Dünən “Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası” publik hüquqi şəxsində “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açıb. O, bu il Naxçıvan şəhərində icbari tibbi sığortanın tətbiqi ilə bağlı qarşıya qoyulan tapşırıqların və müvafiq sərəncamın icrası istiqamətində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə uğurla başlanılıb. Rayon mərkəzi xəstəxanalarında və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələrində agentliyin qeydiyyat məntəqələri yaradılıb və fəaliyyətləri təmin edilib. Əhalinin sığortalanması prosesi həyata keçirilib və müraciət edən şəxslərlə sığorta müqaviləsi bağlanılıb. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə mərkəzi xəstəxanalarda müvafiq şöbələr yenidən təşkil edilib, tibb müəssisələrində “Səhiyyə İnformasiya İdarəetmə Sistemi” yaradılıb, həkim ambulatoriyaları və feldşer-mama məntəqələri yenidən qurulub.
Vurğulanıb ki, müvafiq sərəncamlara uyğun olaraq Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına, Naxçıvan Muxtar Respublikası Doğum, Kardiologiya, Yoluxucu Xəstəliklər mərkəzlərinə, Ağciyər Xəstəlikləri Dispanserinə və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə publik hüquqi şəxs statusu verilib, tibb işçilərinin əməkhaqları əhəmiyyətli dərəcədə artırılıb. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərlə xidmətlər zərfi, sığorta haqları, sığortaçı, sığortaolunanların hüquqları, vəzifələri, sığorta hadisəsi zamanı sığortaolunanlara dəyən ziyanın ödənilməsi və onlara tibb müəssisələrində tibbi xidmət göstərilməsinin qaydaları daha da təkmilləşdirilib.
Sonra agentliyin Səhiyyə və sosial iqtisadi təhlil şöbəsinin əməkdaşı Ülviyyə Babayevanın və ümumi işlər üzrə baş məsləhətçisi Çilənay Qurbanlının mövzu ilə bağlı çıxışları dinlənilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi