqəyə yaxınlaşıb qeydiyyatdan keçdikdən sonra aidiyyəti üzrə müraciəti təmin olunur. Əgər xəstənin səhhəti sadalanan hərəkət qrafikini yerinə yetirməyə imkan vermirsə, o zaman təxirəsalınmaz tədbirlər də görülür. Belə ki, bunun üçün təcili tibbi yardım maşınlarında da qeydiyyat bölməsi yaradılıb və bu da xəstənin vaxt itirmədən müayinə və müalicəsinin təşkilinə imkan verir.

Muxtar respublikada icbari tibbi sığortanın tətbiqindən sonra onlarla insan bu sosial xidmətlərdən istifadə edərək öz sağlamlıqlarına qovuşublar. Onlardan bir neçəsi ilə əlaqə saxlayıb fikirlərini öyrənirəm. Şərur rayonunun Qarahəsənli kəndində yaşayan Rafiq Məmmədov deyir ki, gərək həyatda hər bir işini vaxtında görəsən, atalarımız demişkən, bu günün işini sabaha qoymayasan. Ələlxüsus da bu sənin səhhətinlə bağlıdırsa. Ancaq, təəssüf ki, çoxumuz gəncliyimizə, cavanlığımıza arxalanıb sağlamlığımızla bağlı məsələlərə gec reaksiya verir, biganəlik göstəririk. Elə mənim özüm də bir neçə il əvvəl ürək nahiyəmdə az-az ağrılar hiss edəndə çox da əhəmiyyət vermədim. Əşi, ağrıdır da, keçib-gedər, – dedim. Ancaq zaman keçdikcə bu xoşagəlməz hal bitmədi, əksinə, ağrılarım daha da çoxaldı. Ötən ilin oktyabr ayında artıq səhhətimin kəskin şəkildə ağırlaşdığını hiss edərək həkimə müraciət etməyi qərara aldım. Rayon mərkəzi xəstəxanasından mənə bildirdilər ki, artıq bölgəmizdə icbari tibbi sığorta tətbiq olunub və mən səhhətimlə bağlı xidmətlərdən pulsuz istifadə edə biləcəyəm. Əvvəllər yaxın qohum-əqrəbadan bu barədə eşitsəm də, özüm bu xidmətlərdən hələ ki istifadə etməmişdim. Həkimin məsləhəti ilə şəxsiyyət vəsiqəmi təqdim edəndən sonra mənə Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzinə göndəriş verildi. Oktyabrın 7-dən 14-nə kimi iki dəfə əməliyyat olundum, özü də heç bir ödəmə etmədən. Xəstəxanada olduğum bir həftə ərzində həkimlər də, tibb işçiləri də yaxşı qayğıma qaldılar. Göstərilən xidmətlərdən çox razıyam. Artıq səhhətimdəki problem, demək olar ki, tamamilə aradan qalxıb. Ayda bir dəfə müayinəyə gedirəm. Düşünürəm ki, bir insanın sağlamlığından önəmli heç nə ola bilməz. Bir sakin kimi bu xeyirxah təşəbbüsü yüksək dəyərləndirir, dövlətimizə minnətdarlıq edirəm.
Culfa şəhər sakini, yaşı 70-ə yaxın olan Çiçək Qasımova da icbari tibbi sığortanın xidmətlərindən istifadə edib və göstərilən qayğıya görə razılığını bildirir. Deyir ki, cari il yanvarın 30-da səhhətimdə yaranan problemlərə görə rayonumuzun mərkəzi xəstəxanasına müraciət etdim və müayinə olunduqdan sonra aldığım göndərişə əsasən növbəti gün Naxçıvan Muxtar Respublika Xəstəxanasına yollandım. Heç bir ödəmə etmədən əməliyyat olundum və şükür ki, indi vəziyyətim normaldır. İcbari tibbi sığorta hər birimiz üçün olduqca əhəmiyyətlidir. Düşünəndə ki, ödəyəcəyin kiçik məbləğ hansısa bir insanın sağlamlığına, sosial vəziyyətinə, böyük mənada, müsbət təsir göstərəcək, o zaman belə gözəl, xeyirxah əməl sahibi olacağınla qürur duyursan. Var olsun dövlətimizi ki, belə zəruri əhəmiyyətə malik bir təşəbbüs irəli sürərək biz insanların qayğılarını xeyli azaldıb. Ahılyaşlı bir sakin kimi bu mütərəqqi addımı rəğbətlə alqışlayır, yaradılan şəraitə görə minnətdarlıq edirəm.
Göründüyü kimi, həmrəyliyə çağırış olan, “Hamı bir nəfər, bir nəfər hamı üçün!” prinsipinə əsaslanan icbari tibbi sığortanın tətbiqi artıq muxtar respublikamızda öz müsbət nəticələrini verməkdədir. Dünyanın inkişaf etmiş ölkələrində özünü tam olaraq doğrultmayan bu sosial layihənin uğurla reallaşması üçün hər cür şəraitin yaradılması, maddi vəsaitin çoxunun dövlətimiz tərəfindən qarşılanması, təbii ki, insanların hər birinə, onların sağlamlığına verilən böyük önəmdən irəli gəlir. Fikrimcə, biz vətəndaşlar da sağlamlığımızın dəyərini dərindən dərk edərək bu xeyirxah əməldə də birlik, bərabərlik nümayiş etdirməklə dünya səviyyəsində nümunəyə çevrilə bilərik...

P.S. Yazını hazırlayanda icbari tibbi sığortanın uğurlu tətbiqi ilə bağlı daha bir xəbər eşitdim. Belə ki, aldığım məlumata görə, bu günlərdə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində həkim Firdovsi Hüseynov və onun yüksəkixtisaslı komandası tərəfindən icbari tibbi sığorta göndərişi ilə gəlmiş 1961-ci il təvəllüdlü Babək rayon Sirab kənd sakini Söhrab Babayevin ürəyində koronar arteriyanın aorta koronar şuntlama əməliyyatı uğurla aparılıb. Əməliyyatdan sonrakı müalicə prosedurları həkimlərin nəzarəti altında təyinata uyğun davam etdirilir...

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR